İnsanlara hürriyət, millətlərə istiqlal!

Ombudsman illik məruzəsini parlamentə təqdim etdi

Milli Məclisin iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında” 2023-cü il üzrə məruzəsini təqdim edib.

Musavat.com-un xəbərinə görə, Ombudsan qeyd edib ki, Azərbaycanın gələcəyinə böyük inamla baxan qədirbilən xalqımız, o cümlədən 30 ildən sonra doğma ata-baba yurdları olan Qarabağa və Şərqi Zəngəzura qayıdan, işğaldan azad olunan ərazilərimizdə ilk dəfə səsvermədə iştirak edən vətəndaşlarımız fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkilərində böyük fəallıqla iştirak edib və bu, sevindirici haldır:

“Öz uğurlu siyasəti ilə ölkəmizin beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsinə nail olan cənab İlham Əliyevi bir daha böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçən xalqımız növbəti dəfə də öz Müzəffər liderinə etimadını göstərib. Müşahidələrimizdən irəli gələrək qeyd etmək istərdim ki, respublikamızın bütün ərazisində, o cümlədən Qarabağ və Zəngəzurda seçkilərə hazırlıq və səsvermə prosesi ölkəmizin Konstitusiyasına, Seçki Məcəlləsinə və beynəlxalq standartlara uyğun olaraq demokratik, ədalətli və şəffaf qaydada həyata keçirilib. Hüququn aliliyi prinsipinə və xalqın maraqlarına xidmət edən, dünya dövlətləri sırasında nüfuzu daim artmaqda olan və söz sahibinə çevrilən respublikamız insan hüquqlarının qorunmasına yönəlmiş bir sıra mühüm layihələrin təşəbbüskarı olmaqla bərabər, qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi edib”.

Səbinə Əliyeva bildirib ki, işğaldan azad edilmiş ərazilərdə davam etdirilən tikinti-quruculuq işlərinin və reinteqrasiya prosesinin sürətlənməsi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafına və keçmiş məcburi köçkünlərin pozulmuş hüquq və azadlıqlarının bərpasına xidmət etməkdədir:

“Respublikamızda həyata keçirilən irimiqyaslı layihələr və davamlı islahatlar vətəndaşların həyat səviyyəsinin daha da yaxşılaşmasına, aztəminatlı ailələrə və əhalinin həssas qruplarına qayğının artırılmasına, mövcud problemlərin həllinə dəstək olmaqla yanaşı, ümumilikdə insan hüquq və azadlıqlarının səmərəli təmininə xidmət edir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanımın bölgələrə silsilə səfərləri, yeni inşa edilmiş və ya əsaslı təmir olunmuş obyektlərin açılışında şəxsən iştirak etmələri, əhali təbəqələri və ictimaiyyət nümayəndələri ilə səmimi görüşləri xalqımız tərəfindən böyük məmnuniyyətlə qarşılanıb.

Azərbaycan Xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkəmizdə “Heydər Əliyev İli”nin elan edildiyi 2023-cü il əhəmiyyətli hadisələrlə zəngin olub, dahi şəxsiyyətlə bağlı milli və beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi ilə yadda qalıb. Ulu Öndərin hələ 1998-ci ildə imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanı və təsdiq etdiyi “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” ilə ölkəmizdə ilk dəfə insan hüquqlarının müdafiəsi sahəsində institusional islahatların əsası qoyulub, Ombudsman institutu təsis edilib. İnsan hüquqları sahəsində həyata keçirilən bu mühüm islahatlar Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib, insan hüquq və azadlıqlarının təmin edilməsi üzrə dövlətin ali məqsədinin həyata keçirilməsində müstəsna rolu olan Ombudsmanın mandatının beynəlxalq standartlara uyğun genişləndirilməsi ilə bağlı əhəmiyyətli təşəbbüslər irəli sürülüb, yeni fəaliyyət istiqamətləri müəyyən edilib. Belə ki, Ombudsman haqqında Konstitusiya Qanununda dəyişikliklər edilməsi nəticəsində Ombudsmanın “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Uşaq hüquqları haqqında” konvensiyaların həyata keçirilməsi, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizm funksiyalarının həyata keçirilməsi ilə bağlı səlahiyyətləri genişləndirilib”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR