İnsanlara hürriyət, millətlərə istiqlal!

Telegram üz tanıma ilə yaş yoxlamasına başlayır – sənəd tələb olunmur

Telegram messenceri üz tanıma texnologiyasına əsaslanan yaş yoxlaması funksiyasını test etməyə başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə ixtisaslaşmış texnoloji mənbə “Durovun Kodu” məlumat yayıb. Bildirilir ki, yenilik hələlik yalnız test serverində tətbiq olunur və eksperimental xarakter daşıyır.

Yayılan görüntülərdə istifadəçiyə dairəvi çərçivədə başını yavaş-yavaş hərəkət etdirərək prosesi tamamlamaq təlimatı verilir. Sistemin əsas məqsədi istifadəçinin yaşını üz tanıma əsasında təyin etmək və müəyyən yaş həddindən aşağı olan şəxslərin yetkinlərə yönəlik məzmunlara çıxışını məhdudlaşdırmaqdır.

Qeyd olunur ki, test mərhələsindəki bu mini-tətbiq şəxsiyyət vəsiqəsi və ya digər sənəd tələb etmir. Yalnız kameranın köməyi ilə biometrik məlumatlar üzərindən təhlil aparılır. Telegram platforması bu mexanizmi “yaş doğrulaması” funksiyası kimi təqdim edir və istifadəçi məlumatlarının məxfiliyinin qorunduğunu vurğulayır.

Lakin ekspertlər bildirirlər ki, bu cür texnologiyalar, xüsusilə biometrik sistemlər istifadəçinin gizliliyinə dair suallar doğurur. Telegram özünü “maksimum azadlıq və məxfiliyə zəmanət verən” platforma kimi təqdim etsə də, üz tanıma texnologiyası ilə yaş yoxlamasının bu prinsipə nə dərəcədə uyğun olduğu müzakirə mövzusudur. 

4c5e0c2c-bf52-434d-befc-cf732d467c03.jpeg (46 KB)

Telegram son dövrlərdə platformada yayımlanan həssas kontent və qeyri-etik paylaşımlar səbəbindən beynəlxalq ictimaiyyətin və texnoloji ekspertlərin tənqidlərinə məruz qalıb. Məhz bu səbəbdən şirkətin yaşa nəzarət funksiyası tətbiq etməyə başlaması bu sahədə məsuliyyətli davranışın göstəricisi kimi qiymətləndirilir.

Xatırladaq ki, bir çox digər platformalarda – məsələn, Discord və TikTok-da – yaş doğrulaması üçün sənəd təqdim olunması və ya üçüncü tərəf xidmətlərinin istifadəsi tələb olunur. Telegram isə bu məsələyə fərqli yanaşaraq, istifadəçi yükləməsi tələb etməyən, yalnız üz hərəkəti ilə həyata keçirilən model təqdim edib.

Yeniliyin nə vaxt geniş şəkildə istifadəyə veriləcəyi və istifadəçilərdən hansı əlavə məlumatların tələb olunacağı hələlik bəlli deyil. Lakin “Durovun Kodu”nun məlumatına görə, bu mexanizm Telegram-da yaxın gələcəkdə məzmun filtrinin və yaşa görə məhdudiyyətlərin əsas vasitəsinə çevrilə bilər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR