İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Dünya Səyahət və Turizm Şurasının qlobal sammitində təmsil olunub

Dövlət Turizm Agentliyinin nümayəndə heyəti 8-10 oktyabrda Avstraliyanın Qərbi Avstraliya ştatının Pert şəhərində keçirilən Dünya Səyahət və Turizm Şurasının (WTTC 2024) Qlobal Sammitində iştirak edib.

Dövlət Turizm Agentliyindən Musavat.com-a verilən xəbərə görə, tədbir çərçivəsində  agentliyin aparat rəhbəri Kənan Qasımov və Azərbaycan Turizm Bürosunun İdarə heyətinin sədri Florian Zenqstşmidin təmsil olunduğu Azərbaycan nümayəndə heyəti Ümumdünya Səyahət və Turizm Şurasının baş icraçı direktoru Culia Simpson və “Trip.com Group”un baş direktoru Ceyn San ilə görüş keçiriblər.

Sammit zamanı keçirilən müzakirələrdə Azərbaycan nümayəndə heyəti tərəfindən UNESCO-nun Ümumdünya İrs Siyasına daxil edilən “Xınalıq və Köç yolu mədəni landşaftı”nın qorunub saxlanması, turizm üzrə biomüxtəlifliyin mühafizəsi və icma əsaslı turizmin inkişafı haqqında məlumat verilib.

Diqqətə çatdırılıb ki, noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında indiyə qədərki COP tədbirləri üzrə ilk dəfə turizm mövzusunun fəaliyyət gündəliyinə salınması turizmin iqlim dəyişikliyinə qarşı mübarizədə rolunu artırmağa, eləcə də iqlim dəyişikliyinin bu sektor üzərində mənfi təsirlərinin azaldılmasına öz töhfəsini verəcək.

Qeyd edək ki, sammit turizm sektorunun gələcəyini formalaşdıran inkişaf tendensiyalarını, sənayenin üzləşdiyi problemləri, sektorun qlobal iqtisadiyyata təsirini müzakirə etmək, həmçinin innovativ həllər təklif etmək üçün hər il səyahət və turizm sənayesi liderləri ilə dövlət nümayəndələrini bir araya gətirən platformadır.

Azərbaycan tərəfdaş ölkə olmaqla, Dünya Səyahət və Turizm Şurasının hotellər üçün nəzərdə tutulan 12 əsas fəaliyyət istiqamətini özündə birləşdirən “Dayanıqlı Əsaslar” üzrə proqramının üzvüdür.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR