İnsanlara hürriyət, millətlərə istiqlal!

“Spayka” işi: Rusiya–Ermənistan arasında hüquqi qarşıdurma və Qarabağ izləri

Ermənistanın ən iri aqroixrac şirkətlərindən biri olan “Spayka” ətrafında yaranmış qalmaqal hüquqi çərçivədən çıxaraq beynəlxalq səviyyəyə keçib.

Musavat.com xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanları şirkətə qarşı açılmış cinayət işi çərçivəsində Ermənistan Baş Prokurorluğuna rəsmi hüquqi yardım sorğusu göndərib.

Bu, iki ölkə arasında iqtisadi maraqlarla hüquqi məsuliyyətin toqquşduğu növbəti hadisə kimi qiymətləndirilir.

Məsələyə səbəb olan əsas hadisə - Rusiyada bir aydan çoxdur bloklanan 100-dən artıq “Spayka” yük maşınıdır. Rusiya tərəfi bu addımı şirkətin maliyyə öhdəliklərini yerinə yetirməməsi ilə izah edir. Ermənistan Baş Prokurorluğu isə hüquqi yardım sorğusunun daxil olduğunu təsdiqləsə də, işin mahiyyəti barədə açıqlama verməyib.

“Spayka” adı Azərbaycan ictimaiyyətinə də tanışdır. Şirkətin yük maşınları 2023-cü ilin əvvəlində Qarabağa “humanitar yardım” adı altında göndərilən karvanların tərkibində sərhəddə uzun müddət dayanmış, faktiki olaraq Laçın istiqamətində siyasi nümayiş vasitəsinə çevrilmişdi. Həmin dövrdə karvanın Ermənistan hökumətinin səssiz dəstəyi ilə təşkil olunduğu iddia edilmiş, yük maşınlarının içərisinin isə humanitar yüklərdən çox siyasi məqsədlərlə istifadə olunduğu barədə çoxsaylı məlumatlar yayılmışdı.

Açıq mənbələrin məlumatına görə, “Spayka”nın hazırkı rəhbəri və əsas sahibi David Kazaryandır. Lakin şirkətin real sahibkarlıq strukturu barədə mediada uzun müddətdir ziddiyyətli məlumatlar dolaşır. Ermənistan mediasında dəfələrlə qeyd olunub ki, “Spayka” keçmiş prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyanla əlaqəli olub və müəyyən dövrlərdə onun maliyyə dayağı və logistik şəbəkəsi kimi fəaliyyət göstərib.

Bu kontekstdə bəzi müşahidəçilər hesab edirlər ki, Rusiyanın indiki istintaq addımı təkcə iqtisadi deyil, Ermənistanın daxili siyasi elitalarına da yönəlib. Şirkət həm də Ermənistanın Rusiya bazarından ciddi asılılığını göstərən simvolik nümunələrdən biridir: təkcə kənd təsərrüfatı məhsullarının ixracında deyil, həm də Rusiya ilə tranzit ticarətdə “Spayka” əsas oyunçulardan biridir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR