Onlayn ictimai-siyasi qəzet
Astara rayonunda 1983-cü il təvəllüdlü Emin qısqanclıq zəminində yaranan mübahisə zamanı qonşusu Ayazı (adlar şərti verilib – red.) qətlə yetirib.
Təqsirləndirilən şəxs keçmiş arvadı Aydanın qonşu Ayazla sevgi münasibətini 2023-cü ilin sentyabr ayında aşkar edib. Bundan qıcıqlanıb və qonşusunu öldürmək qərarına gəlib.
Niyyətini həyata keçirmək üçün Emin 2024-cü ilin iyunun 29-da saat 21 radələrində Ayazın evinə gəlib. Özü ilə gətirdiyi ov silahı ilə ona atəş açıb. Ayaz aldığı güllə yarasından vəfat edib.
İstintaq orqanı tərəfindən Eminin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 157.1-ci (qanunla müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.
“Arvadım sevgi münasibəti yaşadığını bildirdi”
İş üzrə təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, 2023-cü ilin sentyabrınadək Ayaz və ailə üzvləri ilə münasibəti yaxşı olub:
“Ayaz hər gün bizim yaşadığımız evə gəlib-gedirdi. 2023-cü ilin sentyabrında arvadım Aydanın gizli telefon işlətdiyini aşkar etdim. Telefonda Ayazla arvadımın lüt foto-şəkillərini gördüm. Aydan sevgi münasibəti yaşadıqlarını və telefonu ona Ayazın aldığını bildirdi.
Ayazı çağırdım, məsələni soruşdum, əvvəlcə etiraf etmədi. Aydanın telefonunda olan şəkilləri göstərdikdə başını aşağı saldı, heç nə demədi. Aramızda mübahisə olsa da, dava-dalaş baş vermədi.
Ayazı və arvadı Kəmaləni həyətimdən qovdum. Həmin vaxtdan onun özüylə və ailə üzvləriylə əlaqəmiz kəsildi. Arvadımı da boşadım”.
“Məni təhqir etməsinə əsəbləşdim”
Təqsirləndirilən şəxs qeyd edib ki, 2024-cü il iyunun 29-da evinə qayıdarkən Ayazın həyətinin qarşından keçib: “Ayaz həyətinin qapısı qarşısında tək dayanmışdı. Avtomobilimi görəndə əli ilə işarə etdi, söyüş söyərək məni təhqir elədi. Mən maşını saxlamadım, evimə getdim. Ailə üzvlərimlə yemək yedim.
Ayazın məni təhqir etməsinə əsəbləşmişdim. Onun arvadımla sevgi münasibəti yaşamasını və telefonda aşkar etdiyim fotoşəkilləri xatırladım. Ayazı öldürmək qərarına gəldim. Atamdan yadigar qalan və öz adıma sənədləşdirdiyim tüfəngi pəncərədən çölə atdım. Sonra siqaret çəkmək adıyla çölə çıxdım”.
“Məqsədim onu öldürmək idi”
Eminin ifadəsinə görə, çəpərdən keçərək Ayazın evinə gedib, mətbəxə daxil olub: “Ayaz mətbəxdə televizora baxırdı. Əlimdəki tüfəngi görüb ayağa qalxdı, üstümə yeridi. Atəş açdım, yerə yıxıldı. Məqsədim onu öldürmək idi. Evdə başqa kimsə olmadığına görə heç kim məni görmədi.
Ayazın evindən heç nə götürmədim. Özümə harada, hansı səbəbə və necə atəş açdığımı, habelə özümə atəş açdıqdan sonra silahı, patronları hara atdığımı xatırlamıram. Ayazı öldürməyə getməyimdən ailə üzvlərimin xəbəri olmayıb. Onu namus-qeyrət üstündə öldürmüşəm”.
“Atamın öldüyünü gördüm”
İş üzrə zərərçəkmiş Ayazın hüquqi varisi qismində ifadə verən oğlu Əlinin sözlərinə görə, hadisə günü axşama qədər yaşadığı evdə olub, saat 18 radələrində anasının işlədiyi yerə gedib: “Saat 21 radələrində qardaşım Vüqar zəng edərək evə gəlməyimi istədi. Evə çatanda atamın üzü üstə mətbəxdə başı qapıya tərəf uzandığını və çoxlu qan itirərək öldüyünü gördüm.
Sonradan qonşumuz Eminin ov tüfəngi ilə yaşadığımız evə gəldiyini və mətbəxdə atəş açaraq atamı öldürdüyünü, sonra isə öz yaşadığı evə tərəf getdiyini, evinə çatmamış həyətdə tüfənglə çənəsindən atəş açaraq özünə xəsarət yetirdiyini öyrəndim”.
Hüquqi varis qeyd edib ki, təqsirləndirilən şəxs 2023-cü ilin sentyabrında arvadı Aydanın telefonunda atası ilə birlikdə foto-şəkillərini aşkarlayıb: “Atamla Eminin arasında mübahisə olsa da, dava-dalaş baş vermədi. Ümumiyyətlə həmin ailə ilə bizim aramızda heç bir mübahisə olmayıb”.
“Uşaqlarına mən baxıram”
Bu iş üzrə şahid qismində ifadə verən şəxslərdən biri də Eminin ikinci dəfə evləndiyi Səmayə olub. O bildirib ki, Emin onunla tanış olmazdan öncə Aydanla ailə qurub: “Bu nikahdan Vasif, Camal, Turan və Nərminə adlı dörd övladları dünyaya gəlib. Məlum hadisədən sonra Aydan Türkiyəyə köçdü. Mən isə Eminlə faktiki ər-arvad münasibətlərində yaşamışıq və hazırda onun uşaqlarına mən baxıram”.
Səmayə qeyd edib ki, hadisə günü səhər saat 8 radələrində Emin istifadəsində olan avtomobillə evdən çıxıb və Bakı şəhərinə gedib:
“Saat 19 radələrində evə qayıtdı, birlikdə yemək yeyib, çay içdik. Əhvalı normal idi. Saat 21 radələrində siqaret çəkəcəyini bildirərək həyətə düşdü. Yarım saat keçsə də, evə qayıtmadı. Həyətə düşüb onu axtardım. Həmin vaxt güllə səsi gəldi və qışqıraraq baldızım Laləni çağırdım. Baldızımla çəpərə tərəf qaçdıq.
Çəpərin yaxınlığında Eminin yerdə uzandığını və üzündən qan axdığını gördük. Amma hərəkət edə bildi. Lalə ilə birlikdə Emini yaşadığımız evin qarşısına gətirdik.
Həyətdə olan zaman baldızım qardaşından tüfəngin içində güllə olub-olmadığını soruşdu. Emin də başı ilə güllə olduğunu təsdiq edərək tüfəngi ondan aldı və güllələri çıxartdı. Səs-küyə qonşular gəldi və təcili tibbi yardım xidmətinin əməkdaşları onu xəstəxanaya apardılar”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Emin 9 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib./Teleqraf
06 Sentyabr 2025
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ