İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nüvə silahı ilə bağlı o sözü dediyimə görə peşman deyiləm”-Razi Nurullayev  

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ən çox müzakirə olunan mövzulardan biri 90-cı illərdə əldə olunmuş razılaşmaya əsasən, Ukraynanın nüvə silahından məhrum edilməsidir. Bir çoxları hesab edir ki, nüvə silahına malik olsaydı, Ukrayna indiki durumla üz-üzə qalmazdı.

Azərbaycanın yaxın müttəfiqi olan Pakistan nüvə silahına malik ölkələrdəndir ki, bu da mühüm məsələdir. Ötən həftə Azərbaycanın ordu rəhbərliyinin Pakistana səfər etməsi, bu ölkədə keçirilən hərbi təlimlərdə Azərbaycan hərbçilərininyüksək səviyyədə iştirakı və çox yüksək səviyyədə qəbul edilməsi də xoş təəssüratlar yaratdı. Vaxtilə deputat Razi Nurullayev özünün seçki platformasına Pakistandan atom silahı alacağı barədə vədini əlavə edəndə bir çoxları gülüşlə, ironiya ilə qarşılamışdı. Bu mənada R.Nurullayevin fikirlərini öyrənmək istədik, 90-cı illərdən nüvə silahından məhrum edilən Ukraynanın başına gələnlərdən sonra nüvə silahı ilə bağlı dediklərində haqlı olduğunu düşünürmü və dediklərinə o zaman dodaq büzənlərə nə sözü var?

R.Nurullayev cavabında bunları söylədi: “Mən nüvə silahı ilə bağlı o sözü dediyimə görə peşman deyiləm. Ölkələr özlərini qorumaq üçün böyük işlər görməlidir. Nüvə silahına malik olmaq, indiki zamanda dövlətini, millətini qorumaq anlamına gəlir. Bizim nüvə silahına malik olmağımıza, özümüz idarə etməyimizə indi ehtiyac yoxdur və bunu dünya imkan verməz. Amma, Pakistanla dostluğumuzu, qardaşlığımızı daha üst səviyyəyə qaldırmağa ehtiyac var. Nüvə istehsalını isə dinc məqsədlər üçün istifadə etməyə və bu sahədə mütəxəssislərə yetişdirməyə ehtiyac var. Dünyanın get-gedə enerjiyə ehtiyacı artır, təbii resurslar da bitir, əldə etmək çətinləşir, qiymətlər bahalaşır. Onun üçün də bərpaolunan enerji növləri ilə yanaşı dinc nüvə layihəsinin də həyata keçirilməsini sürətləndirsən yaxşı olar”.

Maraqlıdır, indiki situasiyada deputat Pakistanla hərbi əməkdaşlıq müstəvisində daha hansı addımların atılmasını təklif edir? R.Nurullayev: “Pakistanla əməkdaşlığımız Türkiyə səviyyəsinə çatmalıdır. Şuşa Bəyannaməsinin bənzərini Pakistan ilə bağlaya bilsək, bu elə nüvə silahına malik olmaq kimi bir şeydir. Pakistan doğrudan da bizə dost və qardaş ölkədir. Pakistan hər zaman bizi qürurlandırır və buna görə bu ölkəyə minnətdarıq”.

ELŞAD,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR