İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkədə narkotik cinayətlərinin ŞOK STATİSTİKASI

Yanvar-iyun ayları ərzində ölkədə qeydə alınmış cinayət hadisələrinin 30,1 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlıdır

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, cari ilin yanvar-iyun ayları ərzində ölkədə qeydə alınmış 19533 cinayət hadisəsinin 5884-ü və ya 30,1 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 2,0 faiz çoxdur.

Bildirilib ki, onların 61,6 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 34,7 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 2,8 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 0,8 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,1 faizini isə digər cinayətlər təşkil edib.

Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş 4225 şəxs müəyyən edilib. Onların 35,7 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,0 faiz çoxdur. Cinayət törətmiş şəxslərin 99,3 faizi cinayət məsuliyyətinə cəlb olunmuş, 0,7 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilib.

Cinayət törətmiş şəxslərin 71,3 faizini heç yerdə işləməyən və oxumayanlar, 2,5 faizini qadınlar təşkil etmişdir. Cinayət törədənlərin 0,2 faizi 14-17 yaşda olan uşaqlar, 5,9 faizi 18-24 yaşlı, 16,5 faizi 25-29 yaşlı gənclər, 77,4 faizi isə 30 və yuxarı yaşlı şəxslər olmuşdur.

Məlum olduğu kimi, narkotiklər Azərbaycana əsasən İrandan daşınır və narkotacirlərin də əksəri bu şəbəkəyə bağlıdır. O da məlumdur ki, son illər ölkədə narkotiklərlə mübarizə kifayət qədər sərt aparılır.

Bəs görülən tədbirlərə rəğmən narkotik cinayətləri niyə bu qədər artıb?

Şəmsəddin Əliyev: “Ölkəyə haradansa narkotik vasitələrin qanunsuz axını  var” – Polisə.az

Şəmsəddin Əliyev

“Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə bağlı BMT-nin beynəlxalq normaları var. Lakin bəzi dövlətlər bu normaların tələblərinə riayət etmir və yaxud səthi yanaşır. Ona görə də dünyada bu bazarın qarşısını almağa bir dövlət cəsarət edib addım atmır. Sual verirlər ki, nə edək ki, narkotik istifadəçilərin sayı azalsın? Bunun üçün dünyadakı narkotik bazarları  bağlanılmalıdır. Bəs bu bazarı kim bağlamalıdır? Əlbəttə ki, inkişaf etmiş ölkələr, o cümlədən ABŞ, Ingiltərə, Fransa, yəni daha çox elit dövlətlər. Azərbaycanda narkotiklə mübarizə  artan templə davam edir, aşkarlanma da bu mübarizənin fonuna mütənasibdir”.

Şəmsəddin Əliyev statistikada 14-17 yaşlı yeniyetmələrin yer almasından da söz açıb: “Statistikada 15-16 yaş arasında narkotik istifadə edənləri sayı 2-3 nəfərdir. Yəni deməzdim ki, ölkədə narkomaniya ”cavanlaşıb". Əsla belə deyil. Lakin narkotacirlər kifayət qədər çox pul əldə etmək üçün daha çox yeniyetmələr cəlb etməyə çalışırlar. Düşünürlər ki, yeniyetmələr o qədər də diqqət cəlb etməz və yaxud cinayət məsuliyyətindən yayınar  və sairə. Çünki cinayətin subyekti 16 yaş, ağır cinayətlərdə isə 14 yaşdır. Ona görə də çalışırlar ki, bu tərkibdə azyaşlılar,  yeniyetmələrin sayı çox olsun".

Oxu.az - Narkomaniya üzrə ekspertdən SƏRT SÖZLƏR: “Burnunuz girməyən yerə  başınızı soxmayın” - FOTO

Emil Maqalov 

Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narko-ekspert Emil Maqalov isə  bildirdi ki, bir çox dövlət qurumları yaxasını kənara çəkib, narkotik və narkomaniya ilə mübarizəni ancaq güc strukturlarının üzərinə düşüb: “Narkotik və narkomaniya yay vaxtı daha da tüğyan etməyə başlayır. Yayda təhsil müəssisələri bağlanır, yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkili isə bəzi rayon və kəndlərdə demək olar yox səviyyəsindədir. Bu halda bəzi gənclər ”sərgüzəştlər" axtarışına çıxır və əlbəttə ki, çox vaxt narkotikin və ya narkokuryerliyin də qurbanına çevrilmə şansı artır. Bəzi dövlət qurumları məhz bu yola meyilli yeniyetmə və gənclərlə demək olar iş aparılmır. Çünki apara da bilmir, təlimçi yoxdur. Hansı dövlət qurumu “tin uşağı” ilə onların “öz dilində” təlim keçə bilər ki? Ümumiyyətlə, insanlar niyə buna qoşulur? İlk qurşanan adamların sosial-mədəni statusu necə olub? Hansı şəraitdə ilk dəfə istifadə edib və sairə,  bu kimi narkomaniya ilə bağlı sosioloji tədqiqat yoxdur.

Hələ mifoloji fikir də yaranıb ki, insanlar idmanla məşğul olanda narkomaniyaya risk azalır. Bəli, idmanı haradasa asudə vaxtın təşkili kimi qiymətləndirmək olar. Amma düşünürəm ki, bizdə idman siyasətinin konsepsiyası yanlışdır. İdmanla intellektual səviyyə bir olmalıdır. Yəni əsas risk qrupları sosial insanların olduğunu nəzərə alıb deyə və görə bilərik ki, narkotik istifadəçilərin çoxunun savadı azdır. Bunları araşdırıb təhlil edib, səciyyəvi qruplara uyğun iş aparılmalıdır".

Ekspert ölkədə narkotik istifadəçilərinin sayı ilə bağlı real statistikanın dəfələrlə çox olduğunu bildirib: “Bu gün Azərbaycanda statistikanın görə bilmədiyi təxminən 300 min insan müntəzəm olaraq narkotik vasitələrdən istifadə edir. Narkomaniya ilə bağlı rəsmi statistikada 36 min narkoman olduğu bildirilir, lakin bunlar könüllü və ya məcbur olaraq tibbi reyestrə daxil olanlardır. Tibb müəssisələri isə ildə 5 mindən çox insanı narkomaniyadan müalicə edə bilməz. Azərbaycanda narkomanların ümumi sayı, mənim statistikama görə, 10%-i məktəblilər, 50% - 16-30 yaşlı gənclər, 40% - yaşlı insanlardır”.

Emil Maqalov qeyd edib ki, aidiyyəti qurumların çox böyük səylərinə baxmayaraq, 12-15 yaşlı uşaqlar arasında narkotikdən istifadə halları artmağa başlayıb: “Narkotiklərə başlamanın orta yaşı 16-18 yaşdır. Aidiyyəti qurumların çox böyük səylərinə baxmayaraq, 12-15 yaşlı uşaqların narkotikdən istifadə faizi də artır. Narkotiklərin yayılan yerlərin içində gənclər üçün əyləncə yerləri - diskotekalar, kafe və klublar da var. Respondentlərin 60%-i narkotiki ilk dəfə orada sınaqdan keçirib”.

Ekspert bəzi statistikaları da açıqlayıb: “Hər bir narkoman özündən sonra 5-10 nəfəri narkotikdən istifadəyə cəlb edə bilir.  Son illər narkotiklərdən ölənlərin sayı 12 dəfə, uşaqlar arasında isə 2 dəfə artıb.  Narkomanların narkomaniyaya başladığı andan etibarən təxmini ömrü orta hesabla orqanizmdən asılı olaraq 4-5 ildir. Birinci dəfədən ölənlər də az deyil. QİÇS-ə ( SPID ) yoluxma hallarının artmasının əsas səbəbkarı da narkomaniyadır. Bu gün cinayətlərin təxminən 70%-i narkomaniya zəminində baş verir. Soyğunçuluq, oğurluq, qətllər doza xatirinə də edilir. Narkomaniya statistikası göstərir ki, narkomanların yalnız 5-6 faizi sağalır”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR