Onlayn ictimai-siyasi qəzet
Norveçin baş naziri Yonas Qar Styore Bakıda keçiriləcək COP29-da iştirakdan imtina edib. Rəsmi Oslonun Bakıda keçirilən iqlim sammiti istiqamətində atdığı son addımlara əsaslanan bu qərarında məntiq görmək çətindir.
Musavat.com xəbər verir ki, iyulun 18-də Oksfordda Avropa Siyasi Birliyinin IV Sammiti zamanı jurnalistlərlə söhbəti zamanı Norveçin baş naziri COP29-un Azərbaycanda keçirilməsini “ekoloji gündəliyin çox mühüm davamı” kimi təqdim etdi:
"Biz hamımız texnologiya və enerji sahəsində gördüyümüz işlərə sadiq olmalıyıq və bunu nəzərə almalıyıq. Norveç bu işdə iştirak edəcək",- o bildirdi.
Bundan əlavə, 2024-cü ilin sentyabr ayının son günlərində Şimali Avropa ölkələrinin səfirlikləri yerli “Kitabistan” platforması ilə birgə Azərbaycanda “NORDIC TALKS: The Nordic Green Model” təşəbbüsünü irəli sürüblər. Bu layihənin istiqaməti “bərpa olunan enerji mənbələrinə keçid və iqlim dəyişikliyi probleminin həllində Şimali Avropa ölkələrinin uğurlu təcrübəsinin mübadiləsi” olub. Qeyd olunub ki, “NORDIC TALKS” layihəsi digər məsələlərlə yanaşı, “iştirakçı ölkələrlə Azərbaycan arasında əlaqələri gücləndirmək, iqlim böhranının həllinə birgə yanaşmanı təşviq etmək” məqsədilə platformaya çevrilmək üçün hazırlanıb.
Hətta Norveçin ciddi portalı olan “businessnorway.com” da “Norveç biznes nümayəndə heyəti BMT-nin iqlim dəyişikliyi konfransı COP 29-da” başlıqlı məlumatı yerləşdirdi. Orada iqlim sammiti yaşıl keçidin problemləri və imkanlarının həlli üçün əsas forum kimi təsvir edildi.
Hələ iki gün öncə, oktyabrın 9-da “COP29-dan əvvəl və onun keçirildiyi dövrdə qeyri-rəsmi məsləhətləşmələr” çərçivəsində iqlim dəyişikliyinin təsirlərinin yumşaldılmasına dair Cənubi Afrika və Norveç hökumət üzvləri arasında aparılan danışıqlar haqqında məlumat verildi.
Belə olan halda Norveçin baş naziri Bakıda keçiriləcək iqlim konfransında iştirakdan imtina etməsinin paradoksdan başqa bir şey olmaması ilə bağlı əlavə şərhə ehtiyac varmı?
Onu da qeyd edək ki, Qərbi Avropa ölkələri arasında Norveç ən böyük təbii qaz və neft ehtiyatlarına malikdir. Ekspertlərin vurğuladığı kimi, neft-qaz sənayesinin ölkənin ÜDM-də payı 20%-dən, ixrac dividendlərində isə təxminən 50%-dən çoxdur.
Ona görə də Norveçin bugünkü və sabahkı çiçəklənməsi enerji resurslarının mövcudluğuna əsaslanır. Yeri gəlmişkən, bir neçə il əvvəl Norveç Barents dənizində qazma işləri üçün 125 yeni sahənin açılmasını təklif etmişdi.
Bir vaxtlar rəsmi Oslonun mis filizinin çıxarılması üçün Nussir mədən şirkətinə “yaşıl” işıq yandırdığını nəzərə alsaq, ekoloji problemlərə məhəl qoymamaq kontekstində təəccüblənmək nəyə lazımdı?! Hər il ağır metallarla çirklənmiş 2 milyon ton tullantıların dənizə atılacağı proqnozlaşdırılırdı. Belə ki, 2024-cü ilin əvvəlində Norveç hökuməti mədən tullantılarını fyordlara atmaq üçün icazə alıb.
2023-cü ili də xatırlaya bilərik, o zaman Baş nazir faktiki olaraq etiraf etdi ki, ekoloqların çıxışlarından asılı olmayaraq, Norveç öz sularında qara və göy qızılın çıxarılmasını inamla davam etdirəcək.
Bu xətt üzrə Oslo ətraf mühit şirkətlərinin etirazlarına əhməmiyyət verməyərək, enerji liderlərini Arktikada neft və qaz kəşfiyyatını gücləndirməyə çağırdı.
Halbuki Norveç ən azı Arktika dövləti kimi heç bir halda ətraf mühitin təmizliyi uğrunda mübarizədən kənarda qalmamalıdır.
Dəniz səviyyəsinin qalxmasına səbəb olan buzlaqların əriməsi, Arktika sularının neft məhsulları ilə çirklənməsi və s. kimi problemlərin həlli kontekstində səylər göstərilməlidir.
2019-cu ildə,Norveç Paris Sazişi çərçivəsində fəaliyyətə başlamağa hazırlaşarkən, ölkənin Statistika İdarəsi 2018-ci ildə ölkənin iqlim qazı emissiyalarının karbon qazı ekvivalentində demək olar ki, 53 milyon ton təşkil etdiyi barədə məlumat yayıb.
Bu, 2017-ci illə müqayisədə 200 min ton (0,4%) çoxdur . Ümumiyyətlə, görünüən o idi ki, hökumət neft siyasətini dəyişmədən formal olaraq Paris razılaşmasına əməl etməyə çalışır.
Dövrümüzün ən mühüm ekoloji aspektlərini müzakirə edən beynəlxalq konfranslarda Norveçin fəal iştirak etməsinin əsl vaxtıdır. Norveç baş nazirinin ətrafındakı insanlar iqlim dəyişikliyinin bütün planetə təsir etdiyini başa düşməyə bilməzlər. Bakı isə bütün dünyanı iqlim dəyişikliyinin ədalətli və iddialı maliyyələşdirilməsini təmin etməyə, iqlim dəyişikliyi ilə mübarizə üzrə ümumi öhdəliklər qəbul etməyə dəvət edir.
Norveçin Baş naziri isə anti-Bakı demarşı edir, görünür, ödənişlərdən yayınır.
Şahanə Rəhimli,
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ