Onlayn ictimai-siyasi qəzet
Paşinyan Bakının tələblərini anlayır- Mirzoyan niyə inkar edir?
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan tərəfinin Ermənistan Konstitusiyasına dair iradlarına münasibət bildirib. O, Bakının bu məsələ ilə bağlı narahatlıq ifadə etdiyini təsdiqləyib, lakin İrəvanın bu tələbi qəbul etmədiyini vurğulayıb.
“Azərbaycan Konstitusiyanı dəyişdirməli olduğumuzu deyir və narahatlığını bildirir. Onlar burada özlərinə qarşı təhlükə görürlər. Biz isə bu şərti qəbul etmirik, çünki hər hansı problem olduğunu düşünmürük”, – deyə Mirzoyan qeyd edib.
Nazirin sözlərinə görə, Ermənistan özü 2018-ci ildən Konstitusiyanın dəyişdirilməsinə ehtiyac olduğunu bildirir. “Hazırda bu istiqamətdə fəaliyyət göstərən komissiya işini demək olar ki, başa çatdırıb. Böyük ehtimalla, 2026-cı ildə keçiriləcək parlament seçkilərindən sonra konstitusiya dəyişiklikləri ilə bağlı referendum təşkil olunacaq”, – Mirzoyan əlavə edib.
Əlbəttə ki, Ermənistan konstitusiyası dəyişməlidir. Orada nəinki Azərbaycana, həmçinin qardaş Türkiyəyə ərazi iddiası var. Bu, hətta dövlət gerbində də əksini tapıb – “Ararat” (Ağrı dağı) simvolu şəklində.
Bəs İrəvan niyə bu tələbi qəbul etmir və “problem görmür”? Bu məsələ Bakı-İrəvan sülh prosesini ləngidə bilərmi?
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb.
Politoloq Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə dəfə ölkə Konstitusiyasının artıq “işə yaramadığını” bəyan edib və yeni konstitusiya qəbul ediləcəyini vurğulayıb:
"Paşinyan yaxşı anlayır ki, mövcud konstitusiyanın preambulasında Azərbaycana qarşı ərazi iddiası əks olunub və bu müddəa çıxarılmadan sülh müqaviləsinin imzalanması mümkün deyil.
Böyük ehtimalla, gələn ilin iyun ayında keçiriləcək parlament seçkilərində Nikol Paşinyanın partiyası yenidən qalib gələrsə və Paşinyan baş nazir postunu qoruyub saxlayarsa, yeni konstitusiyanın qəbul prosesi də sürətlənəcək. Həmin konstitusiyada isə Azərbaycanın ərazi bütövlüyünə iddia yaradan bəndin çıxarılması gözlənilir. Çünki dediyimiz kimi, bu bəndin qalması sülh müqaviləsinin imzalanmasına əsas maneələrdən biridir.
Eyni zamanda, Paşinyanın davranışları göstərir ki, o, ABŞ prezidenti Donald Trampı da çətin vəziyyətə salmaq istəmir. Çünki bu prosesdə ABŞ-ın vasitəçilik rolu var və konstitusiyada dəyişiklik edilmədən atılacaq addımlar Vaşinqtonun diplomatik səylərini də zəiflədə bilər.
Bəs onda niyə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fərqli və ziddiyyətli açıqlamalar verir? Bu, birbaşa Paşinyanın taktiki planı ilə bağlıdır. Görünür, Paşinyan ümid edir ki, bəlkə Azərbaycan Ermənistanın yeni konstitusiyasını qəbul etməsini gözləmədən sülh müqaviləsini imzalayar. Halbuki Bakı bu mövqeyindən qətiyyən geri çəkilmir.
Azərbaycanın tələbi aydındır: əvvəlcə Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası ifadə edən bənd çıxarılmalıdır, yalnız bundan sonra sülh müqaviləsi imzalanmalıdır.
Mirzoyanın və digər erməni rəsmilərinin ziddiyyətli açıqlamaları isə əslində, Azərbaycanın mövqeyini, diplomatik çevikliyini və sülh prosesindəki prinsipiallığını “yoxlamağa” yönəlib. Lakin fakt budur ki, Bakı üçün əsas şərt dəyişməz qalır, əvvəl konstitusiya dəyişiklikləri, sonra sülh müqaviləsi".
Xalidə GƏRAY
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ