İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada yaşamaq istəyənlər oxusun: yeni rüsumlar tətbiq edildi

Rusiyada sentyabrın 1-dən etibarən miqrantlarla bağlı yeni qaydalar qüvvəyə minib.

Musavat.com xəbər verir ki, yaşayış yerində qeydiyyat və müvəqqəti qalma müddətinin uzadılması üçün dövlət rüsumları artırılıb.

Bundan sonra qeydiyyat üçün 500 rubl, müddətin uzadılması üçün isə 1000 rubl ödənilməlidir. Bu dəyişiklik miqrantların ölkədə rəsmi nəzarətdə saxlanmasını gücləndirməyə yönəlib.

Moskva və ətraf regionlarda yaşayan bütün xarici vətəndaşlar artıq geolokasiya izlənməsini mümkün edən xüsusi mobil tətbiqdən istifadə etməyə məcbur edilirlər. Bu sistem vasitəsilə miqrantlar müəyyən vaxtlarda öz məkan məlumatlarını Daxili İşlər Nazirliyinə göndərməlidirlər. Əgər üç iş günü ərzində bu məlumat ötürülməsə, həmin şəxs “nəzarət olunan şəxslər” reyestrinə salına və deportasiya oluna bilər.

Yeni qaydalara görə, işəgötürənlərin miqrant işçiləri ilə bağlı MVD-yə təqdim etdiyi bildiriş forması da dəyişdirilib. Artıq bir işçiyə bir neçə iş ünvanı göstərmək mümkündür. Bununla yanaşı, patent əsasında işləyən miqrant qonşu regionda da fəaliyyət göstərə bilər, əgər müvafiq regionlar arasında razılaşma varsa.

Sərhəd xidməti də əlavə səlahiyyətlər əldə edib. Sentyabrın 1-dən etibarən miqrantlara ölkəyə giriş qadağası qoyula bilər və bunun üçün izahat verilməsi məcburi deyil. Qadağa sadəcə “ölkənin təhlükəsizliyinin təmin edilməsi məqsədilə” əsaslandırıla bilər.

Bu dəyişikliklər fonunda sənədlərini vaxtında qaydaya salmayan miqrantların deportasiya olunması və ölkəyə yenidən girişinə qadağa qoyulması ehtimalı da artır. Yeni qaydalar həm miqrantların gündəlik həyatına, həm də iş yerlərinə daha sərt nəzarət gətirir və bu, humanitar baxımdan narahatlıqlar yaradır.

ALLAHVEREN.png (811 KB)

Deputat, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Rusiyada yalnız bu deyil, həmçinin əmək patentlərinin verilməsi və digər ödənişlərdə də rüsumlar əhəmiyyətli dərəcədə artırılıb. Bunun adını müxtəlif cür demək olar – qanunsuz miqrasiya ilə mübarizə, miqrasiya proseslərinin effektiv idarə olunması və sairə. Amma reallıq odur ki, Rusiya hökuməti müəyyən iqtisadi boşluqları doldurmağa çalışır. Ən azı əlavə olaraq büdcəyə vəsaitlərin daxil olmasına nail olunur.

Nəticə etibarilə hökumət Rusiya ərazisində daha uzunmüddətli qalıb əmək fəaliyyəti ilə məşğul olmaq istəyən və ya müxtəlif əsaslarla müvəqqəti yaşama icazəsi almaq istəyən şəxslərin prosesini maksimum faydalı niyyətə çevirməyə çalışır. Bu, miqrantların iqtisadi vəziyyətinə mənfi təsir göstərsə də, Rusiyanın bu addımlarının sırf ölkənin iqtisadi maraqlarından irəli gəldiyini görürük”.

Deputat qeyd edib ki, sentyabrın 1-dən etibarən təkcə rüsumlar artırılmır, eyni zamanda yeni qaydalar da qüvvəyə minir:

“Bunlar sərt qaydalar kimi də dəyərləndirilir. Rusiya ərazisində daha uzunmüddətli qalmaq niyyətində olan miqrantlar üçün müəyyən olunmuş şərtlər toplusu kifayət qədər geniş və sərtdir. Görünən odur ki, Rusiya “qanunsuz miqrasiya” adı altında miqrasiya proseslərini ölkənin büdcəsinə böyük fayda verəcək bir prosesə çevirib. Necə ki, bir neçə il əvvəl Rusiya rəsmiləri deyirdilər: miqrantlar ölkəyə fayda verən zümrəyə çevrilməlidir. Bütün bu sərtləşmələr və şərtlərin ağırlaşdırılması da ona xidmət edir ki, ölkəyə daxil olan miqrant faydalı bir şəxsə çevrilsin və dövlət bundan maksimum yararlansın”.

Qeyd edək ki, bu ildən Rusiyada miqrantlarla bağlı yeni qərarlar qüvvəyə minib və bir sıra mühüm tədbirlər 2025-ci ilin müxtəlif tarixlərindən etibarən tətbiq olunub. Rusiyada fevralın 5-dən etibarən polisə məhkəmə qərarı olmadan qeyri-leqal yaşayan miqrantları deportasiya etmək səlahiyyəti verilib. Eyni zamanda miqrasiya qanunvericiliyinin pozulmasına görə əcnəbilərə cərimələr tətbiq edilməyə başlanıb. Qanunu pozan şəxslər mənzil və avtomobil almaq, bank hesabı açmaq, nikaha daxil olmaq, sərbəst hərəkət etmək kimi hüquqlardan da məhrum edilə bilərlər.

Martın 5-dən qüvvəyə minən digər sərtləşdirmələrə əsasən, polis miqrantların evlərinə sərbəst daxil olmaq hüququ qazanıb. Bununla yanaşı, geolokasiya, ödəniş sistemləri, üz tanıma və digər rəqəmsal vasitələrlə miqrantların izlənməsi qanuni əsas alıb. Bu, daha əvvəl tətbiq edilən 90 gündən artıq qalma qadağası və bir evdə maksimum dörd nəfərin qeydiyyata alınması kimi tələblərə əlavə olunub.

Aprel ayında isə Rusiya prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyi tərkibində “Vətəndaşlıq və Xarici Vətəndaşların Qeydiyyatı Xidməti” adlı yeni dövlət qurumunun yaradılmasını təsdiqləyib. Bu xidmət qeydiyyat və vətəndaşlıq məsələlərini vahid struktur çərçivəsində idarə edəcək.
Eyni zamanda, 2024-cü ilin avqustundan qüvvədə olan “Shared Values Visa” proqramı da 2025-ci ildə davam etdirilir. “Anti-woke” adlanan bu xüsusi viza ilə Qərbdən gələn və liberal ideologiyaya qarşı olan şəxslərə üstünlüklər təqdim olunur. Proqram çərçivəsində rus dili və mədəniyyəti üzrə imtahan tələb olunmur, oturum və vətəndaşlığa keçid imkanları isə daha asanlaşdırılıb. 2025-ci ildə bu vizadan təxminən 700 nəfər yararlanıb.

Beləliklə, həm deportasiya səlahiyyətlərinin genişləndirilməsi, həm də polis nəzarətinin sərtləşdirilməsi, eləcə də dövlət idarəçiliyində yeni struktur dəyişikliyi Rusiyanın miqrasiya siyasətinin xeyli sərtləşdiyini göstərir. Bununla yanaşı, “Shared Values Visa” kimi ideoloji xarakterli təşəbbüslər ölkənin miqrasiya yanaşmasının yalnız iqtisadi deyil, həm də siyasi-ideoloji çərçivədə formalaşdırıldığını ortaya qoyur.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR