Onlayn ictimai-siyasi qəzet
Fransada başlayan Yay Olmpiya Oyunları dünyada ciddi qarşıdurmalar və müharibələr dövrünə təsadüf edir. O müharibələrə “odun daşıyanlardan” biri də elə Fransa lideri Makondur. Müharibə olimpiya oyunlarının təməl prinsipləri ilə uyğun gəlmir, bunu yada da salırlar, amma nə faydası var, nə əməl edən. Niyə bu cür fövqəladə hadisələrin həm də məhz olimpiyadalarda baş verdiyi də bir başqa sirr, bir başqa sualdır...
Hamı o günü hələ də xatırlayır: 8 avqust 2008-ci ildə Pekində Yay Olimpiya Oyunlarının məşəli yandırıldığı gün Rusiya-Gürcüstan müharibəsi başladı. Moskva Tiflisi separatçı bölgəni - Cənubi Osetiyanı zorla qaytarmağa cəhddə ittiham etdi. O vaxtda bu bölgədə dəyişən heç nə yoxdur, Gürcüstanın əraziləri işğal zonası kimi qalmaqdadır...
Rusiya 2014-cü ildə Soçi Qış Olimpiyadasına ev sahibliyi edirdi. Oyunlar 2014-cü il fevralın 7-də başlamışdı. Ukraynada “Avromaydan”ın ən qanlı fazası başlamışdı, Rusiya isə Krımın anneksiyasını referendum adı altında gerçəkləşdirməkdə idi. Olimpiyada başa çatdıqdan sayılı günlər sonra bu proses Krımın Rusiyaya birləşməsi ilə başa çatdı.
2022-ci ilin fevralında Qış Olimpiyadasını bu dəfə Pekin qəbul edirdi və bütün dünya tezliklə, bəlkə də açılış günü( 4 fevralda olmalı idi) Rusiyanın Ukraynaya qoşun yeridəcəyini gözləyirdi. Dünya mediası yazırdı ki, Çin lideri Putindən olimpiyada davam edən günlərdə hərbi əməliyyatlar başlamamasını xahiş edib. Deyilən oldu, olimpiyada fevralın 20-də başa çatdı, Putin fevralın 22-də Ukraynada “Xüsusi Hərbi Əməliyyat” başladığı haqda qərarı elan etdi. 886-cı gündür ki, bu müharibə davam edir...
Ukraynanın 41 milyon 130,4 min nəfər əhalisi olub. Müharibə isə Ukraynaya əsl demoqrafik fəlakət yaradıb. Bunun əsas səbəbi isə təkcə hərbi itkilər deyil, ukraynalı qaçqınlardır. Onların rəsmi sayı təxminən 8,3 milyon nəfərdir. Aİ ölkələrində isə bəzi ukraynalı qaçqınlar qeydiyyatsız yaşayırlar. O səbəbdən, 10 milyondan çox insanın Ukraynın tərk etdiyi deyilir. Rusiyanın özünə birləşdirdiyi yeni “ərazilər”in əhalisinin Ukraynanın “kisə”sindən getdiyini nəzərə alanlar, bu ölkə əhalisinin 2014-cü ildən bu yana iki dəfə yarım azaldığını deyirlər. Müasir tarixdə heç bir ölkədə əhalinin belə kəskin azalması faktı yoxdur...
Ukrayna xalqının işğala qarşı dirənişinə qətiyyən kölgə salmadan həqiqəti də demək lazımdır. Bu müharibə onların ərazisində gedir, ölən də, itən də, qaçqın düşən də əsasən ukraynalıdır. Amma daha heç kimə sirr deyil ki, bu, böyük mənada Ukraynanın müharibəsi deyil.
Son günlər rəsmi Kiyev və bəzi dəstəkçiləri də ehtiyatlı olsa da, Putinlə danışıların mümkünlüyündən danışırlar. Bunu bir daha yazıram: Qərbin “lotular”ı müharibənin nə ilə nəticələnəciyini guya bilmirdilər? Bilirdilər. Bilirdilər ki, Ukraynanın bu müharibədə qələbəsi mümkün olmayacaq, Rusiya da Kiyevdə parad etməyəcək. Amma Rusiya Ukraynanın böyük və zəngin hissəsini qoparacaq. Onu qoparandan sonra Rusiya “dincələcək”, Ukraynaya da Qərb patronları deyəcəklər ki,“döyüşməyə gücünüz varsa, yenə pul və silah verəkmi? Yoxdursa, gedin oturub razılaşın...” İndi məhz o mərhələ yetişməkdədir...
Fransa olimpiyadası başlayan kimi Yaxın Şərqdə yeni müharibə anonsunu verilməsi də diqqət çəkdi. 2023-cü ilin oktyabrda İsrail HƏMAS-ın dinc əhaliyə qarşı terror hücumuna cavab olaraq Qəzzada hərbi əməliyyat başlayıb. İsrail hökuməti ilk gündən birmənalı bəyan edirdi ki, Qəzzada və bölgədə HƏMAS-ın hərbi gücünə(40 min silahlısı olduğu deyilirdi) son qoymayınca, dinc dayanmayacaq, sülh olmayacaq. Cəmi 41 km uzunluğunda və 10 km enində, amma iki milyondan çox əhalisi olan Qəzza bu aylarda əsl faciə yaşamaqdadır, 40 mindən çox insan həlak olub (onların sırasında uşsaqlar da var) milyonlarla qaçqın var.
Rusiya müharibəsində olduğu kimi, İsrailin başlatdığı savaşda da xeyli cavabsız suallar var. Dörd tərəfdən ərəb dünyası ilə əhatələnmiş (şimaldan Livan, şimal-şərqdən Suriya, şərqdən İordaniya, cənub-qərbdən Misir və Qəzza zolağı) İsrailin özünü və vətəndaşlarını qorumaq haqqı var. Amma İsrail BMT-nin, dünyanın Fələstin dövlətinin yaranması tələbinə məhəl qoymur. İsrailin dünyada bilinən və bilinməyən çox ciddi dəstəkçiləri, lobbiləri var. Bunlar nədir e, nüvə silahı da var, düzdür, qeyri-rəsmi, amma varıdır...
HƏMAS-ı tam məğlub etməmiş İsrail bu dəfə Livanda sığınacaq tapmış “Hizbullah”la müharibəyə həvəslənib. İyulun 27-də İsrailin nəzarətində olan Colan təpələri atəşə tutulub, futbol meydançasında 12 uşaq və yeniyetmə həlak olub. Colan təpələrinə 50-dən çox mərmi atılıb və zərbənin “Hizbullah”a İranın verdiyi “Fəlaq-1”raketi ilə həyata keçirildiyi iddia edilir. İsrail Livanla müharibədən vaz keçmək üçün hələ ki, yeganə tələbi “Hizbullah” qüvvələrinin İsrail sərhədlərindən çıxarılmasıdır. İddialara görə, “Hizbullah” bu tələblə razılaşmağa meyllidir.
...Həm Ukrayna müharibəsində, həm Yaxın Şərqdə axan qanın durdulmasına ehtiyac var. Dünya təkcə qlobal iqlim dəyişikliyindən deyil(Bakının yayına baxın), bu müharibələrdən də qurtulmaq istəyir. Heç olmasa, növbəti olimpiyadayadək...
Nazim SABİROĞLU,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ