Onlayn ictimai-siyasi qəzet
Dünyanın ən böyük suveren sərvət fondu olan Norveçin Dövlət Pensiya Fondu (Neft Fondu) 2024-cü ildə 2,511 trilyon kron (222 milyard dollar) mənfəət əldə edib. Musavat.com Fondun hesabatına istinadən xəbər verir ki, milli valyutanın zəifləməsi və texnoloji şirkətlərin səhmlərinin qiymətlərinin artması da daxil olmaqla, investisiya gəlirləri 13 faiz təşkil edib.
Fond səhmlərə investisiyalardan 18 faiz, sabit gəlirli alətlərə investisiyalardan 1 faiz gəlir əldə edib. Daşınmaz əmlaka investisiyalar üzrə 1 faiz, bərpa olunan enerji sektorundakı aktivlər üzrə isə 10 faiz zərər görüb.
Fondun baş direktoru Nikolai Tangen bildirib ki, ötən ilki gəlirliliyin əsas səbəbi çox güclü fond bazarı olub: Xüsusilə, ABŞ-ın texnologiya səhmləri çox yaxşı nəticə göstərib”.
Kronun dəyərinin bir sıra əsas dünya valyutalarına nisbətdə azalması ötən il fondun dəyərini 1,072 trilyon kron artırıb. Fonda vəsait axını isə 402 milyard kron təşkil edib.
Fondun 30 dekabr tarixinə dəyəri 19,742 trilyon Norveç kronu olub. İnvestisiya portfelinin 71,4 faizini səhmlərə, 26,6 faizini istiqrazlara, 1,8 faizini daşınmaz əmlaka, 0,1 faizini bərpa olunan enerji mənbələrinə yönəldib.
Qeyd edək ki, Norveç Dövlət Pensiya Fondu 1990-cı ildə yaradılıb. Fondun idarə edilməsinə cavabdeh olan Norges Bank Investment Management, Norveç mərkəzi bankının bölməsidir.
Hazırda fond dünyanın bütün səhmlərinin təxminən 1,5 faizinə sahibdir və 63 ölkədən 8660-dan çox şirkətin səhmlərinə malikdir. Səhm portfelində ən böyük səhmlərə Apple, Microsoft, Nvidia, Alphabet (Google holdinqi) və Amazon.com məxsusdur. Dövlət qiymətli kağızları portfelində ən mühüm payı ABŞ istiqrazları (demək olar ki, 1,8 trilyon kron), eləcə də daha az dərəcədə Yaponiya və Almaniya istiqrazları tutur.
Qeyd edək ki, Azərbaycanın suveren fondu olan Dövlət Neft Fondu ötən il cəmi 6 faiz gəlirliliyə nail ola bilib.
Musavat.com
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ