İnsanlara hürriyət, millətlərə istiqlal!

“Özlərini şüvənliyə qoyub başlarını divara çırpmasınlar” - "keşiş qiyamı" Ermənistanı hara aparır?

 

“Paşinyan hakimiyyəti həqiqətən də pis dalana dirənib. Erməni toplumuna ciddi təsir göstərən bütün qüvvələr ona qarşı birləşiblər. Bir tərəfdən kilsə, digər tərəfdən Rusiyanın 5-ci kolonu, xarici diaspor təşkilatları və erməni lobbisi, Qarabağ separatçıları, bir sözlə, Ermənistanda toplumsal dəyişim yarada biləcək əksər qüvvələr “keşiş qiyamına” qoşulub və bu durum rəsmi İrəvanı olduqca çətin vəziyyətə salır. Açığı, hər an hər şey ola bilər və rəsmi Bakı bütün sürprizlərə hazır olmalıdır”.

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında belə deyib.

İrəvanı bürüyən “keşiş qiyamı”nı şərh edən Heydər Oğuz son zamanlar Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının həmsədri Murat Papazyanın Ermənistana gəlməsini və ard-arda radikal bəyanatlar verməsini Paşinyan üçün sonun başlanğıcı kimi qiymətləndirir:

“Bilirsiniz ki, Paşinyan əsas gücünü Qərb dövlətlərindən alırdı. Bu ölkələr arasında ona ən yaxın olanı isə Fransadır. Hətta ölkədə keçirilən seçkilərin taleyinin müəyyənləşdirilməsində erməni lobbisinin həlledici rola malik olduğu ABŞ da Ermənistana Fransa qədər təsir göstərə bilmir. Bunun səbəbi erməni lobbisinin ABŞ-dakı daha qüdrətli güc mərkəzləri ilə amansız rəqabətindən qaynaqlanır. Məsələn, yəhudi lobbisi ilə. Fransada isə erməni diasporu daha təsirli təzyiq imkanlarına malikdir və adətən onlar öz fəaliyyətlərini yaşadıqları ölkələrin maraqları ilə birləşdirirlər.

Fransız ermənilərinin ən güclü liderlərindən biri olan Murat Papazyanın bu mənada Paşinyan əleyhinə verdiyi bəyanatları, erməni toplumunu açıq şəkildə Rusiyanın ətəyindən bərk-bərk yapışmağa çağırması  təsadüfi deyil. Görünən budur ki, Fransa da Paşinyanın Azərbaycanla sülh danışıqlarına başlamasından məmnun deyil və öz missionerini aranı qatmaq üçün İrəvana göndərib”.

17f8394da49ede3ea714ad837d6d4b4b.jpg (102 KB)

Qlobal geosiyasi rəqabətdə Rusiyanı qarşısına almağa çalışan Fransanın bu mövqeyinin Ermənistanda yeni paradiqma yaratdığını bildirən siyasi şərhçi Parisin planı barədə danışdı: “Bilirsiniz ki, bütün ciddi strategiyaların iki mühüm mərhələsi olur: cari və perspektiv məqsədləri. Cari planda bir-biri ilə rəqabətdə olan güc mərkəzləri bəzən eyni məxrəcdə birləşir, ilkin hədəfə çatdıqdan sonra perspektiv plana keçirlər. Perspektiv planda bir-biri ilə amansız rəqabətə girir, ya biri digəri üzərində qələbə qazanır, ya da qarşılıqlı güzəştlə qəniməti bölüşdürürlər”.

Heydər Oğuz bu iki mərhələli strategiyaya nümunə olaraq İran İslam İnqilabını göstərdi: “Vaxtilə İran İslam Respublikası qurulanda dini qrupların da bu iki mərhələli strateji plandan məharətlə istifadə etdikləri məlumdur. Əvvəl İrandakı solçu, ateist və kommunistlərlə birgə hərəkata keçən Xomeyni tərəfdarları hakimiyyətə gəldikdən sonra öz müvəqqəti müttəfiqlərini tamamilə yox etmək yolunu tutdular. Beləcə, İranda topdağıtmaz hakimiyyət qura bildilər. Mümkündür ki, Paşinyan hakimiyyətindən istədiyini ala bilməyən Paris də Cənubi Qafqazda münaqişə ocağının getdikcə öləzləməsini öz imperialist siyasəti üçün təhlükə kimi görür və regionda lövbər salmaq naminə müharibə tərəfdarlarını qızışdırmağa çalışır. Bunu isə Fransada fəaliyyət göstərən erməni lobbiləri vasitəsilə həyata keçirir. Ümid edir ki, bu cari planda hədəflərini birləşdirdiyi Rusiya necə olsa, Ukraynada məğlubiyyətə uğrayacaq və məcburən öz qınına çəkiləcək. Nəticədə Cənubi Qafqazda imperializmin təzyiq alətinə çevrilən ermənilər və Ermənistan tamamilə onun himayəsi altına keçəcək”.

Paşinyan hakimiyyətinin bu keşməkeşli imtahandan uğurla çıxmasının təkcə Azərbaycan üçün deyil, bütün region üçün faydalı olacağını düşünən Heydər Oğuz, bununla belə, digər ehtimalların da rəsmi Bakı üçün ciddi əhəmiyyət daşımadığına inanır: “Sirr deyil ki, Ermənistan Cənubi Qafqaz regionunda strateji dərinliyi olmayan yeganə dövlətdir. O, nə Azərbaycan kimi Orta Asiyaya açılan qapı rolunu oynaya bilər, nə də Gürcüstan kimi Avropaya çıxışı olan ölkədir. Bu xarakteri ilə Ermənistan Cənubi Qafqazın dalanı sayılır. Geostrateji əhəmiyyət qazanmaq üçün ilk  növbədə özü bu dalandan çıxmalı və qlobal layihələrə qoşulmalıdır. Əslində Paşinyan da Ermənistanın bu zəifliyini aradan qaldırmaq istəyir. Di gəl ki, nə Rusiya, nə də Fransa ona bu fürsəti vermək niyyətindədir. Sırf öz geosiyasi məqsədləri üçün Ermənistanı dalanda saxlamaq, mənasız süni gərginliklərlə Azərbaycana və Türkiyəyə təzyiq etmək məqsədi güdürlər”.

Ermənistanın digər strateji dayazlığının onun ərazisinin kiçikliyindən qaynaqlandığına diqqət çəkən Heydər Oğuza görə, ölkənin coğrafi mövqeyi hərbi strateji gücünü daha da azaldır: “Ermənistanın şərqindən qərbinə ən uzun məsafəsi 190-200 km-dir. Ölkənin cənub hissəsində bu məsafə 30-40 km-ə qədər azalır. Sözsüz ki, bu ərazi darlığı müharibə tərəfdarlarının hakimiyyətə gələcəyi təqdirdə, ölkəni Azərbaycan qarşısında çox zəif duruma düşürəcək. Üstəlik, ölkənin cənub-qərb hissəsində Naxçıvan kimi alınmaz qalamız yerləşir. Sədərəkdən Ermənistanın paytaxtı İrəvana cəmi 60 km-dir. Naxçıvanda yerləşdirilən müasir hərbi texnikalar Ermənistanın paytaxtından tutmuş Mehriyə qədər bütün cənub hissəsini tam nəzarət altında saxlaya bilər. Azərbaycanın digər rayonlarındakı hərbi strateji üstünlüklər də bizim xeyrimizədir. Bu mənada istənilən dövlətin Ermənistana hərbi yardımı sözügedən üstünlüyü onların xeyrinə dəyişə bilməz”.

Həmsöhbətimizin iddiasına inansaq, Cənubi Qafqazın digər strateji əhəmiyyəti təbii sərvətləri, xüsusilə enerji ehtiyatı ilə əlaqədardır: “Bəllidir ki, Avropa ölkələrinin Rusiyaya embarqolar tətbiq etdiyi indiki zamanda “qoca qitə”nin enerji təchizatında Azərbaycan önəmli yer tutur. Ölkəmiz təkcə enerji resursları ilə yox, həm də enerji marşrtutu olmaq imkanları ilə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Qazaxıstan, Türkmənistan nefti, qazı Azərbaycan üzərindən Avropaya daşınır. Yaxın gələcəkdə bu marşrut üzərindən daha çox enerji nəqli planlaşdırılır”.

Azərbaycanın enerji potensialının təkcə karbohidrogen ehtiyatları ilə məhdudlaşdmadığına diqqət çəkən siyasi şərhçi təbiətin bizə daha böyük zənginliklər bəxş etdiyinə inanır: “Söhbət gələcəyin enerji olan alternativ enerji mənbələrindən gedir. Bilirsiniz ki, Azərbaycan xüsusilə günəş və külək enerjisini elektrik enerjisinə dönüşdürəcək layihələr üzərində işləyir. Böyük Qafqaz dağlarının bizə qazandırdığı külək enerjisi baxımından Azərbaycan heç vaxt tükənməyəcək güclü resurslara malikdir. Əvvəla, məlumdur ki, külək aşağı hava kütləsinin yuxarı hava kütləsi ilə qarşılıqlı güc mübadiləsi nəticəsində yaranır. Havanın temperaturu artdıqca hava kütləsi genişlənir və yüngülləşir. Nəticədə isti hava ilə sərin hava yerlərini dəyişir. Beləcə külək meydana gəlir. Azərbaycan ərazilərinin 60%-nin dağlardan, 40%-nin arandan ibarət olduğunu nəzərə alsaq, ölkəmizin külək meydana gətirmək üçün münbit şəraitə malik olduğunu anlaya bilərik.

Digər tərəfdən Azərbaycan Yer kürəsinin 44 və 52 dərəcə şərq uzunluq dairəsində yerləşir. Küləklər də adətən 30-60 dərəcə uzunluq dairəsində əmələ gəlir. Yəni dünyanın ən təlatümlü nöqtəsində bulunuruq. Üstəlik, ölkəmizin Böyük Qafqaz dağları ilə “çəpərlənməsi” kənarda meydana gələn küləklərin rahatlıqla Azərbaycana keçməsinə mane olur. Nəticədə küləklər toplanıb Qafqaz sıra dağlarının şərq hissəsindən Abşeron yarımadasına keçir. Beləcə, təbiət bizi külək trubinlərini hərəkətə gətirmək üçün ideal hesab olunan küləklər məmləkətinə çevirir.

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinə inansaq, Azərbaycanda külək enerjisi potensialına görə, Cənubi Qafqazın ən zəngin dövlətidir. Agentliyin 2021-ci ildə hazırladığı hesabatda bildirilir ki, Azərbaycanda külək enerjisinin qoyuluş gücü 66 meqavat təşkil edir. Gürcüstanda bu göstərici 21 meqavat, Ermənistanda isə 3 meqavat təşkil edir. Ümumilikdə Azərbaycanın ofşor (dənizdə) zonasında 154 qiqavat həcmində külək enerjisinə malik olduğu bildirilir. Quruda meydana gələ biləcək enerji potensialımız belə, Cənubi Qafqazın digər ölkələrinin ümumi gücündən dəfələrlə çoxdur - 135 qiqavat. Mən hələ günəş enerji potensialımızdan danışmıram”.

Azərbaycanın bu qədər böyük potensialı ilə müqayisədə Ermənistanın cəmi 3 qiqivat külək enerji ehtiyatına sahib olmasını İrəvanın strateji əhəmiyyətini daha da azaldığını bildirən həmsöhbətimiz qeyd etdi ki, “nankor qonşumuzun bu potensialından faydalanması üçün də bizdən asılılığı” da var: “Erməni mütəxəssislərinin etirafına görə, bu potensialı real gücə çevirmək üçün kommunikasiya əlaqələri açılmalıdır. “Keşiş qiyamçı”ları isə məhz buna qarşı mübarizə aparırlar. Üstəlik, enerji hasil edən trubinlərin qurulması üçün də yolların açılması lazımdır.

Ermənilər üçün ən böyük şanssızlıq isə ondan ibarətdir ki, özlərinə məxsus külək enerjisi potensialı hesab etdikləri mənbələrin bəziləri əslində Azərbaycan əraziləridir və onların bir çoxları artıq işğaldan azad olunub. Məsələn, erməni mütəxəssisləri qeyd edirlər ki, əsas külək enerjisi istehsal etməyə yararlı 3 bölgədən biri Biçənək aşırımında yerləşir. Biçənək aşırımı isə Naxçıvan ərazisində yerləşir. Digər məkan Zod kəndi əraziləridir ki, o kəndi də 2022-ci ildə işğaldan azad etmişik. Bu durumda Ermənistanın əlində külək enerjisinə yararlı tək məntəqə qalır - Türkiyə və Gürcüstan sərhədləri yaxınlığındakı Qaraxaç aşırımıdır. Vaxtilə Gürcüstanla şimal-qərbi Ermənistan arasında əsas keçid nöqtələrindən olan bu aşırım indi tamamilə istifadəsiz hala düşüb və onu yenidən həyata qaytarmaq üçün böyük vəsaitə ehtiyac var. Qaraxaç aşırımının küləyindən əldə edilən vəsaitin çəkiləcək xərci ödəyib-ödəməyəcəyi isə bilinmir. Bir sözlə, Ermənistan gələcəkdə də enerji sarıdan xaricdən asılı vəziyyətdə qalacaq və Qərb üçün iqtisadi sarıdan o qədər böyük əhəmiyyət daşımayacaq”.

image0.jpg (109 KB)

Bütün bu strateji üstünlükləri Azərbaycanı gələcəkdə də Aİ-nin ən mühüm tərəfdaşına çevirəcəyinə inanan Heydər Oğuz sonda bir maraqlı məqama da toxundu: “Sovet hakimiyyətinin qurulduğu illərdə ermənilər yenə özlərini indiki kimi şüvənliyə qoymuşdular. Moskva onları sakitləşdirmək və bu ölkədə sovet hakimiyyəti qurmaq üçün Azərbaycanın bəzi ərazilərini ermənilərə bağışladı. Baxmayaraq ki, o vaxt da faktiki olaraq Azərbaycana uduzmuşdular. Buna baxmayaraq, Moskvanın tərəfgirliyi nəticəsində sözügedən gərginlikdən qazanclı çıxdılar. Görünür, o vaxtdan ağızlarında şirə qalıb. Hesab edirlər ki, yenə özlərini “keşiş şüvənliyinə” qoysalar, havadarları bizimlə danışıb onları torpaqla mükafatlandıracaq və ya hansısa güzəştlə könüllərini alacaq. Azərbaycan bu arzuya düşənlərin ümidlərini gözündə qoymaq naminə 1 çınqılını, daşını, kəsəyini belə bundan sonra ermənilərə verməyəcəyini açıq bəyan etməli, son ərazisini almayanadək onlarla danışıqlar masasına oturmamalıdır. Bunun üçün Paşinyanı devirəcəklərsə, buyurub devirsinlər. Yenə on illərlə dalanda qalan onlar olacaq. Bizə naz edib öz başlarını divara çırpmasınlar. Bu həna o hənadan deyil”.

 

E.Məmmədəliyev,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR