İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nəticə acınacaqlıdır” - deputat

Deputat Razi Nurullayev parlamentdəki çıxışında bildirdi ki, ünvanlı dövlət sosial yardımı haqqında qanunun “Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır” bəndi birmənalı olaraq ehtiyacı olan ailələrin bu yardımı almasını əngəlləyir.

“Kritik ehtiyacı olan vətəndaş, ailə qonum-qonşunun, qohum-əqrabanın və icra hakimiyyətlərinin bayram günlərində verdiyi ərzaq zənbilləri ilə dolanmalı olur. Qalan günlər isə icra hakimiyyətlərinin, deputatların və digər dövlət orqanlarının ya qapısını döyür, yaxud da məktub ünvanlayır. O vətəndaşdan, o ailədən tələb olunur ki, özü və ailə üzvləri üçün iş yerindən aldığı əmək haqqı barədə arayış gətirsin. O adam, o ailə işləyirsə yardımı neynir? Bu bəndi antoqonist, humanizmdən kənar bir bənd kimi xarakterizə edərdim”-deyə, R.Nurullayev bildirdi.

Deputatın sözlərinə görə, burada bir incə məqam var ki, qanunun bu bəndi dolanışığı olanların yardım almasına kömək edir, kritik ehtiyacı olanların isə almasını heçə endirir: “Az-çox ətrafı olan dost-tanışdan xahiş edir ki, onları işə götürsünlər və yəqin ki, vergi fərqini ona ödəyir. Yazıq bəndə isə hər kəsə, o cümlədən deputata yalvarır ki, onun adını bir idarəyə, şirkətə yazdırsın və arayış almağına kömək etsin. O yazıq bəndəyə heç kim nə iş verir, nə də arayış, bunu yüz faiz əminliklə deyirəm”.

Deputat dedi ki, nəticə acınacaqlıdır: “Kritik kasıblıq həddində olan ailə yardım ala bilmir, ətrafı olanlar isə alır. Ona görə də vətəndaşlar deyəndə ki, ünvanlı sosial yardımı da az-çox imkanlılar alır, düz deyirlər. Yardımı kasıblar yox, həqiqətən az-çox imkanı olanlar alır. Hörmətli deputat həmkarımız, komitə sədri Musa Quliyev, bu cür məsələlərin ehtiyacı olanların xeyrinə dəyişilməsi üçün çalışır. Inanıram ki, biz bu məsələni müzakirə edib, aidiyyatı orqanlarla da razılaşdıra bilərik ki, ya bu bəndə düzəliş edək, ya da yeni maddə əlavə edək ki, müvafiq icra hakimiyyəti qurumu müraciət edən ailənin yaşayış və ehtiyacına uyğun istisna qərarlar versin, yaxud sosial müavinətlər haqqında qanunla tənzimlənsin. Hər rayonda və kəndlərində 3-4 min belə kritik ehtiyacı olan şəxslər var. Onlardan 25-30 faizi lap kritik vəziyyətdədir. Digər tərəfdən də rayonlarda ödənişli sosial işlərin miqyası kəskin şəkidlə azaldılır və onlarla, bəzən yüzlərlə insanlar xidmətdən azad olunurlar. Qanuna düzəlişlər edək ki, kritik vəziyyətdə olan kasıblar dövlətin məhz onlar üçün yaratdığı bu imkandan istifadə etsinlər”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR