İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ"a nə olub?

"Qarabağ"ın toparlanması lazım, yoxsa azarkeş stadiona toplana bilməyəcək...

Son aylar "Qarabağ" azarkeşləri arasında ən çox rast gəldiyimiz bu suala birmənalı cavab vermək çətindir. "Bütün klublarda bu cür enmələr, uğursuzluqlar olur" deyib, canımızı sıxacaq, qanımızı qaraldacaq cavablardan yayınmaq daha yaxşıdır. Dünya dağılmayıb, bu sezon da uduzsunlar, Primyer liqada hələ də qələbə qazanmayan "Neftçı" yə baxanda, "Qarabağ" ı verənə şükür...

"Qarabağ" ın həm yeni formatda Avroliqa, həm çempionat oyunlarına baxanda düşünürsən ki, Azərbaycan ərazi suverenliyini tam bərpa etdikdən sonra bəlkə, bu klub da öz döyüşkənlik missiyasını başa vurmuş sayır, indi daha rahat, azarkeş basqısı olmadan oynamağa üstünlük verir. Anlamaq olar, "Qarabağ" işğal illərində bizə ümid oldu, Avropada tanındı, erməniyə gözdağı oldu, bunu heç vaxt unutmaq olmaz. Məncə Şuşadakı "Qarabağ" mehmanxanasında gecələyib, Xankəndində Qarabağ Universitetinə getmək xoşbəxtliyinin sevincini yaşayaq, klub da özünə gəlsin, bir az belə oynasınlar...

Yenə "nə olub" sualına qayıtsaq, ən əvvəl buna cavab axtarmaq klub rəhbərliyinin, məşqçi korpusunun işidir. Ən doğrusunu onlar görür və bilir . Bizim azarkeş olaraq bu suala 5 cavabımız ola bilər, amma heç biri də gerçəyi əks etdirməz. Məsələn, azarkeş olaraq deyə bilərik ki, klubdakı geriləməyə səbəb oyun sistemində dəyişiklik ola bilər. "Qarabağ" əvvəlki kimi oynamır" deyənlər, həm də onu nəzərdə tuturlar ki, klubun stratejisi hücumdan, rəqibə pressinqdən "dişsiz futbol" a keçib. "Qarabağ" əvvəl heç bir rəqibdən çəkinməz, riskli oynayar, hücuma getməkdən zövq alar, azarkeşə xoş anlar yaşadardı.

İndi isə "Qarabağ" sanki rəqiblərindən çəkinir, onlara meydanlarda "ağsaqqal hörməti edir"."Qarabağ" əvvəllər "dişi ağrıyıb" , acısını çıxarmaq üçün özümü "oda-közə" vuranlara bənzəyirdisə, indi meydanda "nervisi" çıxarılmış kimi görünür. Allah eləsin, bu rəyim azarkeş cığallığı, qərəzi olsun.

Baş məşqçi Qurban Qurbanov rəqiblərinə həmişə hörmətlə yanaşır. Amma onun oyun öncəsi açıqlamaları da sanki klubu rəqabətdən daha çox uduzmağa "həvəsləndirir". Qurbanov deyir ki, filan klub çox tanınmışdır, onlarla oynamaq təcrübədir, oyunçular belə matçlarda təcrübə toplayır və sairə. İnsan beşikdən məzaradək öyrənməlidir, amma futbol o cür deyil. "Tottenhem" güclü, top-5 ölkəsinin komandasındır, "Ayaks" da tarixi klubdur, oynayaq, təcrübə toplayaq...

"Qarabağ" ın daha təcrübə toplamaq "yaşı keçib" axı... 10 il əvvəl bu arqument qapıdan nədir, daşdan da keçərdi, indi isə bunu eşitmək xoş deyil, bir az da bəhanə kimi görünür, sonda məyusluq yaradır..

"Qarabağ" oyunçularının əsas problemi məncə indi "biz zəifik, onlar güclü" psixolojisinin təsiri altında olmaladır.

Avvroliqa formatı yenidir, bizi iki oyunda 5 top fərqi ilə udan Zaqreb "Dinamo" su Çempionlar liqasının ilk oyununda rüsvayçı hesabla uduzdu. Yəni hər iki liqada klublar arasında səviyyə fərqini kim inkar edir ki...Fəqət, burada incə bir məqam budur ki, "Qarabağ" son aylar sanki uduzmağa Məşədi İbad demişkən, "bir növ adətkar olur". Yəni narahat olmurlar ki, bu gün hələ də stadiona axın edən azarkeş də, belə getsə, "əşşi, stadiona getməyin mənası yoxdur, onsuz da Qarabağ"uduzacaq" deyə bilər.

Halbuki dünənədək hər şey fərqli idi. Ən güclü rəqibə belə uduzmayacağı fikri üstün idi, ona görə stadiona axın edirdi. "Qara zolağ"ın İkinci səbəb məncə, daxili çempionatda artan rəqabətlə bağlıdır.

Çempionatda indi "Qarabağ" ın əvvəlki dominantlığı yoxdur. İndi çempionatda ən azı üç çempionluğa favorit klub var. Bu çempionata əlavə rəng və intriqa qatır, amma əvəzində "Qarabağ" ın meydanda enerjisini alır. İndi "Qarabağ" ın "Araz-Naxçıvan" a, "Zirə" yə, "Turan" a qalib gəlməsi asan iş deyil. "Sabah" la son çempionat oyunda 3:0 hesabı ilə öndə olsalar da, rəqib hesab arasında fərqi minimuma endirdi, hətta heç-heçə də edə bilərdilər. Deməyim budur ki, baş məşqçi "Qarabağ"ın əsas heyətinə dincəlmək, bərpa olunmağa zaman verə bilmir. İndi demək olar ki, hər oyunda "ağır topları" da meydana çıxarmaq zorunda qalır. Ona görə də bu cür mötəbər qarşılaşmalarda klubda bir metal yorğunluq nəzərə çarpmaqdadır.

"Qarabağ" neçə illərdir oyunçuların rotasiyasını "Allaha pənah" inancı ilə aparır. Bu yerdə mütləq qeyd edim ki, "klub rəhbərliyi transferə pul xərcləmir" ittihamlarını bölüşmürəm. Avropada transfer siyasətini azarkeşlərin ağlına və tələbinə uyaraq aparan klub yoxdur, ağlınız "qoca brendlər"i Ərəbistan klublarına yığanlara getməsin... "Qarabağ" da bu baxımdan transfer siyasətində pis-yaxşı doğru bildiyini edir.

Etiraf edək ki, "Qarabağ" bu heyətlə ötən il avroliqada daha yaxşı oynayırdı. Qurban Qurbanovun sistemdə hansı korrektələr etdiyini(əgər varsa) peşəkarların qiymətləndirə biləcəyi işdir, mən futbol azarkeşi kimi "Qarabağ" dakı oyun dəyişikliyini hiss edirəm. "Qarabağ" ın hələ ki, toparlanması hiss edilmir.

"Qarabağ"ın toparlanması lazım, yoxsa azarkeş stadiona toplana bilməyəcək...

Nazim Sabiroğlu,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR