İnsanlara hürriyət, millətlərə istiqlal!

Ofisiantlıqdan məşhurluğa yüksəldi, ölüm ayağında tək qaldı - VİDEO

Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki buraxılışı Türkiyənin tanınmış müğənnisi İbrahim Erkala həsr olunub.

İbrahim Erkal 10 oktyabr 1967-ci ildə Ərzurumda Əbubəkir Erkal və Xədicə xanımın ailəsində anadan olub.

O, məktəb illərindən bağlama, mandolina və fleyta çalaraq musiqini öyrənməyə başlayıb. Orta məktəbi bitirdikdən sonra Ankarada solfecio və not dərsləri alıb. Daha sonra Ankaranın müxtəlif məkanlarında çıxış edib.

İlk albomundan əvvəl Ərzurum türkülərindən ibarət “Sərxoş Baki” adlı albomunu İbrahim Gözəlsəs adı ilə çıxartdı. 1987-1988-ci illərdə İstanbul Kalender Ordu klubunda solist olaraq hərbi xidmət keçir. Təhsilini İstanbulda Teldən Dilə Musiqi Mərkəzində davam etdirir.

1991-ci ildə pianoçu və ud ifaçısı kimi fəaliyyətə başlayır. 1992-ci ildə Tekirdağın Kumbağ rayonunda 1 il ofisiant işləyir. Həmin ilin sonunda İstanbula qayıdıb musiqi mərkəzində müəllim dostları ilə birlikdə “Tutqu” albomunu hazırlayır.

1993-cü ilin əvvəlində əlində hazır albomu ilə səsyazma studiyalarına yollanır, lakin albomunu heç kimə bəyəndirə bilmir. Hər yerdən əlini üzüb Ərzuruma qayıtmaq üzrə ikən albom İskəndər Ulusun qarşısına çıxır. Onun sayəsində “Tutqu” adlı ilk albomunu çıxarır.

Albomu çıxdıqdan sonra o, ofisiant işlədiyi restoranda ud ifaçısı və solist kimi fəaliyyətə başlayır. 1994-cü ildə “Sıra məndə-ağlımdasan” adlı 2-ci albomunu çıxarır.

1996-cı ildə “Könlünüzə talibəm” adlı 3-cü albomu çıxdı və albomdakı “Canısı” mahnısı ilə bütün Türkiyədə məşhurlaşdı. Elə həmin il rejissor Təməl Gürsunun çəkdiyi “Canısı” filmi ekranlara çıxdı. Rejissoru yenə də Təməl Gürsu olan 26 bölümlük “Canısı” serialı da televiziyada reytinq rekordları qırdı.
1997-ci ildə “Sırılsıklam” adlı 4-cü albomu ilə yüksək satışa nail olur. Daha sonra Təməl Gürsunun çəkdiyi 32 bölümdən ibarət “Sırılsıklam” serialı ilə də uğurunu davam etdirir.

2001-ci ildə İbrahim “Su kimi” albomunu çıxarır. 2002-ci ildə “Bu şöhrəti sevmədim” adlı şeir kitabını çap etdirir. Elə həmin il “Eşqnamə”, 2004-cü ildə isə “Könül limanı” adlı albomlarını çıxarır.

İbrahim Erkal Mövlanə və Yunus aşiqi idi. Təsəvvüflə yaxından maraqlanmış, bu fəlsəfəni həmişə mahnıları ilə həyatında əks etdirmişdi.

İbrahim 2003-cü ildə Filiz Akgünlə ailə qurub. Dilara adlı qızı, Eralp adlı oğlu var.

İ.Erkal 2017-ci il aprelin 12-də evinin dayanacağında qan təzyiqinin düşməsi nəticəsində yıxılır, başı yerə dəyir, beyin qanaxması keçirir və reanimasiyaya yerləşdirilir.

Mayın 9-da İ.Erkalın beyin ölümü qeydə alınır. O, 2017-ci ilin mayın 11-də müalicə aldığı Ümraniyə Təhsil və Araşdırma Xəstəxanasında 50 yaşında dünyasını dəyişir.

Daha ətraflı süjetdə:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR