Onlayn ictimai-siyasi qəzet
"Fransa kəşfiyyatının regiondakı fəaliyyətinin ifşa olunduğu haqqında yayılan məlumatların həqiqiliyinə şübhə etməmək üçün iki vacib məqam var. Birincisi, oktyabrda Prezident İlham Əliyev MDB xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşdə Fransanın regiondakı fəaliyyəti barədə danışmışdı. Böyük bir ehtimalla bu, Fransanın regiondakı kəşfiyyat fəaliyyətlərinin dinamikası haqqında Prezidentə məruzə olunan məlumatların siyasi leksikonla emalı idi. İkincisi, Fransa ambisiyalarını təmin etmək istəyirsə və Azərbaycan bu ambisiyaların qarşısında durursa, Paris Bakının regional genişlənmə siyasətinin vektorlarını zədələməyə çalışır".
Bu fikirləri Musavat.com-a siyasi şərhçi Aqşin Kərimov deyib.
Onun fikrincə, ortada geosiyasi maraqlar varsa, təbii ki, onun təmin edilməsini asanlaşdıran başlıca faktor kəşfiyyat fəaliyyətidir:
"Fransanın xaricdəki kəşfiyyat fəaliyyətlərinin başında Xarici Təhlükəsizlik Baş İdarəsi dayanır. Onun fəaliyyət istiqamətlərini və missiyasını bu başlıqlarla tanıtmaq olar.
- Antiterror fəaliyyəti,
- Kütləvi qırğın silahlarının yayılması və onların çatdırılmasının qarşısının alınması,
- Geosiyasət,
- Əks-kəşfiyyat,
- Kibertəhlükəsizlik.
Fransanın MDB məkanındakı kəşfiyyat fəaliyyətinin strukturu üzrə inanmıram ki, bütün məlumatlar açıqlanır, yayımlanan informasiyalar sadəcə bəzi məqamları əhatə edir.
Dərin bir baxışla nəzər yetirsək, söyləyə bilərik ki, Fransanın regiondakı kəşfiyyat məcrası Parisin daha böyük geosiyasi ambisiyalarına söykənir. Yəni burada bir yox, bir neçə ölkə hədəfə alınır və Paris hədəf nöqtələrini "səssiz ordu" ilə hücuma keçərək nişan alır. Amma Fransanın da izlərinə düşənlər az deyil, sözsüz ki, Azərbaycanla bu barədə strateji müttəfiqi Türkiyə və tərəfdaş ölkələr kəşfiyyat məlumatlarını mübadilə edir. Nəticədə Fransa ifşa edilirsə, onun masada Azərbaycanla razılıq əldə etməsi məcburiyyəti yaranır".
Nigar HƏSƏNLİ,
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ