Onlayn ictimai-siyasi qəzet
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan xalqının Qərbi Azərbaycanda yaratdığı mədəni irs və abidələr” adlı tədbir, sərgi və “Nəsil ağacı” sənədli filmin təqdimatı keçirilib.
Tədbirdə Özbəkistanda yaşayan azərbaycanlılar, Qərbi Azərbaycan icmasının təmsilçiləri, qardaş ölkənin mədəniyyət, təhsil, ictimaiyyət xadimləri, universitetlərin tələbələri iştirak ediblər.
Filmin təqdimatından əvvəl Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində “Azərbaycan xalqının Qərbi Azərbaycanda yaratdığı mədəni irs və abidələr” adlı fotosərgi baş tutub. Fotoşəkillərdə Qərbi Azərbaycan ərazisində Azərbaycanın tarixi, dini abidələri, İrəvan, Göyçə, Zəngəzur, Dərələyəz və s. mahallarda xalqımız tərəfindən yaradılan mədəni irs nümunələri öz əksini tapıb.
Mədəniyyət Mərkəzinin konfrans zalında giriş sözü ilə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan xalqının əzəli Azərbaycan torpaqları olan Qərbi Azərbaycan ərazilərində min illərlə yaratdığı böyük mədəniyyət və mədəni irs nümunələri haqqında danışmış, ermənilərin böyük güclərin dəstəyi ilə bir əsrdə 4 dəfə Qərbi Azərbaycan torpaqlarından soydaşlarımızın deportasiya edilməsi və onların öz yurd yerlərindən qovulmasını tarixi ədalətsizlik olduğunu söyləyib. O, Azərbaycan Prezidentinin bu mövzuda etdiyi çıxışlardan sitat gətirərək bildirib ki, Qərbi azərbaycanlılar ağrı və acılarla müşayiət olunan dəfələrlə deportasiyaya məruz qalıblar. Onların hüquqları bərpa edilməli və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Biz bu hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və bütün beynəlxalq konvensiyalar bu hüququ tanıyır. Samir Abbasov sonda soydaşlarımızın gec-tez öz doğma yurdlarına qayıdacağına inamını da ifadə edib.
Daha sonra Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı mövzusuna həsr olunmuş və istehsalçısı “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi olan “Nəsil ağacı” sənədli filmin yaradıcı heyəti çıxış edib.
Filmin ssenari müəllifi Ayaz Mirzəyev və prodüser Elnur Niftəliyev filmin nümayişinin təşkilinə görə yaradıcı qrup adından minnətdarlıqlarınıbı bildiriblər.
Daha sonra “Nəsil ağacı” sənədli filmi nümayiş etdirilib. Qərbi Azərbaycanın qədim tarixi, etnoqrafiyası, mətbəxi, tanınmış şəxsiyyətləri və yaralı insan taleləri üzərində qurulan sənədli filmdə XX əsrdə hazırkı Ermənistan ərazisindən öz yurdlarından 4 dəfə kütləvi deportasiyaya məruz qalan azərbaycanlı əhalinin çətin və faciəli həyatı öz əksini tapıb.
Sonda çıxış edən Özbəkistanda Qərbi Azərbaycandan olan icma nümayəndələri azərbaycanlıların öz doğulduqları ata-baba yurdlarına qayıtmalarının onların haqları və hüquqları olduğunu qeyd edərək, min illərlə bu ərazilərdə yaşayaraq böyük bir mədəni irs yaratdıqlarını bildiriblər. Onlar tarixən bu ərazilərdə erməni millətçilərinin azərbaycanlılara məxsus abidələri dağıtmağı və izlərini itirməyə çalışsalar da buna nail ola bilmədiklərini qeyd edərək, Vətən torpaqlarına qayıdışa inandıqlarını söyləyiblər.
“Nəsil ağacı” sənədli filminin Özbəkistandakı nümayişi çərçivəsində sənədli filmin yaradıcı heyəti ilə Özbəkistan Jurnalistlər birliyində və Özbəkistan Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasında görüş keçirilib.
“Nəsil ağacı” filmi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Vətənimizə qayıtmaq istəyirik” adlı sənədli film layihəsi çərçivəsində hazırlanıb.
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ