Onlayn ictimai-siyasi qəzet
Əgər Azərbaycan-Ermənistan sərhədində bir müddətdir davam edən atəşkəsin bu yaxınlarda pozulması Münxen Təhlükəsizlik Konfransı ilə bağlı idisə, bu, onu deməyə əsas verir ki, erməni baş naziri Nikol Paşinyan cənabları çox zəif “oyunçu”dur, çünki belə ehtimal var idi ki, sərhəddə atəşkəs rejiminin pozulması N.Paşinyana ona görə lazım idi ki, birincisi, Bakıdan Münxen siyasi əhlinə şikayət etsin, ikincisi, heç bir əngəl və mane olmadığı halda bu vaxta qədər sülh sazişini imzalamamasını onunla izah etsin ki, guya Bakı sülh yox, müharibə istəyir...
Amma Paşinyan cənabları Münxhendə nəyəsə nail oldumu? Əlbəttə ki, yox! Həm də ona görə ki, bu konfrans təhlükəsizlik sahəsində mühüm tədbir olsa da onun tövsiyyələri yalnız və yalnız fikir mübadiləsi xarakteri daşıyır,- o, bir növ Davos iqtisadi Forumu kimi bir şeydir, əlbət ki, təhlükəsizlik siyasəti sayəsində...
Bəs əvəzində nə baş verdi? Birincisi, Azərbaycan Prezidenti əsas Avropa liderləri ilə görüşdü, müzakirələr apardı.
Düşünürük və həm də ümid edirik ki, bu mühüm görüşlər Azərbaycan-Avropa müstəvisində son vaxtlarda yaranmış gərginliyi azaltmaq iqtidarında olacaq, çünki avropalılar onları maraqlandıran suallara Azərbaycanın birinci şəxsindən cavablar aldılar ki, bu da çox önəmli bir detaldır.
İkincisi, Azərbaycan-Ermənistan liderlərinin ikitərəfli görüşü baş tutdu və bu görüş Makronsuz-filansız, yəni Fransa prezidentinin iştirakı olmadan keçdi və bu, bir daha onu göstərdi ki, Azərbaycan özünün son bəyanatlarına sadiqdir. Yada salaq ki, rəsmi Bakı bu yaxınlarda bəyan etmişdi ki, onun yağışdan sonra göbələk kimi artan vasitəçilərə qəti ehtiyacı yoxdur, Bakı və İrəvan onların iştirakı olmadan da anlaşa blər.
Təəssüf ki, görüşdə nələrin müzakirə olunması bizə bəlli deyil. Məlum olanı budur ki, İrəvanın son bəhanəsi konstitusiyaya və müstəqillik aktına düzəliş etməkdir. Amma burada da bəzi məqamlar var. Birincisi, bilinmir ki, Paşinyan və komandası bu məsələdə nə qədər qətiyyətli və israrlıdır? İlk baxışda belə təəssürat yaranır ki, İrəvan sülh sazişini imzalamamaq üçün və yaxud da bu prosesi uzatmaq üçün yaxşı bəhanə tapıb. Bir tərəfdən də məsələ ciddidir, çünki nə vaxtsa imzalanacaq sülh sazişinin etibarlılığı və dayanıqlığı bununla bağlıdır. Digər tərəfdən isə, cəmiyyətin bu məsələyə dəqiq münasibəti bəlli deyildir.
Biz bu sətirləri yazanda belə xəbərlər deyilirdi ki, guya erməni müxalifəti fevralın 20-də böyük mitinqlərə hazırlaşır. Ən maraqlısı budur ki, mitinqin məqsədi N.Paşinyanın qərbpərəst siyasətinə etiraz etmək və ona son qoymaqdır. Bu nə deməkdir? Yoxsa Rusiya Paşinyana qarşı qəti hücuma keçir?
Hələ ki tam məlum deyil, amma o da var ki, erməni baş nazirin əsas opponentləri məhz rusiyayönümlü müxalifətdir...
Bir sözlə, görək, nə olur? Bizim proqnozumuza gəldikdə, düşünürük ki, rusiyayönümlü müxalifətin daxildə revanş götürməsi üçün hələ həlledici məqam yetişməyibdir. Həm də burada başqa məqam da var. Kremldə də belə hesab edirlər ki, Ermənistanın son vaxtlarda yürütdüyü qərbpərəst siyasət yalnız Nikol Paşinyanla bağlıdır. Belədirmi? Bizə elə gəlir ki, yox, çünki İrəvanı bu vaxta qədər Rusiyanın orbitində saxlayan ən əsas məsələ keçmiş Dağlıq Qarabağ problemi idi. O, artıq yoxdur, üstəlik, nəinki erməni ordusu, hətta erməni əhalisi də otuz ildən sonra keçmiş Dağlıq Qarabağdan, necə deyərlər, dabanlarına tüpürüb qaçdılar. Odur ki, daha Rusiya onlara lazım deyil...
Əlbəttə, İrəvanın Qərbə istiqamət götürməsində Nikol Paşinyanın da rolu var və biz bunu tamam inkar etmirik. Amma belə olduğu təqdirdə erməni baş nazirin Qərb siyasi kampaniyasının nə ilə bitəcəyini proqnozlaşdırmaq elə də asan məsələ deyil, çünki Nikol elə də mahir siyasi “oyunçu” deyil. Biz daim qeyd edirik ki, erməni cəmiyyəti Nikola bu vaxta qədər ona görə dözüb ki, o, daha müharibə istəmir. Nikol isə qətiyyət göstərib Bakı ilə sülh sazişi imzalamır, ölkəsinin regional siyasətini kardinal şəkildə dəyişməyə tələsmir və əgər belə davam etsə, o, gec-tez bunun da bədəlini ödəyəcək...
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ