İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkəmizə qarşı “dezo” mənbələrinin ifşası

Qulu Məhərrəmli: “Bu məsələ təkcə informasiya deyil, milli təhlükəsizlik məsələsidir”

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası son günlər ölkəmizlə bağlı yayılan saxta xəbərlərə dair açıqlama yayıb. Açıqlamada deyilir ki, regionda baş verən son hadisələr fonunda Azərbaycan hibrid təhdidlərin geniş yayılmış növlərindən olan dezinformasiya kampaniyasının yeni dalğası ilə qarşılaşıb:

“Aparılan monitorinqlərin təhlili nəticəsində müəyyənləşdirilib ki, qonşu dövlətlərin ərazisində fəaliyyət göstərən, müxtəlif dairələrə və maraqlara xidmət edən qruplar tərəfindən sosial media platformaları vasitəsilə dövlətimizə qarşı informasiya kampaniyaları təşkil olunur. Cərəyan edən proseslərlə bağlı Azərbaycanın rəsmi mövqeyinin Xarici İşlər Nazirliyi və dövlət rəsmilər tərəfindən səsləndirilməsinə baxmayaraq, Telegram, Facebook, X, TikTok və YouTube kimi platformalar üzərindən aparılan fəaliyyətlərdə təhrif olunmuş, saxta məlumatlar yayılır. Münaqişə tərəflərini, eləcə də beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlmiş bu hərəkətlərin məqsədi ölkəmizin artan nüfuzuna xələl gətirmək, dost və qardaş ölkələrlə münasibətlərini pozmaqdır. Təəssüf hissi ilə qeyd olunmalıdır ki, dövlətimizə qarşı aparılan bu informasiya kampaniyalarına dəstək verənlər arasında azərbaycanəsilli şəxslərə və vətəndaşlarımıza da rast gəlinir. Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya aidiyyəti dövlət qurumları ilə birgə dövlətimizə qarşı aparılan bu fəaliyyətləri diqqətlə izləyir, müvafiq cavab tədbirləri görür. Bütün maraqlı tərəfləri, o cümlədən vətəndaşlarımızı yalnız rəsmi məlumatlara inanmağa, məkrli qüvvələr tərəfindən yayılan bu cür saxta informasiyalarla mübarizə aparmağa çağırırıq".

Azər Həsrət: “6 aya 60 min dollar qazandım...”

 Azər Həsrət 

Siyasi şərhçi Azər Həsrət mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Mən də bir neçə gündür çıxışlarımda və paylaşımlarımda bu məsələyə diqqət çəkirəm. Açıq şəkildə anti-Azərbaycan kampaniyası aparan, Azərbaycan dövlətinin mövqeyini dəstəkləyən insanları gözdən salmağa çalışan şəxslər var. Təəssüf ki, bu insanlar Bakıda və Azərbaycanın müxtəlif bölgələrində oturaraq bu işi görürlər. Özləri də Azərbaycan vətəndaşlarıdır. Bu insanlar açıq-aşkar bu cür fəaliyyətlə məşğuldurlar və onların hər biri ilə bağlı tədbirlər görülməlidir. Biz heç kimin fərqli fikir söyləməsinə qarşı deyilik. Əlbəttə, hər kəs düşüncəsini ifadə edə bilər. Lakin Azərbaycanın rəsmi mövqeyi ortadadır, ən yüksək səviyyədə bəyan olunub. Belə olan halda, nədən Azərbaycan vətəndaşları xaricdən ötürülən və açıq şəkildə çirkin kampaniyaya hesablanmış paylaşımlarla məşğuldurlar? Niyə ictimai rəyi çaşdırmağa çalışırlar? Əlbəttə, bu məsələyə diqqət yönəltmişik və çox sevinirik ki, Milli Məclisin müvafiq Komissiyası da bu istiqamətdə konkret və qətiyyətli mövqe nümayiş etdirib. Bundan əvvəl komissiyanın açıqlamasında Rusiya ilə bağlı daha açıq danışılmışdı. Bu dəfə isə konkret ölkə adı çəkilmədi. Amma görünən dağa bələdçi lazım deyil, aydın görünür ki, bu kampaniyanın arxasında İran dayanır.

Çünki biz bu günlərdə İsrail-İran müharibəsindən danışırıq. Məhz bu müharibə fonunda İrandakı anti-Azərbaycan mərkəzlər bizim dövlətimizi də bu münaqişənin və müharibənin tərəfinə çəkməyə çalışırlar. Onlar iddia edirlər ki, guya İslam həmrəyliyi nümayiş etdirərək Azərbaycan vətəndaşları İranın tərəfində olmalıdır. Halbuki Azərbaycanın dövlət mövqeyi çox aydındır - Azərbaycan bu məsələdə tərəf deyil. Biz Azərbaycan dövlətinin bu mövqeyini müdafiə edirik, tirajlayırıq. Bizə qarşı çıxanlar isə məhz bu mövqeyi gözdən salmağa çalışırlar. Hətta o qədər irəli gedirlər ki, Azərbaycan vətəndaşlarını təhqir edir, onlara basqı edirlər ki, gəlin, İranın fars-molla rejimini dəstəkləyək. Dövlətimiz isə bu məsələdə kifayət qədər təmkinli davranır. Lakin bu insanlar düşünməsinlər ki, vəziyyət həmişə belə davam edəcək, yaxud dövlət davamlı şəkildə təmkin göstərməlidir. Ona görə də deyirəm, komissiyanın bu açıqlamasını diqqətə alsınlar, ağıllı olsunlar. Növbəti açıqlamalarda nəinki bu informasiyaları sırımağa çalışan dövlətin, onun Azərbaycandakı uzantılarının da adları bir-bir açıqlanacaq. Bu isə o deməkdir ki, onlara qarşı dövlətin müvafiq hüquq-mühafizə orqanları konkret tədbirlər görəcək".

Prezidentdən Qulu Məhərrəmli ilə bağlı — Sərəncam

Qulu Məhərrəmli

Media eksperti, professor Qulu Məhərrəmli mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bildirib. O qeyd edib ki, bu, çox ciddi, milli və dövlət maraqları ilə birbaşa bağlı olan məsələdir: “Çünki son günlərdə qonşu dövlətlərdə baş verən hadisələrlə bağlı sosial şəbəkələrdə dezinformasiyaların - yalan, saxta, qərəzli, məqsədli məlumatların yayılması  çox narahatedicidir. Buna qarşı dövlət qurumları mübarizə aparmalıdır. Reaksiya göstərməli, yalanları çox operativ, vaxtında ifşa etməlidirlər. Amma bir vətəndaş olaraq borcumuz odur ki, sosial şəbəkələrdə buna münasibət bildirmək zəruridir. İkincisi, cəmiyyətimizdə media savadlılığının artırılması çox önəmlidir. Çünki informasiya savadı olmadan aldığımız informasiyanı tanıya bilmirik. Ona görə də bizə müəyyən səviyyə lazımdır ki, doğru xəbəri yalandan, ağı qaradan, saxtanı gerçəkdən ayıra bilək.

İstər məktəblərdə, istər ailələrdə media savadlılığı məsələsinə diqqət yetirilməlidir. Eyni zamanda vətəndaş fəallığı önəmlidir. Sosial qruplar yaradılır, bu qruplar sosial şəbəkələrdə fəallığını artırır, bu cür məlumatlara qarşı bir sədd yaradaraq müqavimət göstərir. Bu üç məsələ birlikdə dezinformasiyaları xeyli dərəcədə zərərsizləşdirə bilər".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR