İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nə Tramp, nə də Zelenski bizim verdiyimiz ağıllı məsləhətlərdən qətiyyən yararlanan deyil” - Fazil Mustafa

 
“Sosial şəbəkənin Azərbaycan seqmentində ABŞ-Ukrayna münasibətləri üzərindən xeyli təhlillər aparılır. Duyğusal olaraq Zelenskinin davranışlarına haqq qazandırmaq da anlaşılandır, siyasət olaraq ABŞın etdiklərinə də. Hər bir halda həm Ukrayna, həm də ABŞ öz mənfəətləri üçün mübarizə aparırlar və kənardan məsləhətçilərin böyük əksəriyyəti məsələnin pərdə arxasından xəbərsiz mövzunun peşəkar mütəxəssisləri kimi fikir və mülahizələrini ətrafa dağıdırlar”. 
 
Musavat.com bildirir ki, bu fikirlər Milli Məclisin komitə sədri, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafaya məxsusdur. Millət vəkili hesab edir ki, Azərbaycan insanı olaraq bizi bu proseslərdən daha da vacib olan Türkiyədəki terror problemi ilə bağlı son irəliləyişlər maraqlandırmalıdır: “Həqiqətən inanılmaz bir yeni dövrün başladığını söyləmək mümkündür. PKK terror təşkilatının rəhbəri Öcalan həbsxanadan bu terror təşkilatının buraxılmasını və silahlarını yerə qoymasını təklif etdi, əsas kürd siyasi və ictimai gücləri bu çağırışa dəstək verdi. Terrorun əsas qalası sayılan Qandildən gələn açıqlamalar da bu çağırışı dəstəkləyən xarakterdə idi. Bir müddət öncə MHP başqanının Öcalana terror təşkilatının buraxılmasına münasibət bildirməsi barədə çağırışı öz hədəfinə yetişdi. Bu proses uğurla davam edərsə və yekunlaşarsa, qardaş Türkiyəmiz artıq bütün resurslarını terrorla mübarizəyə deyil, bölgənin daha güclü dövlətinə çevrilməsinə yönəldə biləcəkdir. Bu isə bölgədə Azərbaycanın gücünün daha da böyüməsi deməkdir. Bir iki günə Tramp - AB - Ukrayna məsələsinə bu və ya digər formada aydınlıq gələcək, bizi daha çox Türkiyədə terror təşkilatının özünü buraxması və silahı yerə qoyması, Ermənistandakı siyasi vəziyyətdə olan dəyişikliklər, Zəngəzur dəhlizi, Türkiyə-Ermənistan arasında münasibətlər, Azərbaycan-Rusiya və Azərbaycan-İran münasibətlərinin yeni çalarları maraqlandırır”.
 
F.Mustafa yekunda özünəməxsus şəkildə vurğulayıb ki,  yəni nə Tramp, nə də Zelenski bizim verdiyimiz ağıllı məsləhətlərdən qətiyyən yararlanan deyil: “Hələ Putini demirən, onun ümumiyyətlə məsləhətə ehtiyacı yoxdur. Bizim iradəmizdən kənarda baş verəcək hadisələrə təsir göstərmək imkanımız yoxdursa, düşüncə və enerjimizi yaxın gələcəkdə bizi gözləyən sürprizlərə dair proqnozlaşdırmağa yönəltsək daha doğru olmazmı?”

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

02 Mart 2025

BÜTÜN XƏBƏRLƏR