İnsanlara hürriyət, millətlərə istiqlal!

Orada “Kaliforniya ştatı Ermənistanın tərkib hissəsidir” yazılsaydı... - Blinkenə XATIRLATMA

ABŞ-nin müdafiə naziri Lloyd Ostin Ermənistanın müdafiə naziri Suren Papikyanı Pentaqonda qəbul edib.

Rəsmi məlumatda bildirilir ki, görüşdə ABŞ və Ermənistan arasındakı strateji əlaqələr müzakirə olunub. O da xatırladılır ki, bu münasibətlər çərçivəsində Ermənistan Müdafiə Nazirliyi ilə Kanzas Milli Qvardiyası arasında uzunmüddətli tərəfdaşlıq da mövcuddur.

Amerikalı nazir Papikyana xitabən “sizin ziyarətiniz tarixi əhəmiyyət daşıyır. Ermənistan ABŞ-a əlini uzadıb və bu gün sizi burada qəbul etməkdən qürur duyuram”, deyib. Həmçinin əlavə edib ki, “ABŞ suveren, müstəqil və firavan Ermənistanı dəstəkləyir və iki ölkə arasındakı münasibətlər daha da yaxınlaşmaqdadır”.

OSTİN.jpg (128 KB)

Belə... Bu o zaman baş verib ki, ABŞ-nin dövlət katibi Entoni Blinken ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən 31-ci iclasında Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş təşəbbüsü ilə çıxış edib. İndi adını siz qoyun, bu, nə diplomatiyadır, nə sülhməramlılıqdır, nə moderatorluqdur?

Ermənistanı, qonşusunun torpağını 30 il işğalda saxlayan, müharibə cinayətləri törədən, körpələri, qadınları, qocaları qətlə yetirən ölkəni hərbi cəhətdən yenidən gücləndirməyə çağırdığı vaxtda... Azərbaycana təklif edir ki, “gəlin, masa ətrafında sülhdən danışaq”. Bu, cinayətkarın öz əməllərini rahat həyata keçirməsi üçün ev sahibinin başını qatmağa bənzəyən plandır.

Qeyd edək ki, APA-nın diplomatik mənbələrdən aldığı məlumata görə, ABŞ dövlət katibi Entoni Blinken ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib. Blinken bu görüşün baş tutması üçün israrla vasitəçilik etmək istəyib.

Amma Blinken özünü növbəti dəfə yandırdı, alınmadı. Azərbaycan haqlı olaraq Bayden administrasiyasının bu gethagetdə “sülh göyərçini” obrazında görünməsi naminə irəli sürdüyü təşəbbüsü tamamilə haqlı olaraq əlinin arxası ilə geri itələdi.

Cari il ərzində Azərbaycan və Ermənistan XİN rəhbərləri həm də ABŞ-nin təşəbbüsü ilə bir araya gəlib, nəsə dəyişibmi? Yox. Elə Blinkenin “sülhməramlı” mövqeyinin nəticəsində Ermənistan Azərbaycanın İrəvana yolladığı təkliflərə 70 gündən sonra cavab verdi. Daha sonra da məhz ABŞ dövlət katibinin kabinetində 60 konqresmenin Azərbaycana qarşı sanksiyaların tətbiqinə dair müraciəti ortaya çıxdı. Sülh beləmi olur?

ABŞ prezidenti Co Bayden siyasi ömrünün qürub çağında Ermənistanla sülh müqaviləsinin imzalanması üçün canfəşanlıq edir, Bakıya göndərdiyi məktuba Prezident İlham Əliyevdən müsbət cavab almadıqdan sonra da ümidini üzməyib.

Amma Azərbaycanın dövlət başçısı sözünü deyib: Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları çıxarılmayınca, sülh müqaviləsinin imzalanması mümkün deyil!

İLHAMİ SON.jpg (55 KB)

Zəruri xatırlatma: Ölkə Konstitusiyasında istinad edilən Ermənistan Respublikasının SSRİ-dən rəsmən müstəqilliyini elan edən Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də Ermənistan Ali Sovetinin birinci sessiyasında qəbul edilib.

12 bənddən ibarət olan bəyannamənin preambulasında Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ İcraiyyə Komitəsinin “Ermənistan SSR-in və Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsi haqqında” 1989-cu il 1 dekabr tarixli birgə qərarı əsasında müstəqil Ermənistan Respublikasının hüquqi çərçivəsi müəyyənləşdirililib.

Ermənistanda bir neçə dəfə konstitusiya dəyişikliyi olsa da, Qarabağın Ermənistana birləşdirilməsi müddəasının yer aldığı Müstəqillik Bəyannamasinə istinad edilən maddələr dəyişdirilməyib. Məsələ bu qədər sadə, həm də mürəkkəbdir. Yarımçıq sülhü imzalamağa çağıran, canfəşanlıq edən Blinken, ya Baydenə ünvanlı sualımız budur:

Əgər Ermənistan Konstitusiyasında “Kaliforniya ştatı Ermənistanın tərkib hissəsidir və burada yaşayan ermənilər Ermənistan vətəndaşlarıdır”, yazılmış anormal bənd əksini tapsaydı, ABŞ rəhbərliyi Ermənistanla normal münasibətə səy göstərərdimi?! Əksinə, dünyanı Paşinyanın və bütün Ermənistanın başına yıxardı. Bəs görəsən, Blinken buna nə deyərdi? Qarabağda bir ovuc erməni yaşayırdı, amma ABŞ-də 1 milyon! Yaxud Kaliforniyada 200 min erməni var. Niyə okeanın o tayındaca ermənilər üçün dövlət yaratmırlar?! Odur ki, Azərbaycandan əl çəksinlər, uzaqda dayansınlar! Ermənistan cılız canı ilə Türkiyənin 6 vilayətinə iddia edir, Konstitusiyası, gerbi ilə. Hələ erməni havadarları kilsəyə gedib, xaç çevirsinlər ki, Türkiyə türk qardaşlarımız demişkən, “ansızın” – qəfildən Ermənistanın konstitusiyasını və gerbini onun gözünə qara eləmir. Həmçinin Azərbaycan hələ də dözür, 44 günlük müharibədən sonra səbrlə gözləyir ki, Paşinyan qanunvericiliyə düzəliş edəcək. Əbəs yerə Azərbaycanın Paşinyanla deyil, Ermənistanla sülh imzalayacağı bəyanatı verilməyib. Sabah qeyri-Paşinyan hakimiyyətdə olanda deyəcək mən Nikolun imzaladığı heç bir sənədi tanımıram, mənim üçün ölkə konstitusiyası əsasdır, onda Baydeni haradan tapacağıq?!

Digər tərəfdən, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Maltada ATƏT Nazirlər Şurasının iclasında çıxışında deyib ki, Ermənistan və Azərbaycan sülh müqaviləsinin mətninin preambulasını və 17 maddədən 15-ni razılaşdırıblar. Həmçinin qeyd edib ki, Ermənistan Bakı ilə münasibətlərin tam normallaşmasına yönəlmiş danışıqlarda konstruktiv iştirakını davam etdirir.

MİRZOYAN.jpg (66 KB)

Nazirin sözlərinə görə, iradə olarsa, sənədi tez bir zamanda yekunlaşdırmaq və imzalamaq olar. Bundan qabaq parlamentin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sazişin mətninin 90%-nin razılaşdırıldığını demişdi. Hələlik rəsmi Bakı faiz və rəqəmlərə reaksiya vermir, bəlkə də əsas məsələlərin razılaşdırılmadığı səbəbindən. Hər halda Mirzoyan bu bəyanatı səsləndirib və Blinken də şəxsən eşidib. Həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi razılaşma üçün tarixi fürsətin yarandığını dəfələrlə bildiriblər. Həmçinin qardaş Türkiyədən bənzər bəyanatlar eşidilib. Bu tarixi fürsət isə nə Vaşinqton, nə Brüssel, nə də digər paytaxtların masalarında əldə olunub, məhz Azərbaycan və Ermənistanın ikitərəfli formatda apardığı danışıqlar nəticəsində ərsəyə gəlib.

Azərbaycan Prezidenti danışıqların ikitərəfli formatda aparılması təşəbbüsünü irəli sürərkən onun nəticə verəcəyini əminliklə bilirdi, gözləntilər təsdiqini tapdı. ABŞ və digərlərinin həmsədrliyi, moderatorluğu, Vaşinqtondakı günlərlə davam edən görüşlərin nəticəsində nə Ermənistan öz xoşu ilə təcavüzə son qoydu, nə də sərhədlərin razılaşdırılması istiqamətində bir metr irəli getmək mümkün oldu. 12,5 km-lik sərhəd anlaşması məhz ikitərəfli formatın tarixi hadisəsidir. Görünür, bu gedişat Bayden administrasiyasını da Makron rejimi qədər narahat edirmiş, yoxsa “907”ni niyə masaya qaytarsınlar, “insan haqları və demokratiya” bəhanələri ilə niyə üstümüzə hücum çəksinlər? Nəticədə... daha 4 kəndin qaytarılması dondurulub, Paşinyan hətta ərazi bütövlüyümüzü tanıdığı halda, 4 anklav kəndi azad etməyə tələsmir, ABŞ-nin hərbi dəstəyi, Avropa İttifaqının yardımı sayəsində. Mənzərə gün kimi aydındır, Maltada oyun masası qurmağa nə ehtiyac var idi? Blinkenin ölkəsi Ermənistan ordusunun əlini gücləndirən addımlar atır, ikitərəfli “Eagle Partner” təlimlərinin ikinci mərhələsi də başa çatdırılıb.

EAQLE .png (811 KB)

Həmçinin bəyan edilib ki, ABŞ münasibətlərin gücləndirilməsi istiqamətindəki irəliləyişi davam etdirmək niyyətindədir. Beləcə Bayden administrasiyası son günlərini yaşasa da, Azərbaycanla bağlı qərəzli siyasətdən əl çəkmir, Azərbaycanla ABŞ münasibətlərini mümkün qədər gərginləşdirməyə çalışır. Heç şübhəsiz ki, bu, indiki prezidentin Tramp administrasiyası üçün problemlər yaratmaq siyasətinin tərkib hissəsidir. Yolları “minalamaq” istəyirlər ki, Tramp dövründə daim gərginlik yaşansın və Baydenə “rəhmət” desinlər. Amma Azərbaycan və onun rəhbəri hər kəsi yaxşı tanıyır, məhz bu cür siyasətinə görə Fransanın ardınca ABŞ da Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesindən və ümumilikdə sülh gündəliyindən uzaqlaşdırılıb. Sözünü deyib, Minsk Qrupu yoxdur, ölüb, separatçılığın tabutuna mismarlar vurulub, bir daha köhnə oyunları oynamaq istəyənlər uduzacaqlar! Bu mənada ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və İsveçrə səfirlərinin son bəyanatları da münasibətləri korlamağa xidmət edir. Yanlış yoldadırlar. Ərazilərimizin 20 faizi işğal altında olanda belə, bizimlə diktə dili ilə danışa bilmədilər, bundan sonra heç bir nəticə olmayacaq!

Xatırlayırıq, Qarabağ işğalda olarkən Prezident İlham Əliyev Avropa İttifaqı ölkələrinin səfirlərini qəbul edərkən demişdi ki, Azərbaycan bu qurumla ərazi bütövlüyümüzə hörmətlə yanaşılması halında normal münasibətlər qura bilər. Hətta o zaman qırmızı xəttimizi elan etmişdik ən yüksək səviyyədə, bu gün qalib ölkə və liderlə bu tonda danışmaq yersizdir, faydasızdır. Azərbaycanı Gürcüstanla səhv salmasınlar! Əks halda heç bir ölkənin səfiri Azəraycanda bu formada işləyə bilməz! Qırmızı xəttimizi keçmək istəyənlərə “qırmızı vərəqə” göstəriləcək! Baydenlərin, blinkenlərin, makronların yol üstə olduğu bir vaxtda biriləri Azərbaycanla körpüləri yandırmaqla əslində özlərini yandıracaqlar!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR