İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanda həbslər davam edir - DETALLAR

MR Bakının orbitinə qaytarılır; muxtar respublikanın büdcəsinin 70 faizini həbsə alınan iki məmurun özbaşına talaması mümkün deyil; status məsələsi gündəmdə

“Mənim oğlumla, Naxçıvanda baş verənlərlə bağlı deməyə sözüm yoxdur. Hesab edirəm ki, övladla bağlı ataya sual verməyin özü etikaya sığmır”. Bu sözləri Gununsesi.info-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli deyib.

İsa Həbibbəylinin qəzəbli reaksiyasına səbəb olan sual onun oğlu Səhət Həbibbəyli ilə bağlı olub. Yayılan məlumatlara görə, Naxçıvan Muxtar Respublikasının Gömrük Xidmətinin rəisi olan Səhət Həbibbəyli Naxçıvanda gerçəkləşdirilən antikorrupsiya əməliyyatı zamanı saxlanılıb.

“Oğlunuz haradadır, ondan xəbəriniz varmı” sualına İsa Həbibbəyli “Bilmirəm haradadır, xəbərim də yoxdur” deyərək, telefonun dəstəyini asıb.

Nəzərə çatdıraq ki, Naxçıvanda gömrük və maliyyə qurumlarında yoxlamalar aparılır, maliyyə naziri də daxil olmaqla, bir neçə yüksək vəzifəli şəxs həbs olunub.

Səhət Həbibbəylidən əvvəl DTX Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərovu saxlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Mənsur Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

Naxçıvanın Dövlət Gömrük Komitəsi ləğv olundu | | Xural qəzeti

DTX-nın keçirdiyi əməliyyat zamanı Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsinin sədr müavini Fəxrəddin Aslanov da saxlanılıb. Fəxrəddin Aslanov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun bacısının yoldaşıdır.

Bundan başqa, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) araşdırılan cinayət işi çərçivəsində Naxçıvan Muxtar Respublikasının (MR) maliyyə naziri Rafael Rza oğlu Əliyev saxlanılıb. Səbayel Rayon Məhkəməsinin hakimi Ülviyyə Şükürova DTX müstəntiqinin Rafael Əliyevlə bağlı vəsatətinə baxıb və onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Ən son məlumata görə, Naxçıvan MR DGK-nın rəisi Səhət Həbibbəyli barəsində də bənzər qərar veriləcəyi gözlənilir. Belə xəbərlər də var ki, Səhət Həbibbəyli də noyabrın 26-da Naxçıvan DGK-nın digər vəzifəliləri kimi xüsusi reyslə Bakıya gətirilib. Onun barəsində də ən qısa zamanda məhkəmə qərar verəcək.

Ümumilikdə isə Naxçıvanda gerçəkləşdirilən əməliyyatın MR-in bütün idarəetmə strukturlarını əhatə edəcəyi bildirilir. Qeyd olunur ki, uzun illər Bakıdan verilən qərarların və Naxçıvana göndərilən yoxlamaların iqnor edilməsi MR-də “örtülü bazar”ın genişlənməsinə gətirib çıxarıb. Hər il Azərbaycanın dövlət büdcəsindən Naxçıvana ayrılan büdcə pullarının böyük hissəsi talan olunub.

2022-ci ildə Azərbaycanın dövlət büdcəsindən Naxçıvanın saxlanılmasına 449 milyon manat ayrılıb. Həmin vəsaitin yarıdan çoxu - 276 milyon manatını Naxçıvanın həbsə alınan maliyyə naziri ilə qandallanan gömrük vəzifəlisi ələ keçirib. Yerdə qalan 173 milyon manatın taleyindən isə hələlik heç bir məlumat yoxdur.

Hazırda istintaq nazirlə gömrük vəzifəlisinin həmin astronomik məbləğləri kimin göstərişi ilə ələ keçirdiklərini araşdırır.

Uzun illərdir ki, Naxçıvanda Bakı ilə - mərkəzi hakimiyyətlə əlaqələri olan vəzifəli şəxslərin sıxışdırılması, həbsi muxtar respublikadakı korrupsioner zümrənin hərəkət sərbəstliyini, Bakının MR-ə nəzarət imkanlarını xeyli zəiflədə bilib. Ümumiyyətlə isə uzun illərdir ki, Bakı ilə münasibətlər xüsusi qısqanclıq notlarına köklənib. Naxçıvanda Bakı nömrəli maşınların idarə edilməsinə belə icazə verilməyib. Sanki Naxçıvan Azərbaycanın bir parçası deyilmiş kimi tövr sərgilənib.

Naxçıvanın Maliyyə naziri Rafael Əliyevin də qoluna qandal vuruldu: »  Ovqat.com

Rafael Əliyev

 

İddialara görə, vaxtilə Naxçıvanın milli təhlükəsizlik naziri olmuş Vəli Ələsgərovun, daxili işlər naziri Əhməd Əhmədovun həbsləri də bu məqsədə xidmət edib. 2 güc nazirinin, Naxçıvandakı öz sahələri üzrə əməliyyat şəraitinə nəzarət edən vəzifə sahiblərinin həbsi ilə Bakıya məlumat ötürülməsi məhdudlaşdırılıb. Vəli Ələsgərovla Əhməd Əhmədovun Naxçıvan türməsində ən ağır şərtlərdə saxlanılması da onların vəzifə səlahiyyətlərinin icrası ilə əlaqədar formalaşan qəzəbin ifadəsi olub. Yəni Naxçıvanda Talıbovların hərəkətliliyi, əlaqələri haqda məlumatların Bakıya ötürülməsi hər iki güc nazirinə baha başa gəlib. 

Naxçıvandakı real vəziyyət, durum haqda vəzifə səlahiyyətləri çərçivəsində Bakıya məlumat vermələri Vəli Ələsgərovla Əhməd Əhmədovun yolunu həbsxanaya salıb.

2015-ci ilin dekabrında Ali Məclis sədri Vasif Talıbov Vəli Ələsgərovu vəzifəsindən azad edib. Ardınca onun barəsində qanunsuz dinləmə, döymə maddələri ilə ittiham elan olunmaqla cinayət işi başlanıb. Döymə maddəsi, sadəcə, ittihamın əsas mahiyyətini gizlətmək üçün irəli sürülsə də, qısa müddətdə bilinib ki, əslində Vəli Ələsgərov Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov və oğlanlarının dinlənilməsi göstərişini icra etdiyinə görə həbsə alınıb.  

Vəli Ələsgərov vəzifədən kənarlaşdırılandan sonra Bakı ilə Naxçıvan arasında əməliyyat məlumatlarının mübadiləsinin əngəllənməsi üçün daha bir addım atılıb.  Vasif Talıbov Naxçıvan Milli Təhlükəsizlik Nazirliyindən Dövlət Təhlükəsizliyi Xidmətinə çevrilən quruma öz qudası Fazil Nəriman oğlu Ələkbərovu rəis gətirib. Dərhal orada özünə və oğlanlarına aid dosyelərin qudasının əli ilə təmizlənməsinə, Bakı ilə əlaqələri olan kadrların uzaqlaşdırılmasına başlanıb.

Vasif Talıbovun oğlu Seymur Talıbov Fazil Ələkbərovun qızı ilə evlidir. Yeri gəlmişkən, onu da qeyd edək ki, Vasif Talıbovun oğlu Seymur Talıbovu özünün  varisi kimi hazırladığı da gizli deyil. Zamanında bu planın reallaşması üçün müvafiq addımlar da atılıb. 2015-ci ildə Naxçıvanda ikinci dəfə deputat olan Seymur Talıbov 2019-cu ildə Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin edilib. Halbuki belə bir dəyişikliyə Bakıdan razılıq verilməyib...

Vasif Talıbovun 17 il Naxçıvanın daxili işlər naziri postunu tutan Əhməd Əhmədova qarşı qəzəbi də onun Bakı ilə əlaqələrindən qaynaqlanıb.

V.Talıbov 2017-ci ildə Əhməd Əhmədovu vəzifəsindən uzaqlaşdırandan sonra sonuncu daimi yaşayış üçün Bakıya köçmüşdü. Əhməd Əhmədovu vəzifəsindən çıxarandan sonra Vasif Talıbov qudası,  Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi olan Fazil Ələkbərovu vəzifəsindən azad etməklə daxili işlər naziri təyin etmişdi.

Əhməd Əhmədovun vəzifəsindən çıxarılandan sonra Bakıya sığınmasını özünə qarşı satqınlıq kimi dəyərləndirən Vasif Talıbov ilk fürsətdəcə onu həbsə aldırdı. Əhməd Əhmədovu 2021-ci ildə əli qandallı Naxçıvana gətizdirərək keçmiş nazirə Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan olundu, sonradan barəsində 11 illik həbs cəzası çıxarıldı. Hazırda Naxçıvan həbsxanasında saxlanılan Əhməd Əhmədov da hərəkətə keçib. Naxçıvandakı antikorrupsiya həbsləri fonunda Naxçıvan Məhkəməsinin barəsindəki hökmündən Azərbaycan Ali Məhkəməsinə şikayət təqdim edib.

Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədov da artıq həbsdən azad olunub.

Vasif Talıbov istefa verəcək? Pravda.az

Dünən Bakı Apelyasiya Məhkəməsində Əhməd Əhmədovun şikayətinə baxılıb və sabiq nazirin iddiası təmin olunub.

Əhməd Əhmədov məhkəmə zalından sərbəst buraxılıb.

Bu ilin sentyabrında oxşar şikayətlə Naxçıvanın sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərov azadlığa buraxılıb. Azərbaycan Ali Məhkəməsi Vəli Ələsgərovun cəzasının 6 il 6 ay 20 günə endirilməsi və 2016-cı ildən həbsdə olmaqla bu cəzanı çəkmiş olduğundan həbsdən azad edilməsi barədə qərar verib.

Vəli Ələsgərovun vəkili dərhal icra olunmalı qərarı da götürərək Naxçıvana getsə də, orada qərarın icrası ləngidilmişdi. Son nəticədə qərar icra olunsa da, Vasif Talıbovun nəzarətində olan Naxçıvan Penitensiar Xidmətinin Bakıda verilmiş qərara saymazyana münasibəti də diqqətdən qaçmamışdı.

Naxçıvanda hazırda gerçəkləşdirilən əməliyyatlar başlamazdan əvvəl müqavimətlə qarşılanacağı ehtimalı da nəzərə alınıb.

Belə bir gedişatın qarşısının alınması üçün zamanında addımlar atıldı...

Bir məqam da diqqət çəkir: Noyabrın 1-də Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev Naxçıvan Muxtar Respublikasına səfər etdi, Əlahiddə Ümumqoşun Ordusu, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Əlahiddə Naxçıvan Briqadası, Dövlət Sərhəd Xidmətinin “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, qoşun və birləşmə rəhbərlərinin iştirakı ilə xidməti müşavirə keçirildi və məruzələri dinlədi. Bu səfərə qədər belə formatlı bir görüş MR-də heç zaman olmamışdı və Vasif Talıbov Bakıdan göndərilən nazirləri belə Naxçıvana buraxmırdı.

Məhərrəm Əliyevin Naxçıvana göndərilməsi ümumilikdə oradakı güc strukturları rəhbərlərinə bir növ mesaj xarakteri daşıyırdı.

Ardından Naxçıvan Dövlət Təhlükəsizliyi Xidməti ləğv olundu, əvəzində Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvanda Baş İdarəsi yaradıldı. Bununla da Vasif Talıbova sədaqət andı içmiş yerli “çekist”lər faktiki olaraq Bakıya tabe etdirildi.

Yazı çapa hazırlanarkən Prezident İlham Əliyevin Naxçıvan Gömrük Komitəsinin ləğv olunması, əvəzində Naxçıvan Baş Gömrük İdarəsinin yaradılması haqda fərman imzaladığı xəbəri də gəldi.

Yaxın zamanlarda Naxçıvan Daxili İşlər Nazirliyinin də eyni şəkildə ləğv ediləcəyi, yerində Azərbaycan Daxili İşlər Nazirliyinə tabe olan baş idarənin yaranacağı gözlənilir.

Göründüyü kimi, Naxçıvandakı talanın başında dayanan, separatizmə meyllənmiş klan idarəçiliyinə qarşı əməliyyat hazırda ən aktiv şəkildə davam edir.

Bu fonda Naxçıvanın statusu barədə söz-söhbətlər də geniş müzakirə olunmaqdadır. Bu da əbəs deyil. Çünki Naxçıvanda illərdir baş verənlər belə bir qənaəti formalaşdırırdı ki, rəhbər şəxs muxtar statusdan Azərbaycana tabe olmamaq üçün istifadə edir.

Nüvə silahı atılmaq üçün deyil..." - Heydər Oğuzdan FƏRQLİ BAXIŞ - VİDEO

Heydər Oğuz

Naxçıvan kökənli tanınmış jurnalist, Naxçıvanla bağlı çox cəsarətli yazıları ilə tanınan Ovqat.com saytının baş redaktoru Heydər Oğuz “Yeni Müsavat”a deyib ki,  Naxçıvanın statusu barədə arqumentlər əsassızdır: “Əvvəla, Naxçıvanın indiki statusu düşünüldüyü kimi, Moskva və Qars müqavilələri ilə təsbit edilməyib. Əksinə, Moskva müqaviləsində Naxçıvanın statusu muxtar ərazi kimi göstərilib. Muxtar dövlətdən və ya respublikadan bəhs olunmayıb.

İkincisi, Naxçıvanın statusu o dövrün şərtlərinə uyğun şəkildə müəyyənləşdirilib. Çünki Nərimanov və ətrafındakı daşnak-kommunist hökuməti Naxçıvanı ermənilərə vermək istəyirdi, Türkiyənin dirənişi ilə bu prosesin qarşısı alındı. İndi isə Azərbaycan müstəqildir və müasir Nərimanov Bakıda yox, Naxçıvanda oturub. Şərtlər dəyişdiyi üçün Naxçıvanın da statusu dəyişməlidir.

Üçüncüsü, bu status Ermənistan kimi düşmən ölkəyə də bəhanə verir. Bu isə Azərbaycanın suverenlik haqlarına ziddir.

Dördüncü, düşünüldüyü kimi, sovet hakimiyyəti illərində Naxçıvanın ermənilərə verilməsini xilas edən heç də Türkiyənin qarantorluq haqqı deyildi. Türkiyə xüsusilə II Dünya müharibəsindən sonra özünü rus işğalından qorumaq üçün NATO-nun üzvlüyünə baş vurmuşdu. Özünü qorumaqda belə çətinlik çəkən bir ölkə Naxçıvanı potensial işğaldan necə xilas edə bilərdi? Naxçıvanı qoruyan II Dünya müharibəsinın başlaması və Moskvanın başının özünə qarışması idi. Müharibədən sonra Stalinin quruculuq işləri ilə məşğul olmağa üstünlük verməsi və ardınca da ölməsi Naxçıvan üzərində planlaşdırdığı siyasəti həyata keçirməyə imkan vermədi. Onun xələfi Xruşşov isə ermənilərin iddialarını xoş qarşılamırdı və əksinə, bu iddiaları təhlükəli hesab edirdi.

Beşincisi, Naxçıvanın statusu Azərbaycan Konstitusiyasına ziddir və unitar dövlət maddəsi Anayasamızın dəyişdirilməsi mümkün olmayan prinsiplərindəndir. Deməli, Naxçıvanın statusu da bu prinsipə uyğunlaşdırılmalıdır.

Altıncısı, Vasif Talıbovun 27 illik hakimiyyəti sübut edir ki, Naxçıvanın istənilən rəhbər şəxsi statusdan Azərbaycana tabe olmamaq üçün istifadə edə bilər və bu təhlükə ortadan qaldırılmalıdır.

Yeddincisi, Naxçıvanın statusu ərazi bütovlüyümüz üçün məkrli niyyət güdən beynəlxalq və yerli antimilli qüvvələrə bəhanə verə bilər.

Səkkizincisi, anklavlara muxtar status verilməsi arqumentinin heç bir tarixi və hüquqi əsası yoxdur.

Doqquzuncusu, rus imperiyasının müstəmləkəçilik siyasəti tarixinə nəzər salsaq, muxtar statusun müstəqilliyini elan edən bütün ölkələrdə dövlətçilik təməllərinə basdırılmış mina olduğunu görə bilərik.

Onuncusu, Naxçıvan üçün hər hansı işğal təhlükəsi yaranarsa, Türkiyə onu Şuşa Bəyannaməsinə söykənərək qurtara bilər".

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR