İnsanlara hürriyət, millətlərə istiqlal!

Ombudsmanın ünvanına daxil olan müraciətlərin SAYI 

“Dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və xaricdəki həmkarları ilə səmərəli əməkdaşlıq şəraitində fəaliyyətini davam etdirən Ombudsman il ərzində insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və səmərəli təmini məqsədilə mövcud əlaqələrin gücləndirilməsi və imkanların genişləndirilməsi istiqamətində zəruri tədbirlər görüb. 2023-cü ildə Ombudsmanın ünvanına 29 411 müraciət daxil olub”.

Musavat.com-un məlumatına görə, bunu Milli Məclisin iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında” 2023-cü il üzrə məruzəsini təqdim edərkən bildirib.

O qeyd edib ki, 2022-ci illə müqayisədə müraciətlərin sayı təxminən 10% çoxalıb:

“Dövlət orqanları, bələdiyyələr, tabeliklərində olan hüquqi şəxslər, o cümlədən publik hüquqi şəxslər, büdcə təşkilatları, onların vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə bu müraciətlərə Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada baxılıb və müvafiq tədbirlər həyata keçirilib. Müraciətlərin araşdırılması və təhlili təcrübəsi, habelə dövlət qurumları ilə əməkdaşlıq əlaqələri bir sıra problemlərin operativ həllində, süründürməçiliyin və baş verə biləcək pozuntu hallarının qarşısının alınmasında, qanunvericiliyin təkmilləşdirilməsində əhəmiyyətli rol oynayıb”.

Səbinə Əliyeva bildirib ki, Ombudsmanın hər il olduğu kimi, növbəti ilin dövlət büdcəsi layihəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin müvafiq komitələrinin iclaslarında aparılan müzakirələrdə iştirakı və irəli sürdüyü tövsiyələr, eyni zamanda qanunların təkmilləşdirilməsi üzrə verdiyi təkliflər əməkdaşlıq baxımından böyük əhəmiyyət daşımaqla yanaşı, insan hüquqlarının təmin edilməsi sahəsində səmərəliliyin artırılmasına da xidmət etməkdədir:

“Əhalinin həssas qruplarının, o cümlədən şəhid ailələrinin, müharibə iştirakçılarının, əlilliyi olan şəxslərin, ahıl, qadın və uşaqların, hərbi qulluqçuların, miqrant və məhkumların problemlərinin həlli məqsədilə Ombudsman tərəfindən müvafiq dövlət qurumlarına təklif və tövsiyələrlə müraciətlər olunub. Ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması ilə bağlı müddətin müəyyən edilməməsinin süründürməçiliyə və şikayətlərə səbəb olduğunu nəzərə alaraq, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na qeyd olunan müddətin müəyyən olunmasıilə əlaqədar dəyişikliklər edilməsinə ehtiyac var. İşçilərin əmək hüququnun etibarlı müdafiəsi məqsədilə müəssisə birləşmə, bölünmə və yaxud ayrılma formasında yenidən təşkil olunduqda və ya müəssisənin mülkiyyətçisi dəyişdikdə işçilərlə əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunması zəruridir. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq davam etdiyi hallarda onun müddətsiz əmək müqaviləsi hesab edilməsi məqsədilə müəyyən edilmiş 5 ildən artıq müddətin 3 ilə endirilməsi ilə bağlı Əmək Məcəlləsinə dəyişikliklər edilməsi məqsədəmüvafiqdir. Məktəbəqədər, orta və ali təhsil müəssisələrində qidanın təhlükəsizliyinə və rasionuna diqqət daha da artırılmalı, yetkinlik yaşına çatmayanlar üçün qəbul edilməsi qadağan olunan və ya məqsədəmüvafiq hesab edilməyən qida məhsullarının satışına nəzarət isə gücləndirilməlidir. Bu sahədəki çatışmazlıqların vaxtında aşkar edilməsi üçün müntəzəm olaraq planlı və plandankənar monitorinqlərin keçirilməsi də vacibdir”.

Ombudsman qeyd edib ki, uşaqların, xüsusilə qızların təhsildən yayındırılması, erkən evlilik, cəmiyyətdə, ailədə və təhsil müəssisələrində uşaqlara qarşı baş verən zorakılıq halları ciddi narahatlıq doğurur:

“Bu halların qarşısının alınması məqsədilə valideyn və təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi, aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülməlidir. Uşaqlara qarşı zorakılığın mənfi nəticələri, zorakılığın yolverilməzliyi və ondan müdafiə mexanizmləri barədə maarifləndirmə tədbirlərinin gücləndirilməsinə, peşəkar və ixtisaslaşmış psixoloqlar cəlb edilməklə təhsil müəssisələrində mövcud psixoloq ştatlarının şagird sayına uyğun artırılmasına son dərəcə böyük ehtiyac vardır. Narkotik asılılığından əziyyət çəkən yetkinlik yaşına çatmayan şəxslərin müalicəsinin təşkili məqsədilə ixtisaslaşdırılmış tibb müəssisələrində müvafiq şöbələrin yaradılması, narkoloji müalicə müəssisələrindəki sıxlığı və müalicə gözləyən şəxslərin sayının çoxluğu nəzərə alınaraq, belə müəssisələrin sayının artırılması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir üsulların tətbiq edilməsi üzrə tədbirlər görülməlidir”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR