Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) yaradıldığı vaxtdan 31 dekabr 2024-cü il tarixinədək olan dövrdə 207,3 milyard ABŞ dolları gəlir əldə edib. Bura həm Azərbaycanda həyata keçirilən mədən hasilatı layihələrində dövlətə çatan mənfəət, həm də Fondun aktivlərinin investisiyasından əldə olunan gəlirlər daxildir.
ARDNF-in Risklərin İdarə Edilməsi Departamentinin direktoru Vadim Pşeniçnının verdiyi məlumata görə, Fondun fəaliyyəti dövründə neft-qaz sazişlərindən əldə olunan ümumi gəlirlər 192,4 milyard ABŞ dolları təşkil edib: “Bu, bütün gəlirlərin 92,8 faizidir. Ötən dövrdə Fondun investisiya gəlirləri 14,9 milyard ABŞ dollarına – ümumi gəlirlərin 7,2 faizinə bərabər olub".
Fond rəsmisinin sözlərinə görə, hazırda Dövlət Neft Fondunun illik investisiya gəlirləri neft gəlirləri ilə müqayisə olunacaq səviyyəyə çatıb. O bildirib ki, ARDNF-in neft gəlirləri artdıqca portfeldə daha gəlirli və eyni zamanda daha riskli aktivlərin payını artıra biliblər: “Bu baxımdan son illərdə investisiya gəlirlərimiz həm büdcə öhdəliklərini icra etməyə imkan verib, həm də daha yüksək gəlir əldə etməyə səbəb olan portfelə malik olmuşuq. Son 25 ildə Fondun investisiya gəlirləri 14,9 milyard ABŞ dollarına çatıb”.
2015-2024-cü illərdə Fond maliyyə aktivlərinin idarə edilməsindən ümumilikdə 7,2 milyard ABŞ dolları gəlir əldə edib. ARDNF-in Risklərin idarəedilməsi departamentinin Aktivlərin bölgüsü, risk və gəli̇rli̇li̇yi̇ şöbəsi̇nin müdiri Toğrul Rəhimbəylinin dediyinə görə, bu məbləğin 2,7 milyard ABŞ dollarını istiqrazlara, 3,5 milyard ABŞ dollarını səhmlərə, 1 milyard ABŞ dollarını isə daşınmaz əmlaka investisiya qoyuluşundan əldə edilən gəlirlər təşkil edib.
T. Rəhimbəyli vurğulayıb ki, ARDNF öz strategiyası çərçivəsində gəlirliliyi artırmaq və risklərdən sığortalanmaq məqsədilə portfelin şaxələndirilməsini həyata keçirir: “Daşınmaz əmlak və səhmlərin payının nisbətən az olmasına (cəmi 21 faiz) baxmayaraq, onların ümumi mənfəətə töhfəsi təxminən 63 faiz təşkil edib. Bu iki alətə investisiya etməsəydik, investisiya portfelinin həcmi 60 milyard dollar deyil, təxminən 53,6 milyard dollara bərabər olardı".
T.Rəhimbəyli vurğulayıb ki, son 7 ildə ARDNF-in investisiya portfelinin orta illik gəlirliliyi təxminən 3 faiz təşkil edib.
Ötən müddət ərzində Neft Fondunun daşınmaz əmlaka investisiyaları 3,5 milayrd dollara, onların investisiya portfelində payı isə 5,9 faizə çatıb. 2024-cü il dekabrın 31-dək daşınmaz əmlak üzrə orta illik gəlirliliyi 2,9 faiz, ümumi qazanc isə 1 milyard ABŞ dolları təşkil edib.
Fondun İnvestisiya departamentinin direktoru Fərhad Zeynalovun dediyinə görə, müəyyən dövrlərdə daşınmaz əmlak investisiyalarından gəlirlilik olmayıb. Son 3 ildə bu, özünü xüsusilə qabarıq büruzə verib, daşınmaz əmlak sektorunda tənəzzül qeydə alınıb. Buna səbəb qlobal inflyasiyanın yüksəlməsi fonunda mərkəz bankların faizləri artırmalarıdır. Ötən ilin ikinci yarısından daşınmaz əmlak investisiyalarından gəlirliliyin yüksəlməyə başlaması qeydə alınıb. Bu, qlobal inflyasiyanın zəifləməsi fonunda faizlərin endirilməsi prosesinin sürətlənməsi nəticəsində mümkün olub.
F.Zeynlov bildirir ki, ümumilikdə, daşınmaz əmlak investisiya portfelinin region və sektorlar üzrə bölgüsünün qlobal daşınmaz əmlak indeksinə uyğun aparılması planlaşdırılır.
Neft Fondu daşınmaz əmlaka investisiyalar birbaşa və fondlar fasitəsilə həyata keçirilib. Birbaşa investisiyalar hazırda 4 ölkədə yerləşən daşınmaz əmak obyektindədir: “Hazırda 4 daşınmaz əmlaka edilən birbaşa investisiyalarımız mövcuddur. Bunlar Moskva, Tokio, Paris və Londonda yerləşir. Biz bu il üzrə də daşınmaz əmlaka investisiyalarımızı davam etdirməyi planlaşdırırıq".
ARDNF Fondlar vasitəsilə investisiyalarla dünyanın müxtəlif yerlərində daşınmaz əmlaklar üzrə pay əldə edir. Hazırda ABŞ, Avropa və Asiyada daha çox olmaqla dünyada 500-dən çox daşınmaz əmlak obyektində Fondun payı var.
Neft Fondunun cari ildəki planlarına, investisiya siyasətinə gəlincə, bunların əsasə 2024-cü ildən qoyulub. Dövlət Neft Fondunun Risklərin idarəedilməsi departamentinin Aktivlərin bölgüsü, risk və gəlirliliyi şöbəsı̇nin müdiri Toğrul Rəhimbəylinin dediyinə görə, cari ilin investisiya siyasəti ötən il müəyyənləşdirilib: “Həmin siyasətə uyğun olaraq bu ildən Fondun valyuta bölgüsündə ABŞ dolları və qızıl, avro, ingilis funtu minimum 85 faiz, digər valyutalar üzrə isə 15 faiz paya sahib olması planlaşdırılır. Fondun investisiya siyasətinin aktiv bölgüsündə isə istiqrazlar 40 faiz, səhmlər 25 faiz, daşınmaz əmlak və infrastruktur 10 faiz, qızıl 25 faiz paya sahib olacaq".
Fondun 2024-cü ildəki fəaliyyətinin yekunlarına həsr olunmuşr tədbirdə verilən məlumata əsasən indiyədək Fondun ümumi xərcləri 147,3 milyard dollar təşkil edib. Bunun 132,6 milyard dolları dövlət büdcəsinə transfertin payına düşür. Ötən müddətdə layihələrin maliyyələşdirilməsinə 11,9 milyard ABŞ dolları, büdcədənkənar xərcləri 2,3 milyard ABŞ dolları, Fondun əməliyyat xərcləri isə 0,47 milyard ABŞ dolları təşkil edib".
Musavat.com
06 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ