Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin yekununda Rusiya ABŞ-ı keçərək Norveçdən sonra Avropa İttifaqının ikinci qaz təchizatçısı olub.
Musavat.com xəbər verir ki, məlumatı Bruegel Avropa analitik mərkəzi açıqlayıb.
Mərkəzin hesabatına görə, Aİ xüsusilə Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) idxalını rekord həcmdə - 21 faiz artıraraq rekord həddə 21,5 milyard kubmetrə çatdırıb. Müqayisə üçün qeyd edən ki, 2023-cü ildə bu həcm 17,8 milyard kubmetr təşkil etmişdi.
Ötən il Rusiya qazının Aİ-yə tədarükünün ümumi həcmi təxminən 54,45 milyard kubmetr təşkil edib. Bu, ABŞ-ın Avropaya qaz ixracından (51,3 milyard kubmetr) çoxdur, lakin Norveçdən (93,3 milyard kubmetr) azdır. Beləliklə, Rusiya 2024-cü ildə Aİ ölkələrinin ikinci ən böyük qaz tədarükçüsü olub.
Amerika istiqamətindən (ABŞ və Trinidad və Tobaqo) Aİ-yə LNG tədarükü keçən il 18 faiz azalaraq 54,6 milyard kubmetrə düşüb. 2024-cü ildə Avropa tərəfindən ümumi LNG idxalı, Bruegel məlumatlarına görə, 113,6 milyard kubmetr təşkil edib ki, bu da 2023-cü ilə nisbətən 15 faiz azdır.
Avropa terminallarından Aİ qaz ötürmə sisteminə mayeləşdirilmiş təbii qazın (LNG) nəqli 2024-cü ildə əvvəlki illə müqayisədə 16 faiz azalmaqla 111,2 milyard kubmetr təşkil edib və 2021-ci ildən bəri ən aşağı göstərici olub.
Avropa Qaz Ötürmə Sistemləri Operatorları Şəbəkəsinin (ENTSOG) 29 dekabr 2024-cü il tarixinə olan məlumatlarına görə, 2024-cü ildə LNG tədarükü Avropa qaz mənbələri arasında pay baxımından birinci yeri tutub - 31,3 faiz. İkinci yerdə 26,1 faiz payla Şimal dənizindən tədarüklər (əsasən Norveç qazı), üçüncü yerdə 15,6 faizlə anbarlardan götürülən qaz gəlir.
Bu, Şərqdən (Rusiya qazı, Ukraynadan qaz tədarükü, eləcə də öz qazını Ukraynanın yeraltı qaz anbarlarından götürən Avropa şirkətləri) tədarük göstəricilərini (10,5 faiz) üstələyib. Şimali Afrikadan qaz tədarükü 9,4 faiz, Böyük Britaniyadan 3,6 faiz təşkil edib.
Musavat.com
06 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ