İnsanlara hürriyət, millətlərə istiqlal!

Andrey Parubiyin qətlinin arxasından birbaşa Kreml çıxdı - ŞOK VƏ YENİ DETALLAR

Ukraynada Ali Radanın sabiq spikeri, “Maydan” hərəkatının liderlərindən biri olan Andrey Parubiyin qətli ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.

Musavat.com xəbər verir ki, Lvovda kuryer geyimində yaxınlaşan silahlı şəxs ona səkkiz güllə ataraq hadisə yerindən elektrovelosipedlə uzaqlaşıb. Parubiy həkimlər gəlməzdən əvvəl dünyasını dəyişib. Bu, ona qarşı ilk sui-qəsd deyildi – 2014-cü ildə də ona qumbara ilə hücum olunmuşdu.

Ukraynanın daxili işlər naziri İqor Klimenko açıqlayıb ki, şübhəli şəxs Xmelnitski vilayətində saxlanılıb. Onun sözlərinə görə, cinayət diqqətlə hazırlanıb: mərhumun hərəkət qrafiki öyrənilib, marşrut müəyyənləşdirilib, qaçış planı əvvəlcədən düşünülüb. Ukrayna Prezidenti Volodimir Zelenski də məsələ ilə bağlı baş prokurorla danışdığını bildirib və istintaqın bütün detalları ilə aparıldığını vurğulayıb.

Ukrayna mediasının son məlumatlarına görə, saxlanılan şübhəli şəxsi Rusiya xüsusi xidmət orqanları bir il boyunca şantaj ediblər. İddiaya əsasən, işğal zamanı həlak olmuş oğlunun cəsədinin gizlədildiyi yeri açıqlamaqla hədələyən Kreml agentləri ondan “hər hansı tanınmış ukraynalı siyasətçini öldürməyi” tələb ediblər. Şübhəli isə Parubiyi seçib, çünki onun ünvanını bilirdi.

Araşdırmalarda ortaya çıxıb ki, qətlin icrası üçün lazım olan silah da Rusiya xüsusi xidmət orqanları tərəfindən verilib, qaçış üçün isə əvvəlcədən üç maşın hazırlanıb. Cinayətdən sonra şübhəli silah və telefonu suya atıb, geyimlərini isə meşədə yandırıb. O, saxlanıldıqdan sonra cinayəti etiraf edib və istintaqa geniş ifadələr verib.

Ekspertlər qeyd edirlər ki, bu qətl bir daha Kremlin terror siyasətinin bariz nümunəsidir. Putinin rejimi əvvəllər də siyasi sui-qəsdlərdən və şantaj mexanizmlərindən geniş istifadə edib. Parubiyin öldürülməsi də Rusiyanın regionda apardığı qeyri-rəsmi, amma sistemli “terror əməliyyatları”ndan biri kimi dəyərləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR