Onlayn ictimai-siyasi qəzet
Yaxud əsgərliyə çağırışda məsuliyyətsizlik
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) zəhmətkeşlərimizə sanki şad xəbər çatdırdı: “Son 1 il 9 ayda 259 əməkdaşımız məsuliyyətə cəlb olunmuşdur”. Bu, böyük rəqəmdirmi, ya azdır? Az sonra müqayisə üçün oxuculara örnək verərəm, xidmətin özünətənqid hissləri ilə yaşaması da hardasa müsbət haldır. Lakin görünən dağa bələdçi (oxu: səfərbərlik) lazım deyil axı. Hər il nə qədər rayonda səfərbərliyin müdiri həbs edilir. Elə son həftədə 2 rayonda həbslər oldu, Daşkəsənin indiki, Şuşanın keçmiş “səfərbəy”ini - rəisini içəri basdılar.
Yeri gəlmişkən, bu, ilk “fəxarətli” açıqlama deyil. Xidmət hələ bu ilin iyulunda 218 əməkdaşının məsuliyyətə cəlb edildiyini bildirmişdi. Deməli, son 2 ay ərzində qanun pozan səfərbərlikçilərin sayı 41 nəfər artmışdır. Aya 20 nəfər yarım düşür (bəzi komissarlıq işçiləri yekəqarın olur, onları 1,5 adam saysaq).
İndi bu rəqəmlərin ölçüsünün, yuxarıda yazdığım kimi, az və ya çox olduğunu düşünək. Səfərbərlik hərbi kateqoriyalı sahə olduğu üçün onun ümumi işçi sayı açıq mənbələrdə yoxdur. Yalnız bir rayonun - Binəqədinin səfərbərliyində 25 nəfərin çalışdığı rayon icra hakimiyyətinin saytında qeyd edilib. Bu rəqəmi doğru sayaq və orta rəqəm kimi götürək, baxmayaraq Binəqədi yetərincə böyük rayondur və güman edirəm Lerik, Samux və sairə kimi ucqar, kiçik rayonlarda səfərbərliyə qat-qat az işçi baxır. Lakin yenə 25 sayını qəbul etdik. Azərbaycanda təxminən 70 rayon var. 259 işçi məsuliyyətə cəlb edilibsə, orta hesabla 10 rayonun bütün səfərbərliyi qanunları pozmaqla məşğul imiş.
Buyurun. İndi söz əlaqədar təşkilat... Zarafat edirəm. Rəqəmi elə “əlaqədar təşkilat” özü bizə çatdırıb, sağ olsun.
Niyə belədir? Axı sağlam məntiqlə səfərbərlikdə cinayətlər az olmalıdır, çünki xalqımız vətənpərvərdir, hamı uşağını əsgər göndərməyə çalışır, vətən uğrunda ölməyə hazırıq, hərbi xidmətdə olmayana qız verilmir və sairə və ilaxır. Di gəl səfərbərlikdə məsuliyyətsizlik baş alıb gedir. Yəqin bu, azərbaycanlıların bir-birinə nisbətdə paralel dünyalarda yaşamasının nəticəsidir. Vətənpərvərlər Saturndan, rəsmi orqanlar Veneradan gəlmişdir.
Sözgəlişi, o idarənin bir şefi, generalı var idi, Bakı ətrafındakı ərazilərdən biri onun villası ilə tanınırdı. “Generalın villasının yanından dönərsən...” Əməllicə istiqamətverici, Google-maps, nə bilim, Veyz-zad rolunu oynayırdı. Halal olsun. Həmişə xalqa yol göstərməyə çalışır. İşdən çıxarmasalar villası çoxalar, respublikanın hər yerinə istiqamət verərdi.
Bəlkə də biz əski “hərbi komissarlıq” adını idarəyə qaytarsaq daha yaxşı şərait olar. Dövlətçilik ənənəsi qorunmalıdır. Bunun yaxşı örnəyini mədəniyyət sahəsində görürük.
Hazırda Bakıda 15-ci Beynəlxalq Film Festivalı keçirilir. Doğrusu, bunun adı mənə maraqlı gəldi, çünki qabaqkı 14-ü haçan olub, bilmirdim. Haqqında xəbərə baxdım, sən demə keçən iləcən 14-ü keçirilən “Bakı qısa film festivalı”nın adını indi belə qoyublar, olub 15-ci.
Əhsən. Keçən iləcən şortik geyirdik, indi şalvara keçmişik. Mentalitetə də uyğundur. Yoxsa qısa filmi İsmayıllı kəndlərinə aparmaq olmurdu, adamı yorturdular.
Məndən olsa festivalı “97-ci Bakı Oskar Film Festivalı” adlandırardım. Belə daha bazburutlu alınar. Kimə nə dəxli? Araşdırsan Oskar bizim yerlidir bəlkə də. Adı da qədim türk sözündən yaranıb: əsgər, oskar şəklinə düşüb.
Baş mükafatın heykəlciyindəki narı diricə udmuş adam təsviri isə əladır, amma narın yerinə kinoçəkən aparat olsa daha dəqiq görüntü verərdi, çünki bizdə kino sənətini qarınqulu məmurlar udublar, hazırda həzm edirlər. Prosesin sonunda nə çıxacaq, onu tamaşaçılar təxmin edə bilər.
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ