İnsanlara hürriyət, millətlərə istiqlal!

“OMON”un azərbaycanlıları niyə saxladığının səbəbi

Onların zorla müharibəyə göndərilməsi xəbəri təsdiqlənmir, amma...

Rusiyanın Ukraynaya hücumundan sonra bu ölkədə yaşayan bir çox azərbaycanlı qonşu dövlətə atılan raketlərin od-alovundan uzaq olsa da, bir müddət əvvəl aparılmış qismən hərbi səfərbərlik bir çoxunda həyəcan, qorxu yaratmışdı. Artıq belə xəbərlər də yayılır ki, əmək miqrantlarını da bazarlardan tutub Ukraynaya müharibəyə göndərirlər.

Xəbərlərə görə, Sankt-Peterburqda keçirilən növbəti reyd zamanı polis yüzə yaxın miqrantı saxlayıb. Onları qeydiyyatdan keçmək üçün komissarlığa aparıblar. Reyd şəhərin Sofiyskaya küçəsindəki tərəvəz bazarında keçirilib. Nəticədə 55-i qanunsuz olaraq Rusiyada yaşayan 400-ə yaxın miqrant aşkar edilib. Onların hamısı hərbi qeydiyyata alınıb. Polis qeyd edib ki, miqrantların kompakt yaşayış və ya iş yerlərinə keçirilən reydlər zamanı əcnəbilər arasında qanunsuz yaşayanlarla yanaşı, Rusiya vətəndaşlığı olanlar da var. Qeyd olunur ki, məqsəd bu kateqoriyadan olan vətəndaşların qanunsuz yaşayıb-yaşamadığı deyil. Bu reydlərdə polis fürsətdən istifadə edərək miqrantlara vətəndaşlığın əldə edilməsinin, xüsusən də hərbi qeydiyyatı nəzərdə tutduğunu xatırladır. Bu arada Rusiyada yaşayan digər etniklər kimi, azərbaycanlılar arasında Ukraynadakı müharibəyə cəlb olunanların sayı artıb. Yada salaq ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu hələ ötən ilin noyabrında prezident Vladimir Putinə səfərbərliyin başa çatdığına dair məruzə etmişdi. Ancaq prezident qismən səfərbərliyin bitməsi barədə hər hansı fərman imzalamayıb. Əslən azərbaycanlı, 25-yaşlı Rusiya vətəndaşı Z.M  deyib ki, səfərbərlik çağırışı alıb və 2 həftə sonra orduya getməlidir. Bildirib ki, 10 ildən çoxdur Rusiya vətəndaşıdırlar. Səfərbərliyin bitdiyi deyilsə də, çağırış var: “Eşitdiyimə görə, Azərbaycana getmək istəyənlər arasında hava limanında saxlanan da olub. Ətrafımızda olan hər kəs müharibəyə aparılacağımız qorxusu ilə yaşayırıq. Quru sərhədlərin açılmasına ümid edirik.  Belə olsaydı, vətənə keçib müharibənin bitməsini gözləyərdik”.

Füzulidə dağılmış evləri görəndə kədərləndim - Ələkbər Qarayev

Rusiyada yaşayan azərbyacanlı vəkil Ələkbər Qarayev “Yeni Müsavat”a deyib  ki, Rusiyada əmək miqrantlarının zorla Ukrtaynada müharibəyə göndərilməsi faktına rast gəlməyib: “Belə hallar var ki, polis miqrantları saxlayır, Rusiya vətəndaşlığı olanların hərbi uçota düşüb-düşməməsini yoxlayır. Rusiya qanunlarında digər dövlətin vətəndaşının Rusiya ordusunda xidmətə aparılması faktı yoxdur. Kimlər ki, Rusiya vətəndaşlığını qəbul edib, onlara hərbi qeydiyyata düşmək üçün göndəriş verilir. Həmin göndərişi alanlar yaşayış yeri üzrə qeydiyyata düşməlidirlər. Amma bir çox hallarda insanlar vətəndaşlıq alsalar da, hərbi qeydiyyata düşməyə həvəs göstərmirlər. Polis reydlərində belə şəxslər - Rusiya vətəndaşları olanlar saxlanılaraq hərbi qeydiyyata düşmələri təmin olunur”.

Rusiya ötən il fevralın 24-də Rusiya Ukraynaya yeni hərbi hücuma başlayıb. Moskva altı il öncə - 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edərək Şərqi Donbas regionunda separatçıları dəstəkləməyə başlamışdı. Qərb Rusiyaya ağır sanksiyalar tətbiq edib. Ötən payızdan Ukrayna Silahlı Qüvvələrinin bölmələri əks hücuma keçərək Rusiyanın işğal etdiyi ərazilərin bir hissəsini geri qaytarıb. Bu müharibə on minlərlə insanın həyatına son qoyub, milyonlarla insan evindən didərgin düşüb.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR