Onlayn ictimai-siyasi qəzet
Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan Ordusunda dini radikalizmə qarşı mübarizəyə dair 2025-ci il üçün birgə tədbirlər planı imzalayıb. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
Nazirliyin silahlı qüvvələrinin birləşmə, bölmə və hərbi hissələrində, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində tədbirlərin keçirilmə yeri, vaxtı və məsul şəxslər müəyyən edilib. Belə ki, il ərzində hərbi qulluqçular azərbaycanşünaslıq ideyalarının inkişaf etdirilməsi, milli-mənəvi və mədəni dəyərlərin qorunub saxlanılması, radikal dini cərəyanlara və ekstremizmə qarşı mübarizə, eləcə də mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlığın gücləndirilməsinə yönəlmiş tədbirlərə cəlb olunacaqlar.
Söhbət dövləti daha çox narahat edən hansı problemlərdən gedir? Orduda ibadət əhli olan hərbçilər üçün şərait yaradılıbmı? Hərbi hissələrdə ibadət otaqları varmı? Qanunla nəzərdə tutulurmu?
Millət vəkili Fazil Mustafa deyir ki, bu sənəd əslində hansısa bir şəxsin və ya peşə mənsubunun ibadəti və inancı ilə bağlı məsələlərə aid deyil. Burada söhbət məhz dini radikalizmdən gedir.
Fazil Mustafa
“Orduda və hüquq-mühafizə orqanlarında bu istiqamətdə mütləq daimi işlər aparılmalıdır. İntensiv xarakter daşıyan planlı yoxlamalar getməlidir. Çünki ordu da, hüquq-mühafizə orqanları da həssas qurumlardır. Burada dövlətin maraqlarının qorunması çox önəmlidir.
Təbii ki, orduda və ya güc strukturlarında insanların inancına qarışmaq, ibadətinə mane olmaq kimi tendensiya Azərbaycanda yoxdur. Əsgər və zabitlərimiz bununla bağlı hüquqlarını həyata keçirə bilərlər. Lakin bu onların vəzifələrinin icrasına mane olmamalıdır. Ona görə də ibadət üçün hansısa maneə yoxdur. Radikalizmə isə imkan və fürsət verəcək düşüncə olmamalıdır. Müvafiq qurumlar Azərbaycanda radikalizmdən xüsusilə qorunur. İmzalanan sənəd və tədbirlər planı da bu istiqamətə yönəlib".
Ceyhun Məmmədov
Deputat, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bildirir ki, bu layihənin icrası uzun illərdir ki, davam edir. Hər il bu plan əsasında tədbirlər keçirilir: “Din böyük qüvvədir və təsiri genişdir. Azərbaycanda da insanların dinə meyl etdiyini, dindarların sayının artdığını görürük. Bu mənada dinin mənəvi dəyərlərindən, insanların şüuruna ciddi təsirini nəzərə alaraq belə iş birlikləri önəmlidir. Bu, təkcə Azərbaycanda deyil, Avropanın bir sıra ölkələrində də keşiş hərbçilərlə görüşür, fikir mübadiləsi aparır. Bu baxımdan belə tədbirlər bizim ordumuzun abu-havasına ciddi təsir göstərir. Dinimizə görə vətəni sevmək və qorumaq önəmlidir. Orduda dinə meyilli insanlarımız var, onları maraqlandıran sualların cavablandırılması məsələsi önəmlidir.
Bu gün orduda namaz və ibadətlə bağlı heç bir problem yoxdur. Orduda sistem və intizam qorunaraq hərbi hissələrimizdə hərbçilər üçün hər cür şərait yaradılıb. Davamlı olaraq ilahiyyatçılar hərbi hissələrdə olurlar və əsgərlərlə görüşürlər.
Bu, dinə kənar təsir və müdaxilələrin qarşısını alır. Biz əvvəlki dövrlərdə hansısa sektalar və təriqətlər tərəfindən bu cəhdləri görmüşük. Bunun qarşısının alınması baxımından da tədbirlər planı əhəmiyyət daşıyır".
Şahanə RƏHİMLİ,
Yeni Müsavat
14 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ