Onlayn ictimai-siyasi qəzet
Yanvarın 31-də keçiriləcək “Olimpiakos” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda Azərbaycan çempionu 3 xalla 34-cü, Yunanıstan təmsilçisi 12 xalla 12-ci pillədə qərarlaşıb.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Yunanıstan mətbuatına açıqlamasında bildirib ki, komandası pley-offa vəsiqə şansını itirsə də, oyuna ciddi yanaşır və matça yaxşı hazırlaşıb.
UEFA Avropa Liqasının əsas mərhələsində səfərdə “Olimpiakos”a qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşən 53 yaşlı mütəxəssis rəqibin əla komanda olduğunu vurğulayıb. Komandasının daxilində stres olmadığını diqqətə çatdıran Q.Qurbanov bu matçdan yaxşı nə isə qazanmaq şanslarının olduğunu söyləyib.
Sabah baş tutacaq oyunla bağlı fikirlərini Medianews.az-a bölüşən idman şərhçisi Natiq Muxtarlı qeyd edib ki, “Qarabağ”ın artıq Avroliqada heç bir hədəfi qalmayıb.
Onun sözlərinə görə, komanda pley-offa çıxmaq şansını itirsə də, növbəti oyuna ciddi hazırlaşır: “Pley-offa çıxmaq şansını itirmək o demək deyil ki, “Qarabağ” “Olimpiakos”la oyuna ciddi yanaşmayacaq. Yox, birincisi, “Qarabağ” heç bir qarşılaşmaya qeyri-ciddi yanaşmır, ikincisi, “atlılar”ın qrupdan çıxmaq şansı olmasa da, digər məqamlar var: UEFA reytinqində xal və heç-heçə və ya qələbəyə görə pul qazanmaq. “Qarabağ” Avrokuboklarda qapını niyə bərk çırpaq istəməsin ki? Amma hazırkı potensial “Olimpiakso”a qalib gəlmək üçün yetərlidirmi? Düşünmürəm. “Qarabağ” daha əvvəl “Olimpiakos”la bir qrupda mübarizə aparıb və məğlub olmayıb. Səfərdə qalib gəlib, evdə heç-heçə edib. Amma indiki “Olimpiakos” o komamda deyil”.
N.Muxtarlı deyib ki, yunan nəhəngi xeyli güclənib, Konfrans Liqasının qalibi olub: “Hazırda da yüksək səviyyəli futbol nümayiş etdirirlər. Çox aqressiv oyun tərzində malikdirlər. Rəqibi ilk dəqiqələrdən təzyiq altında saxlayırlar. Düzdür, “Qarabağ”ın itiriləsi bir şeyi olmadığı üçün bu oyuna sərbəst çıxacaq. Amma bəzi xətlərdə ciddi problem yaşanır. Qapı, müdafiə və hücumda problemlərin olduğu sirr deyil. Üstəlik, komandanın psixoloji durumu da qaydasında deyil. Bir sözlə, “Qarabağ” bacardığı qədər rəqibə müqavimət göstərəcək, amma bu müqavimət sərfəli nəticə üçün yetərli olacaqmı? Bunu birmənalı bildirmək çətindir. “Qarabağ” artıq növbəti avrokubok mövsümünə hazırlaşmalıdır. Bu hazırlıq isə elə “Olimpiakos”la oyundan başlamalıdır”.
31 Yanvar 2025
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ