Onlayn ictimai-siyasi qəzet
Naxçıvan sərvətləri arasında duz ilk yerlərdə gəlir. Şöhrəti qədimdən bu elin sərhədlərini aşıb, Naxçıvandan ən müxtəlif ölkələrə tonlarla duz ixrac olunub.
Naxçıvanda 2020-ci ildə “Duz İstehsalı Məssisəsi”nin qurulması üçün addımlar atılıb. Təbii ki, müəssisənin tikintisi dövlət büdcəsi hesabına və o zamankı “Gəmiqaya”, indiki “Arkoz” Holdinqə həvalə olunub. Naxçıvanda son 20 ildə zatən başqa holdinq olmayıb. Alternativsizlik, üstəgəl, nəzarətsizlik şəraitində büdcə pulları payi-mal olunub. 2020-ci ilin aprelində Naxçıvan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmovla “Gəmiqaya” Holdinq Şirkətlər İttifaqının sədri Emin Uçar arasında müqavilə bağlanıb. Müqavilə “Mexaniki emal (duz qırma, duzun yuyulması və duzun saflaşdırılması) duz istehsalı sistemi” üçün avadanlıqların alınmasını əhatə edib. Müqavilənin şərtinə görə, Emin Uçar 1 saatda 7 ton duz istehsal edə bilən avadanlıqların alınaraq “Duz İstehsalı Müəssisəsi”ndə quraşdılması öhdəliyini götürüb.
Vasif Talıbovla Emin Uçar dövlətin 6 milyon 564 min 375 manatını duza (geydirmə avadanlığa) veriblər. Hazırda həbsdə olan Hicran Rüstəmovla Emin Uçar arasında bağlanan müqavilə əsasında “Gəmiqaya”ya avadanlıqların alınmasına 2 milyon 700 min 534 manat büdcə vəsaiti köçürülüb. Ümumilikdə Duz İstehsal Müəssisəsinin qurulmasına “Gəmiqaya”ya 6 milyon 564 min 375 manat pul ötürülüb. Emin Uçar aldığı pullar hesabına müəssisəyə bir avadanlıq gətirdib, quraşdırıb. Hətta müəssisənin açılışına Vasif Talıbovla birgə duz istehsalı haqda bir xeyli duzlu-məzəli nitqlər də söyləyib və gediblər. O gün, bu gün, müəssisə 1 pud belə duz istehsal edə bilməyib!
Emin Uçarın Holdinqi Naxçıvanda “duzu yeyib, duzlağı batırıb”
Musavat.com-un əməkdaşı Naxçıvan “Duz İstehsalı Müəssisəsi”ndə olub, problemin kökünü araşdırıb.
Naxçıvanda olduğumuz günlər ərzində baş çəkdiyimiz əksər obyektlərdə qabağımıza Vasif Talıbovun dövründə baş nazirin müavini olmuş, indi isə Emin Uçarın “Arkoz”unda tikintilərə nəzarət edən Asəf Məmmədov çıxdı. Duz istehsalı müəssisəsi də istisna olmadı. Bu dəfə Asəf Məmmədov yanına Emin Kaçmazı salıb gətirmişdi. Özünü Emin Uçarın müavini kimi təqdim edən bu zat “siz burada nə edirsiniz” sualı ilə qabaqdan gəlmişlik etməyə çalışdı. Eşidincə ki, dövlət büdcəsindən duz istehsalına ayrılan 7 milyon manata yaxın vəsaitin hara və necə xərcləndiyini araşdırırıq, xora Asəf Məmmədov da qoşuldu.
Naxçıvanda yaxşı bir deyim var - Duzsuz adamdan düzlük gözləmə
Emin Kaçmaz müəssisənin işləməməsini xammal şəklində təqdim olunan duzun gilli olması ilə izah etməyə çalışdı. Dedi ki, avadanlığa tam bəyaz rəngli, gilsiz xammal verilməliydi ki, qar kimi ağ, şəffaf duz istehsal edilsin.
Müəssisənin direktoru Anar Əsədullayev Emin Kaçmazın diqqətinə çatdırdı ki, xammal olaraq tam bəyaz duz mədəndən çıxarılacaqdısa, bu halda dövlətin 7 milyon manata yaxın pul xərcləyib müəssisə qurmasına da ehtiyac olmazdı. Elə sovetdən qalma duz istehsal müəssisəsində duz istehsalı davam etdirilərdi.
Həmin müəssisədə fəhlələr mədəndən çıxan daş şəklindəki duz parçalarını əl baltaları ilə gildən ayırır, bundan sonra duz qırılaraq xırdalanır, narınlaşdırılır və qutulara doldurularaq satışa çıxarılır.
Yeni müəssisəyə dövlət 7 milyon manat xərcləyib ki, mədəndən çıxarılan duz parçaları burada quraşdırılacaq avadanlıqlarda qırılsın, yuyulmaqla gildən təmizlənib şəffaf hala gətirilsin, qurudulsun və saflaşdırılaraq qutulara doldurularaq satışa çıxarılsın.
Amma nə baş verib?
Emin Uçar mənşəyi, istehsal ölkəsi bilinməyən avadanlıqları alaraq Naxçıvana gətirib və duz istehsalı müəssisəsində quraşdırıb. Avadanlıq işə salınıb və mədəndən çıxarılan daş şəklində duz avadanlığa ötürülüb. Müəssisənin direktoru Anar Əsədullayev Emin Kaçmaza xatırlatdı ki, elə ilk sınaqdaca daş duzlar qırılarkən ətrafa səpələnməyə, fəhlələrə tərəf uçamağa başlayıb. Fəhlələr zorla qaçıb canlarını uçan duz parçalarından birtəhər qurtarıblar. Dərhal iş dayandırılıb və uyğunsuzluğun aradan qaldırılması üçün tədbirlər görülüb. Bu dəfə də sınaq baş tutmayıb.
Qırılmış xammal duz yuyulma avadanlığına ötürülüb və məlum olub ki, avadanlıq duzu yuyub gildən ayıra bilmir, əksinə, duzu əridib gilə qarışdırır və nəticədə ağappaq narın duz əvəzinə bozumtul, tam tutqun, qara çalarlı duz ortaya çıxır. Halbuki Naxçıvanda 1927-ci ildən sənaye üsulu ilə ilk duzun çıxarılmasına start veriləndən Naxçıvanda bu cür keyfiyyətsiz duz istehsalı olmayıb.
“Arkoz” məsələyə duz yalamış inək quyuya baxan kimi baxır
Anar Əsədullayev Emin Kaçmazın diqqətinə onu da çatdırdı ki, müəssisə 3 ildir ki, fəaliyyətsizdir və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, podratçı – yəni təmsilçisi olduğu Holdinq avadanlıqların uyğun vəziyyətə gətirilməsi üçün hər hansı bir tədbir görməkdən yayınır. Emin Uçarın sahibi olduğu “Arkoz” Naxçıvanda duz istehsalını faktiki olaraq iflic duruma salıb. 3 il ərzində müəssisənin fəaliyyətsiz qalması yerli sakinlərin işlə təminatını da əngəlləyib.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
Bakı-Naxçıvan
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ