Onlayn ictimai-siyasi qəzet
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Bakıya səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşdiyini nümayiş etdirib. Prezident İlham Əliyevlə keçirilən görüşdə səsləndirilən fikirlər, xüsusilə enerji, nəqliyyat, humanitar və beynəlxalq diplomatiya sahələrində gələcək əməkdaşlığın genişlənəcəyini göstərib.
Bu fikirləri Musavat.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Roza Bayramlı bildirib.
Ekspertin sözlərinə görə, ikitərəfli münasibətlər artıq illərdir ki, siyasi sabitlik, müsbət iqtisadi dinamika və qarşılıqlı etimad prinsiplərinə əsaslanır:
“2021-ci il yanvarın 21-də Azərbaycanla Türkmənistan arasında imzalanmış Xəzər dənizində yerləşən “Dostluq” yatağının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu, Transxəzər Beynəlxalq nəqliyyat dəhlizinin inkişafı bu əməkdaşlığın konkret təzahürləridir.
Qeyd etmək lazımdır ki, cari ilin iyunun 18-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və Türkmənistanın Azərbaycan Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş “Azərbaycan–Türkmənistan arasında çoxşaxəli əməkdaşlıq: nailiyyətlər və perspektivlər” adlı elmi-praktik simpozium bu əlaqələrin elmi və strateji əsaslarının möhkəmləndirildiyini bir daha nümayış etdirib.
Ekspertlərin iştirakı ilə keçirilən tədbirdə siyasi, iqtisadi, nəqliyyat-logistika, enerji təhlükəsizliyi, yaşıl enerjiya keçid, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığının regional sabitlik üçün əhəmiyyəti və ikitərəfli münasibətlər üçün açdığı imkanlar müzakirə olunub.
Bundan başqa, Azərbaycanla Türkmənistan beynəlxalq platformalarda - xüsusilə BMT, Qoşulmama Hərəkatı, İƏT və Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində geniş əməkdaşlıq edirlər. Müasir geosiyasi vəziyyətdə TDT regional sabitlik, iqtisadi inteqrasiya və nəqliyyat-logistika körpülərinin qurulması baxımından strateji platforma rolunu oynayır. Türkmənistanın müşahidəçi statusunda çıxış etməsinə baxmayaraq, bu təşkilat daxilində Azərbaycanla Türkmənistan arasında münasibətlər qarşılıqlı dəstək əsasında inkişaf edir.
Bütün bu proseslər fonunda Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin güclənməsi, “Mərkəzi Asiya + Azərbaycan” formatında əməkdaşlıq və Qurbanqulu Berdiməhəmmədovun Bakıya səfəri bir daha təsdiqləyir ki, Bakı və Aşqabad arasında münasibətlər inkişaf edir və gələcəkdə əməkdaşlıq imkanları daha genişlənəcək. İkitərəfli münasibətlərin inkişafının müsbət dinamikası regionda sabitlik və rifaha xidmət edəcək”.
Nigar HƏSƏNLİ,
Musavat.com
18 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ