Onlayn ictimai-siyasi qəzet
Neftçala rayonunda 1972-ci il təvəllüdlü Ziya ailə münaqişəsi zəminində arvadı Ayselə (adlar şərti verilib - red.) illərlə işgəncə verib, nəticədə qadın özünü öldürüb.
Teleqraf.com-un məlumatına görə, Ziya 17 oktyabr 1994-cü ildən rəsmi nikah əsasında ər-arvad münasibətində olmaqla ondan maddi və mənəvi cəhətdən faktiki asılı vəziyyətə düşmüş arvadı Ayselin 1995-ci ilin yay aylarından başlayaraq ailə münaqişəsi zəmində Neftçala rayonunun Xəzər kəndində yerləşən evində ona qarşı nalayiq ifadələr işlədib, ləyaqətini mütəmadi olaraq alçaldıb və zor tətbiq edib. O, arvadına qarşı amansız rəftar edib, siqaretin közlərini bədənə basıb.
Həmçinin 7 oktyabr 2023-cü ildə saat 22 radələrində həyətdə Ayselin bədəninin müxtəlif nahiyələrinə vurub.
Aysel 10 oktyabr 2023-cü ildə səhər saatlarında yaşadığı evin hayətindəki metal borudan təsərrüfat ipi ilə özünü asaraq intihar edib. Ölümündən sonra Ayselin yataq otağında aşkar olunmuş kağız parçasında ölümündə Ziyanın günahkar olduğu yazılıb. Digər məktubda isə balalarından onu bağışlamağı istəyib.
İstintaq orqanı tərəfindən Ziyanın barəsində Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 128-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ziya ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, rəsmən heç bir yerdə işləmir və kənd təsərrüfatı ilə məşğul olur:
“17 oktyabr 1994-cü ildə Aysellə rəsmi nikaha girmişəm. Birgə nikahdan 1995-ci ilin təxminən yay aylarında kənd xəstəxanasında qız övladımız dünyaya gəldi. İki-üç gün xəstəxanada qaldıqdan sonra evə gətirdiyimiz uşaq vəfat etdi. Birgə nikahdan 1997 və 2003-cü illərdə daha iki övladımız dünyaya gəldi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 1995-ci ildə arvadı onadan icazə almadan onun valideyinləri ilə birlikdə atasının evinə getdiyinə görə aralarında mübahisə düşüb:
“Bu hadisə mənə çox pis təsir etdi. Hər dəfə yadıma düşəndə Aysellə mübahisə edirdim. Əsəbləşədiyim üçün onu döyürdüm. Bunu qəbul edə bilmirdim.
Məndən icazəsiz getdiyinə görə 1995-ci il tarixdən etibarən mütəmadi olaraq, yəni hər dəfə hadisə yadıma düşəndə arvadımı döymüşəm, söyüb təhqir etmişəm. Son zamanlar da bu səbəbdən aramızda münaqişələr olub.
Oğlum Vəli 2023-cü ildə qanunsuz erməni silahlı birləşmələri tərəfindən həyata keçirilən terror təxribatları nəticəsində yaralandığı üçün məzuniyyətə buraxıldı və yaşadığımız evə gəldi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, qaynanası Səmayə, baldızları, baldızı oğlu və kürəkəni Vəlini görməyə gəliblər:
“Həmin vaxt qaynanam Səmayə ilə ümumiyyətlə görüşmədim. Digərləri ilə sadəcə salamlaşaraq evdən çıxıb kənd ərazisinə getdim. Qaynanam atam Yavər rəhmətə gedəndə yas mərasiminə gəlmədiyinə görə heç vaxt onun bizə gəlməyini istəmirdim. Qaynanamla münasibətim yaxşı deyildi. İki dəfə ailə qurduğuna görə ona nifrət edirdim. Bununla bağlı da arvadım Ayseli döyüb, təhqir edirdim. Oğlum Vüsala zəng vurub qaynanamgilin getdiyini öyrənəndə evə qayıtdım. Evdə arvadımla mübahisə etməyə başladıq. Ondan anasının nə səbəbə mərhum atamın yas mərasiminə, eləcə də övladlarım Vəli və Vüsal hərbi xidmətə gedib-gələn zaman təşkil olunan məclislərə gəlmədiyini soruşdum. Həmin vaxt Vəli və Vüsal evdə olduğu üçün Ayseli vurmadım”.
Ziyanın sözlərinə görə, həmin gün təxminən saat 22 radələrində Vüsal evdən kənd ərazisinə tanışları ilə görüşmək üçün çıxıb, Vəli isə xəstə olduğu üçün evdə qalıb:
“Vəli yatdıqdan sonra Ayseli evin həyətinə çağırdım. Əsəbim keçmədiyinə görə yenə də anası Səmayənin nə səbəbə bizə gəldiyini soruşdum, ayağına təpiklə vurdum. Əsəbi olduğuma görə daha hansı nahiyələrinə zərbələr vurduğumu xatırlamıram. Ayselinin anasının və özünün ünvanına söyüşlər söydüm. O da vurduğum üçün ağladı. Vüsal həyətə girəndə döyməyi dayandırdım. Vüsal üstümə gələrək nə səbəbə anasını döydüyümü soruşdu və qardaşı Vəlini oyatdı. Onlar analarını bir daha döyməməyimi xahiş etdilər”.
Ziya bildirib ki, oktyabrın 10-da saat təxminən 10 radələrində yuxudan oyanıb və arvadının evin həyətindəki dəmir borudan özünü iplə asdığını görüb:
“Dərhal Neftçala Rayon İcra Hakimiyyəti Başçısının Xəzər Kənd İcra Ərazi Dairəsi üzrə nümayəndəsinə məlumat verdim. Nümayəndə mənə polis və prokurorluq işçilərinə xəbər verəcəyini dedi. Ayseli ipdən açmadım, hüquq-mühafizə orqanları əməkdaşlarının gəlişini gözlədim”.
Ziya qeyd edib ki, evə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər:
“Meyitin daxili müayinə olunması üçün Neftçala Rayon Mərkəzi Xəstəxanasına apardılar. Sonradan oğlum Vəli və Vüsalın həmin gün saat dörd radələrində evdən getdiklərini öyrəndim”.
Ziya ifadəsində göstərib ki, intiharda özünü təqsirli bilir:
“Aysel dəfələrlə döyülərək təhqir olunduğu üçün dözməyərək intihar edib. Son zamanlar onunla aramızda tez-tez mübahisələr olurdu. Sonuncu dəfə oktyabrın 7-də ana-bacısının ünvanına nalayiq söyüşlər söydüyümə və onu döydüyümə görə intihar edib.
Aysel əvvəllər özünü öldürməyə cəhd etməyib, hər hansısa psixi xəstəlikdən əziyyət çəkməyib”.
Bu cinayət işinə Neftçala Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ziya beş il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ