İnsanlara hürriyət, millətlərə istiqlal!

Ov”-“yev”dən imtina etməməyimizin sirri – Veteran jurnalistin başına pəstəha gəlib

Həmvətənlərimizin ad-soyadlarından ibarət siyahılar (dərs jurnalları, seçici və namizəd siyahıları, təltif olunanlar, idman komandalarının heyətləri və sair və ilaxır) qarşıma çıxanda fikir verirəm və məyus oluram ki, 33 ildir müstəqil dövlətik, amma 95 faizimizin soyadı hələ də “ov”-“yev”lə bitir.

“Axı niyə belə olmalıdır?” “Biz niyə bu qədər tənbəlik, niyə soyadlarımızı milliləşdirmirik”, - deyə düşünürdüm. Bu günlərdə bunun sirrini çözmüşəm. Məsələ tənbəllikdə deyilmiş. Hətta soyad sonluğunu dəyişdirməyən insanların daha ağıllı olduğu qənaətinə gəlmək olar.

Onlar bu kiçik zəhmətə qatlaşmamaqla özlərini illər sonrakı böyük əziyyətə düçar etməkdən xilas edirlər. Məsələ ondadır ki, o bir neçə hərfə görə vətəndaşlarımızın başına oyunlar gəlir.
35 ildir tanıdığım veteran jurnalist Xeybər Göyyalı o vətəndaşlardan biridir.

Xeybər bəy mənə göndərdiyi yazıda qeyd edir ki, bu günlərdə ailəsinin yeni üzvünü yaşadığı ünvana daimi pasport qeydiyyatına saldırmaq üçün 4 saylı “ASAN xidmət” mərkəzinə gedib. Orada şəxsiyyət və mənzilin qeydiyyat vəsiqələrini üzləşdirərək bildiriblər ki, hüquqi aktı reallaşdıra bilməyəcəklər, çünki mənzilin qeydiyyat vəsiqəsində soyadı “İsmayılov”, şəxsiyyət vəsiqəsində isə “İsmayıl” yazılıb.

Heç demə, veteran həmkarımız son illərdə şəxsiyyət vəsiqəsini yeniləyəndə soyadını milliləşdiribmiş. Mənzilin qeydiyyat vəsiqəsi isə 1999-cu ilə aiddir.

Xeybər müəllim mərkəzin səlahiyyətli şəxslərindən birinə müraciət edib, o da bir neçə mötəbər mənbə ilə telefonla danışaraq şikayətçinin İsmayıl Xeybər Həmzə oğlu olduğunu dəqiqləşdirib. Bundan sonra o, Xeybər bəyin doğum şəhadətnaməsini istəyib. Çünkivəsiqəni dəyişəndə, rus demişkən, “metrika”da “İsmayıl” soyadının keçərli olması üçün müvafiq qeyd aparılıb və möhür vurulubmuş.

Beləliklə, bu problem həll olub. Aradan bir-iki gün keçəndən ağsaqqal həmkarımız yenə özünə iş artırıb, yenidən 4 saylı “ASAN xidmət” mərkəzinə eyni sənədləri - mənzilinin qeydiyyat vəsiqəsini, şəxsiyyət vəsiqəsini və doğum şəhadətnaməsini təqdim edib. Bu dəfə ona deyiblər ki, sənədlərin fərqlidir, bir-birinə uyğun gəlmir. Məlum olub ki, bəyin doğum şəhadətnaməsində atasının adı “Həmizə”, şəxsiyyət vəsiqəsində isə “Həmzə” yazılıb.

Bu da ona görə belə olub ki, ötən əsrin 50-ci illərində kənd sovetində işləyən və 4 sinif təhsili olan katib müəllimin atasının adını özü bildiyi kimi, “Həmizə” yazıb. Bax, bir dənə “i” (daha dəqiqi, kiril qrafikası ilə yazılan “и”) hərfi 70 ildən sonra həmkarımıza problem yaradıb. O, məmurlara nə qədər izahat etsə də, xeyri olmayıb. Xeybər bəy bu dəfə də sragün tanıdığı “köhnə tanış”ına – müdir məmura müraciət edib. O da kömək etməyə çalışıb, amma ortaya daha bir “uyğunsuzluq” çıxıb.

Bu da ondan ibarətdir ki, 1970-ci ildə Həmzə kişi oğlunun “Sevdimalıyev” soyadını dəyişdirib “İsmayılov” yazdırıb. Aparılan araşdırma köhnə doğum şəhadətnaməsinin “kötüyü”nü aşkar edə bilməyib. Elektron bazada yoxmuş. Niyə də olsun? O sənəd 54 il əvvəl yenilənib, möhür və ştampla təsqiqlənib və yəqin ki, köhnə “metrika” məhv edilib. Amma işə baxın ki, o “metrika” “Həmizə”nin əslində “Həmzə” kimi təsdiqlənməsi üçün lazım imiş.

Bax, beləcə, ağsaqqal jurnalist dilemma qarşısında qalıb. Özü yazmayıb, mən də dəqiq bilmirəm ki, o, soyadının sonundakı “ov”u atmağına peşmandır, ya yox. Amma onu dəqiq bilirəm ki, bir çox başqaları ondan əvvəl şəxsən mənə “nə qələt elədim, soyadımı dəyişdim” etirafları ediblər.

Xeybər müəllim qələmi, imzası olan jurnalist olduğuna görə başına gələn olaylara epiloq olaraq bir məzəli əhvalat da yazıb, belədir:

“Qubadlılılar danışır ki, sovet dönəmində el arasında RTS kimi tanınan müəssisədə işləyən mühasibin bir fəhlə ilə arası yoxmuş. Çünki fəhlə ona görüm-baxım etmirmiş. Bir gün mühasib yanvar günlərinin birində həmin fəhlədən ailə tərkibi haqqında arayış tələb edir və deyir ki, arayış bu gün gəlməlidir. Fəhlə ucqar dağ kəndində yaşayan adam olur, deyir, sabah gətirər. Mühasib təkid edir ki, yox, arayış bu gün gəlməsə, ilboyu ondan subaylıq vergisi tutulacaq. Əlacı kəsilən fəhlə 15-20 manatından keçir, qarlı-şaxtalı havada traktorla kəndlərinə gedir, arayışı alır, günortadan sonra mühasibə çatdırır. Mühasib arayışın ora-burasına baxır, birdən qayıdır ki, arayış səhv yazılıb. Fəhlə deyir: ”Nə səhv yazılıb, dayı?”. Mühasib deyir: “Bax, eşit, oxuyuram: ”Arayış verilir filankəsov filankəs filan oğluna. Ondan ötrü ki, onun ailə tərkibi altı nəfərdən ibarətdi”. Fəhlə deyir, dayı, düz yazıb da, biz ailədə altı nəfərik.
Mühasib “səhv”in nə olduğunu göstərir: ”O düzdür, amma “ibarətdi” yazıb, “İBARƏTDİR” olmalıdır, gərək aparıb dəyişdirəsən”.

Yazıq fəhlə təzədən dağ kəndinə getmək üçün traktor tutub”.

P.S. “ASAN xidmət”dən Xeybər Göyyallıya məhkəməyə müraciət etməyi məsləhət görüblər. Görünür, bu kələfi məhkəmə çözə bilər, ya da müvafiq qanunvericiliyə yeni bir düzəliş.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Dekabr 2024

30 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR