İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkədə oğlan tələbələrin sayı azalır

Təhsil ekspertinə görə, bu tendensiyanın davam etməsi ciddi problemlərə yol aça bilər

Azərbaycanda təhsil alan qızların sayı artıb. Belə ki, dövlət və qeyri-dövlət ali məktəblərində 2023-2024-cü tədris ilinin əvvəlinə təhsil alan zəif cinsin nümayəndələrinin sayı 118 min 290 nəfər olub. Onlardan 100 min 529-u dövlət, 18 min 31-i isə özəl müəssisələrdə ali təhsil alıb. Bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2024" məcmuəsində əks olunub.

Rəsmi nəşrdə bildirilir ki, bu göstərici 2010-cu ildə 65 min 112, 2015-ci ildə 78 min 662, 2021-ci ildə 97 min 163 olub. 2022-ci ildə isə 111 min 583 qadın ali təhsil ala bilib.

Oğlan tələbələrinin sayına gəldikdə isə, ildən-ilə ali təhsil müəssisələrinə, xüsusilə də müəyyən ixtisaslara qəbulda oğlan tələblərin sayında əhəmiyyətli  azalma müşahidə olunur. Ekspertlər qeyd edir ki, bu tendensiya xüsusilə sosial elmlər, hüquq və təhsil kimi sahələrdə daha aydın görünür.

Artıq uzun illərdir ki, qızlar arasında müəllimlik və təhsil sahələrinə maraq daha çoxdur. Azərbaycanda pedaqoji ixtisaslarda təhsil alanların təxminən 70-80%-i qadınlardır. Bu sahədə kişilərin azlığı isə demək olar ki, təhsil sahəsində ən böyük və öndə gələn problem olaraq qalır. Həmçinin, səhiyyə sahəsində qadınlar üstünlük təşkil etdiyi müşahidə olunur. Xüsusilə tibb bacısı, əczaçılıq, və pediatriya sahələrində qadınların sayı daha çoxdur. İncəsənət və dizayn sahələrinə qızlar arasında maraq daha böyükdür. Xüsusilə moda dizaynı və qrafik dizayn sahələrində qadın tələbələrin sayı üstünlük təşkil edir.

İqtisadiyyat və biznes idarəçiliyi ixtisasları üzrə təhsil alanların təxminən 60%-i isə oğlanlardır. Mühəndislik və informasiya texnologiyaları (IT) kimi sahələrdə oğlanlar üstünlük təşkil edir. Mühəndislik və texniki ixtisaslar üzrə tələbələrin təxminən 80%-i kişilərdir. İnformasiya texnologiyaları, tikinti və memarlıq fakültələrində də oxşar tendensiya mövcuddur.

Təhsil eksperti Kamran Əsədov deyir ki, son illər oğlan tələbələrin bəzi ixtisaslara qəbulunda azalma bir çox faktorlardan qaynaqlanır və bu tendensiyanın davam etməsi ciddi problemlərə yol aça bilər. Onun fikrincə, gender balansının qorunması və oğlanların sosial elmlər, hüquq və təhsil kimi sahələrə daha çox cəlb edilməsi üçün təşəbbüslər artırılmalıdır. “Bu, yalnız iş bazarında deyil, həm də cəmiyyətin müxtəlif sahələrində bərabər təmsilçiliyin təmin edilməsinə kömək edəcək” deyə, ekspert qeyd edir.

Kamran Əsədov bildirir ki, bəzi ixtisaslarda, xüsusilə hüquq, pedaqogika və sosial elmlərdə, iş imkanlarının məhdudlaşması oğlan tələbələrin bu sahələrdən daha da uzaqlaşmasına səbəb ola bilər:

“Hüquq, təhsil və bənzər sahələr tarixi olaraq qadınlarla daha çox əlaqələndirilir. Bu, oğlan tələbələrin bu sahələrdə az təmsil olunmasına səbəb ola bilər. Qadınlar bu sahələrə daha çox yönəldiyi halda, oğlanlar mühəndislik və ya texniki sahələrə üstünlük verirlər.

Təhsil sistemindəki dəyişikliklər və erkən yaşlardan bəri oğlan və qız tələbələr arasında fərqli motivasiya və yönləndirmələr, ixtisas seçimlərinə təsir edə bilər. Məktəbdə və ailədə təhsil üzrə yüksək nailiyyət gözləntiləri də qızların daha çox akademik sahələrə maraq göstərməsinə səbəb olur. Azalma hüquq, sosial elmlər və təhsildə olduğu halda, mühəndislik, informasiya texnologiyaları (IT), kompüter elmləri kimi sahələrdə oğlan tələbələr arasında artım var. Qlobal miqyasda da STEM (elm, texnologiya, mühəndislik, riyaziyyat) sahələrinə maraq artmışdır və bu sahələr daha çox oğlan tələbələri cəlb edir.

Əvvəlki illərlə müqayisədə 1990-2000-ci illərdə oğlan tələbələr hüquq, sosial elmlər və iqtisadiyyat kimi sahələrdə daha çox təmsil olunurdu. Lakin son onillikdə bu balans dəyişib, oğlanlar daha çox texniki və praktiki yönümlü ixtisaslara yönəliblər. Bu tendensiya, xüsusilə təhsilin qlobal səviyyədə struktur dəyişiklikləri ilə əlaqədardır.

Həddini aşmış bu adam...” – Məktəb direktorundan Kamran Əsədova sərt  İTTİHAMLAR

Kamran Əsədov

Dünya təcrübəsi ilə müqayisə də bu tendensiyalar oxşardır. ABŞ və Avropada hüquq və təhsil kimi sahələrdə qadınların üstünlük təşkil etdiyi, texnologiya və mühəndislik sahələrində isə oğlanların üstünlük təşkil etdiyi görülür. Bununla belə, bir çox ölkələr gender bərabərliyini təmin etmək üçün tədbirlər görməyə çalışır və oğlanları sosial elmlərə, qızları isə STEM sahələrinə yönləndirmək üçün proqramlar həyata keçirir".

Kamran Əsədovun fikrincə, bu vəziyyət gələcəkdə aşağıdakı problemlərə səbəb ola bilər:

“Hüquq, təhsil və sosial elmlərdə oğlanların azalması bu sahələrdə gender balansının pozulmasına və gələcəkdə kişi mütəxəssislərin çatışmazlığına səbəb ola bilər.

Bu tendensiya ixtisaslar üzrə qeyri-bərabərliyin artmasına gətirib çıxara bilər. Sosial elmlər və təhsil kimi sahələrdə qadınlar dominant olduqda, texnologiya və mühəndislik kimi sahələrdə kişilərin üstünlük təşkil etməsi iş dünyasında gender stereotiplərini gücləndirə bilər.

Əgər oğlanlar bu sahələrdə az təmsil olunarsa, uzunmüddətli sosial və iqtisadi təsirlər ortaya çıxa bilər. Xüsusilə hüquq sahəsində kişi hüquqşünasların çatışmazlığı bu sahədə iş bazarında problemlərə səbəb ola bilər".

Yazını hazırladı: Xalidə GƏRAY

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR