Onlayn ictimai-siyasi qəzet
Politoloqlara görə, təzyiqlərin nə vaxta qədər davam edəcəyindən asılı olmayaraq, ölkəmizin kiməsə boyun əyməyəcəyi gün kimi aydındır
Qərbin Azərbaycana qarşı son günlər daha da aktivləşən fəaliyyəti əslində yeni proses deyil. Amerika Birləşmiş Ştatları hələ müstəqilliyin ilk illərindən Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir və zaman-zaman sanksiya məsələsini gündəmə gətirir.
Prezident İlham Əliyev Moskvada “Rossiya-1" televiziya kanalına verdiyi müsahibədə ABŞ-ın Azərbaycana qarşı qərəzli yanaşmasına konkret faktlarla cavab verib. “Əsassız ittihamlar. Amerikanın Azərbaycana qarşı sanksiyalarının, ümumiyyətlə, mövcud olmağa haqqı yoxdur. Sanksiyalar qeyri-qanuni və tamamilə əsassız, habelə selektiv şəkildə tətbiq edilir. Biz istənilən sanksiyalara qəti şəkildə qarşıyıq. Beynəlxalq ictimaiyyət məsələ ilə bağlı öz mövqeyini vahid qaydada bildirməlidir. Biz milli səviyyədə özümüzə qarşı- həm də təkcə bizə deyil - tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edirik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Prezident əlavə edib ki, Azərbaycana sanksiyalar 1992-ci ildə, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin “Ermənistanı blokadada saxlaması” barədə qondarma ittihamla tətbiq edilmişdi:
“Bu sanksiyalar 2001-ci ildə, ABŞ-ın öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit daşımalı olduğu vaxt aradan qaldırılmışdı. Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatların prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin sanksiyalar yenidən tətbiq olundu. Bu nankorluqdur”.
Aydın Quliyev
Siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, Amerikanın indiki reallıqlar şəraitində Azərbaycana etdiyi təzyiqlər onlar üçün arzu etdikləri nəticəni verə bilməz. Çünki Azərbaycan 1990-cı illərdəki zəif ölkə deyil: “Nəzərə alsaq ki, bizim ərazi bütövlüyümüzün pozulduğu, yeni müstəqillik əldə etmiş ölkədə sabitliyin hələ o qədər möhkəm olmadığı, güclü orduya malik olmadığımız dövrlərdə belə, Qərbin təzyiqləri o qədər ciddi nəticələr vermirdi. Təbii ki, indiki şəraitdə edilən təzyiqlər, Azərbaycanla bağlı qurulan oyun nəticə verə bilməz. Təəssüf doğuran odur ki, Azərbaycanın imkanlarının dəyişdiyi reallıqlarını Qərb nəzərə almır, yanlış siyasətlərini dəyişmirlər. Təzyiq siyasəti ilə Azərbaycana təsir göstərə bilməyəcəklərinə bu 30 ildə gərək əmin olaydılar”.
A.Quliyevin sözlərinə görə, nə qədər ki, Əfqanıstan müharibəsi ilə əlaqədar Azərbaycanın imkanlarına Qərbin, NATO-nun ehtiyacı var idi, o zaman 2001-ci ildə və həmin dövrlərdə Azərbaycana sanksiyalar tətbiq etmirdilər, 907-ci düzəlişin tətbiqini belə dondurmuşdular. Nə zaman ki, qeyd olunan ehtiyacı hiss etmədilər, yenə başladılar təzyiqlərə: “Bu, əlbəttə ki, vicdanlı oyun deyil. Qərbin, xüsusilə də ABŞ-ın siyasətinin dəyişməməsi olduqca pis görüntüdür. Birinci növbədə Amerikanın özünə ziyan vurur. Azərbaycanla bağlı aparılan təzyiq siyasəti ABŞ-ın keçmişdəki ənənəvi siyasəti ilə bağlı olsa da müəyyən qədər də Amerikanın siyasətinə erməni lobbisinin təsir imkanları ilə bağlıdır. Artıq açıq-aşkar görünür ki, ABŞ-ın Qafqaz siyasəti xeyli dərəcədə erməni lobbisinin və erməni diasporunun təsiri altındadır. Faktiki olaraq Amerikanın dövlət və milli təhlükəsizlik maraqları bir ovuc erməninin əlində sağ-sola fırladılır. Digər tərəfdən, təəssüf ki, Amerikanın dəyişməyən siyasəti həm də onda özünü göstərir ki, ABŞ bizim bölgəyə, xüsusilə də Azərbaycana münasibətini Rusiya ilə geosiyasi rəqabət və geosiyasi qarşıdurma kontekstində qurur. Azərbaycanın apardığı müstəqil siyasət ABŞ-ın xoşuna gəlmədiyi üçün səhvən elə qəbul edirlər ki, guya Azərbaycan bu bölgədə Rusiyanın maraqlarını yeridir. Buna görə də Azərbaycana qarşı sanksiyalar çağırışını həm də Rusiyanın əleyhinə gediş kimi nəzərdə tutaraq edirlər. ABŞ-ın apardığı bu siyasətin Azərbaycanla bağlı ciddi effektlər verə biləcəyi perspektivi yoxdur”.
Politoloq Yusif Bağırzadə bildirdi ki, Qərbin Azərbaycana qarşı təzyiqləri yeni bir şey deyil və bizlər uzun illərdir Qərb dairələrinin ölkəmiz əleyhinə fəaliyyətinə şahidlik edirik: “İndi də ABŞ və Azərbaycan arasında yaranmış mövcud vəziyyətin səbəbkarı biz deyilik. Azərbaycan olaraq biz hər zaman Birləşmiş Ştatlarla qarşılıqlı faydalı ikitərəfli əməkdaşlıqda maraqlı olmuş, iki ölkə xalqlarının maraqlarına və BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq mehriban münasibətlər qurmaq və inkişaf etdirmək üçün məsuliyyətli və konstruktiv şəkildə davranmışıq. Amma təəssüf ki, Ağ Ev tərəfindən eyni maraq heç bir zaman müşahidə olunmayıb. Odur ki, ABŞ-ın Azərbaycana yönəlik təzyiqləri əslinə baxanda yeni bir şey deyil.
Yusif Bağırzadə
Hələ müstəqilliyimizi yeni əldə etdiyimiz dönəmdə, ərazilərimiz işğal altına düşəndə ABŞ Ermənistanın blokadası bəhanəsi ilə bizə qarşı 907-ci düzəlişi tətbiq edən ölkədir və eyni hal indi də davam edir. Görünən odur ki, Vətən müharibəsində qələbədən sonra regionda yaranmış yeni reallıqlar fonunda bölgə ölkələrini özündən asılı vəziyyətə salmaq yolu tutmuş ABŞ, regionun əsas gücü olaraq bizi özü üçün hədəf seçib".
Y.Bağırzadə hesab edir ki, bu təzyiqlərin nə vaxta qədər davam edəcəyindən asılı olmayaraq Azərbaycanın kiməsə boyun əyməyəcəyi gün kimi aydındır. Hətta ölkəmizə qarşı sanksiyalar tətbiq olunsa belə, bu, bizi tutduğumuz yoldan çəkindirməməlidir: “Düşünürəm ki, qarşıdakı dönəmdə iki seçkinin nəticəsi ABŞ-ın Azərbaycana yönəlik siyasətinə böyük ölçüdə təsir edəcək. Bunlardan birincisi Gürcüstanda keçirilməsi gözlənilən parlament seçkiləridir. Ermənistanı özlərindən asılı vəziyyətə salmağa müvəffəq olmuş Qərb indi bütün gücü ilə Gürcüstanı ram etmək üçün fəaliyyətə keçib. Gürcüstanın bu təzyiqlərə dözəcəyi və indiki hakimiyyətin seçkilərdə qalib gələcəyi halda ABŞ özünün Cənubi Qafqaz siyasətinə dəyişikliklər etmək məcburiyyətində qalacaq. Çünki belə olan halda faktiki olaraq dalan dövlət olmaqda davam edəcək Ermənistan ABŞ üçün elə də cəlbedici olmayacaq. Əks halda, yəni Gürcüstanda hakimiyyət dəyişikliyi halında regionda güc nisbəti dəyişəcək ki, bu da bizə qarşı təzyiqləri daha da artıracaq. İkinci vacib seçki isə ABŞ-ın özündə keçiriləcək prezident seçkisidir. Bu seçkidə Trampın qələbəsi halında ABŞ-ın Cənubi Qafqaz siyasətində müəyyən dəyişikliklər olacağı şübhəsizdir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ