Onlayn ictimai-siyasi qəzet
“Ermənistanın niyyəti sülh deyil. Sadəcə olaraq ABŞ-yə, Avropaya və bütün dünyaya özünü sülh göyərçini kimi göstərmək istəyir. Əgər Ermənistan sülh müqaviləsinin bağlanmasında maraqlı və səmimi olsaydı, 4 il boyunca atəşkəsi sülh anlaşmasına çevirərdi, ona verilən fürsətdən istifadə edərdi”.
Bunu Musavat.com-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karaüz deyib. General bildirib ki, Ermənistan ən uğurlu siyasi fəaliyyət dönəmində də Azərbaycanın mövqelərini atəşə tutub:
“Hər dəfə ordusunu silahlandırır, təxribat törədir. Bir yandan ABŞ-nin, digər yandan isə Avropanın dəstəyini almağa çalışır. Ən qıcıqlandırıcı şey isə Avropa İttifaqının müşahidə missiyasını Azərbaycanla şərti sərhədə gətirməsidir. Binokullarla Azərbaycan əraziləri izlənilir, daha sonra isə Azərbaycanın mövqeləri atəşə tutulur. Bu əməllərdə yaxşı niyyət yoxdur. Ermənistan 200 illik siyasətini davam etdirir. Ənənəvi olaraq başqalarının maşası olmağı davam etdirir. Fəqət Azərbaycan uzaqgörəndir, onun tələsinə əsla düşmür. Çünki Ermənistanın tək məqsədi var: Azərbaycanı hücüm edən, onun ərazisində gözü olan dövlət kimi dünyaya göstərmək istəyir.
XII Qlobal Bakı Forumu, yaxud da İğdır-Naxçıvan qaz kəmərinin açılışının olduğu gün Azərbaycan torpaqlarına qarşı törətmiş olduğu cinayətlər qəbul ediləsi şeylər deyil. Ermənistanın tək you var, o da ağıllanmaq və uyğun hərəkət sərgiləməkdir. Əks halda başına ikinci dəfə dəmir yumruq dəyəcək”.
Generalın sözlərinə görə, son 4 il boyunca Ermənistanın döymədiyi qapı yoxdur:
”Azərbaycan və Ermənistan problemlərini yalnız özləri həll edə bilər. Azərbaycan da daima bunu deyir. Ermənistan isə arxasında bir “daydayı” olmadan bu görüşlərə qatılmaq istəmir. Qəbul etmir ki, ATƏT-in Minsk qrupu ölüb, 3-7 mərasimi çıxıb və onun halvası yeyilib. Ölünü diriltmək kiməsə fayda verməyəcək. Qoy Ermənistan ölüdən əl çəkib, Azərbaycanla qarşılıqlı dialoqa gəlsin. Eyni zamanda Ermənistan konstitusiyasında dəyişiklik etməli, Azərbaycana və Türkiyəyə qarşı torpaq iddiasından əl çəkməlidir. Böyük Ermənistan xəyalını qurub yaşasa, sülh də olmayacaq, başı da həmişə yumruqlu qalacaq.
Türkiyə də bu məsələdə Azərbaycanın ifadə etdiyi fikirləri dəstəkləyir. Həmçinin bildirir ki, Zəngəzur dəhlizi məsələsi həll olunmadan və sülh müqaviləsi bağlanmadan Türkiyə-Ermənistan sərhədi açılmayacaq. Bu mövzuda Azərbaycan və Ermənistan tək səs və tək nəfəsdir. Şuşa Bəyannaməsinə uyğun hərəkət bizim üçün önəmlidir. Türkiyə-Azərbaycan dostluğu bu gün də, sabah da əbədidir.
Avropaya isə sözüm budur ki, Şeyx Nəsrullahın diriltmə seansını etməsin. ABŞ və Avropa ölünü diriltmək yerinə sülhə dəstək olsun”.
Şahanə Rəhimli
Musavat.com
26 Mart 2025
25 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ