İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvana sadələşdirilmiş yox, maneəsiz keçid

Əks halda, Ermənistan yenə də dalan ölkə kimi qalmaqda davam edəcək - reaksiyalar

Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasına əsas əngəllərdən biri də Zəngəzur dəhlizi ilə bağlı fikir ayrılıqlarıdır. Artıq Azərbaycan tərəfi dəhlizlə bağlı inşa işlərini yekunlaşdırmaq üzrədir və buna kifayət qədər böyük vəsait xərcləyib. Ermənistan isə öz tərəfində hələ ki daşı-daş üstə belə qoymayıb.

Ötən həftəsonu bu mövzuda danışan Ermənistan XİN rəhbəri Ararat Mirzoyan bildirib ki, kommunikasiyaların blokdan çıxarılmasından sonra İrəvan prosedurların sadələşdirilməsinə icazə verə bilər. Mirzoyan qeyd edib ki, XXI əsrdə bütün ölkələr logistikanı sadələşdirməyə çalışır və Ermənistan da prosedurları sadələşdirmək imkanını mümkün sayır ki, bu da hamının xeyrinə ola bilər.

Az sonra baş nazir Nikol Paşinyan oxşar fikri təkrarlayıb. Sitat: “Biz Azərbaycana çox konkret təklif vermişik. Bu, hətta təklif deyil, Ermənistanın və Azərbaycanın mövqelərini nəzərə alan məsələnin həllidir. Həmin təklifin mühüm nüanslarından biri odur ki, atmosferi və münasibətlərdəki gərginliyi nəzərə alaraq, hazırkı mərhələdə biz bir müddət yükdaşımalara başlayacağıq, sonra atmosfer daha uyğun olanda sərnişin nəqliyyatı haqqında da düşünəcəyik. İndi, düzünü desəm, biz Azərbaycandan müsbət cavab gözləyirik. Biz maneəsiz əlaqənin əleyhinə deyilik, lakin maneəsiz olmaq Ermənistan Respublikasının yurisdiksiyasından yan keçmək demək deyil”.

Yəni ki, yenə maneə məsələsi. Rəsmi Bakı isə sadələşdirilmiş deyil, məhz maneəsiz keçid tələb edir. Hər şey qırağa, Azərbaycandan Azərbaycana maneəsiz keçid bizim xalqın həm də mənəvi haqqıdır. Çünki Naxçıvan materik hissədən zorla, Azərbaycan xalqının iradəsi əleyhinə qoparılaraq Ermənistana birləşdirilib (1920-ci ilin noyabrı).

Doğru, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyıb. Bu, 5 prinsip əsasında sülh təklifində də əksini tapıb. Amma beynəlxalq hüquq anklavla maneəsiz əlaqəni də tam mümkün sayır. Məsələn, Kalininqrad təcrübəsi var. Litva ərazisindən keçən bu dəhliz hətta Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra da qapadılmayıb.

Azər Badamov: Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq çoxşaxəlidir -  AZƏRTAC

Azər Badamov 

Milli Məclisin deputatı Azər Badamov 2020-ci ildə imzalanan 10 noyabr bəyanatının bəndinə istinad etdi: “Paşinyan Zəngəzur dəhlizinin açılması məsələsini atmosfer və gərginlik məsələləri ilə bəzətməklə özlərinin istəklərinə uyğun don geyindirməyə çalışır. Amma burada məsələyə don geyindirilməsinə və bəzədilməsinə heç bir ehtiyac yoxdur. Zəngəzur dəhlizi ilə bağlı məsələ 10 noyabr 2020-ci il bəyanatının 9-cı bəndində çox aydın və açıq şəkildə qeyd olunub. Ermənistan həmin bəyannamənin icrası ilə bağlı öhdəlik götürüb. Bizim tələbimiz müvafiq bəyannamənin 9-cı bəndi ilə bağlıdır. Ona görə də Zəngəzur dəhlizi sülh müqaviləsindən çıxarılıb və Ermənistanın icra etməli olduğu öhdəliyidir. Yəni Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında maneəsiz keçid təmin olunmalıdır. Belə bir praktika beynəlxalq təcrübədə də mövcuddur. Məsələn, Rusiya ilə Kalininqrad arasında uzun illərdir ki, maneəsiz keçid fəaliyyət göstərir. Hətta Qərbin Rusiyaya sanksiyalar tətbiq etdiyi halda Litva həmin keçidi bağlamamış və bu gün də normal fəaliyyətini davam etdirir. Azərbaycanın əsas hissəsindən Naxçıvana da belə bir nəqliyyat keçidi yaradılmalıdır. Zəngəzur dəhlizinin açılması mütləq şəkildə Azərbaycanın növbəti hədəflərindən biridir. Yəni Zəngəzur dəhlizi açılacaq. Amma bu dəhlizin açılmasının gecikməsi Azərbaycanı İran ərazisindən alternativ yolun tikintisinə məcbur edib. Belə ki, Araz çayı üzərində körpülər tikilir və yaxın zamanda Araz çayı sahili ilə Naxçıvana yolumuz açılacaq. Zəngəzur dəhlizinin gecikməsi isə Ermənistanı dünyadan təcrid olunmuş vəziyyətdə saxlayacaq. Paşinyanın təqdim etdiyi Sülh kəsişməsi də mif olaraq qalacaq. Çünki Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə icra olunmayacaq. Ermənistanın dövlət rəhbərliyi bunu nə qədər tez dərk edərsə, bu onların özlərinin xeyrinədir. Əks halda, yenə də dalan ölkə olaraq qalmaqda davam edəcək”.

Rəşad Bayramov: “Rusiya narahatdır ki, Azərbaycanla Türkiyə arasında  hərbi-siyasi müttəfiqlik sazişi imzalana bilər” » Ovqat.com

 Rəşad Bayramov 

Əslən Naxçıvandan olan, AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Zəngəzur dəhlizini Ermənistan üçün yeganə ümid yeri kimi görür: “Ermənistan tərəfinin Zəngəzur dəhlizi və ümumiyyətlə, kommunikasiya xətlərinin blokadadan çıxarılması ilə bağlı sərgilədiyi mövqe, hər dəfə yeni təkliflərlə çıxış etməsi onu göstərir ki, bu ölkə hələ Zəngəzur dəhlizinin açılması ilə bağlı havadarlarının razılığını ala bilməyib. Çünki əks halda, yəni Ermənistan kimlərinsə razılığı və maraqları baxımından deyil, ölkə maraqları baxımından prosesə yanaşsaydı, həmin dəhliz çoxdan fəaliyyətə başlamış olardı. Belə ki, Zəngəzur dəhlizi əslində həm də Ermənistan üçün yeni imkanlar deməkdir və blokadadan, dalan dövlət olmaqdan çıxmaq üçün yeganə yoldur.

Uzun müddət ərzində Zəngəzur dəhlizi ilə bağlı, ümumiyyətlə, müzakirə aparmaq istəməyən rəsmi İrəvanın son dövrlərdə davamlı şəkildə hansısa təkliflərlə çıxış etməsi də əslində bunun sübutudur. Paşinyan və hakimiyyəti bir tərəfdən həmin dəhlizin Ermənistan üçün nə qədər əhəmiyyətli olduğunu dərk edərək məsələni gündəmdə saxlayır, amma digər tərəfdən də müvafiq icazəni ala bilmədiyi üçün prosesi uzatmağa səy göstərir.

Məlumdur ki, müharibənin dayandırılması ilə bağlı imzalanmış üçtərəfli bəyanatda kommunikasiya xətlərinin blokadadan çıxarılması və Zəngəzur dəhlizinin açılması Ermənistanın üzərinə bir vəzifə kimi qoyulub və həmin sənəddə söhbət hər hansı sadələşdirilmiş prosedurlardan və ya rəsmi İrəvanın təklif etdiyi kimi, “güzəştli transit” imkanlarının yaradılmasından getmir. Sənəddə açıq şəkildə maneəsiz keçidin təmin olunması qeyd olunub. Yəni başqa sözlə, “Azərbaycandan-Azərbaycana” modelinin tətbiq edilməsi və Kalininqrad modeli timsalında hər hansı gömrük yoxlaması və gömrük rüsumu olmadan həm yüklərin, həm də sərnişinlərin keçidinin təmin olunması nəzərdə tutulub. 

Ermənistan hər nə qədər müxtəlif təkliflər irəli sürsə də, son nəticədə məhz Azərbaycanın şərtləri və üzərinə götürdüyü öhdəliklər çərçivəsində dəhlizin açılmasını təmin etməyə borcludur. Çünki başqa yolu yoxdur. Dalan dövlətdən çıxa bilmək üçün Paşinyanın təklif etdiyi “sülh qovşağı” layihəsi illüziyadan başqa bir şey deyil. Hindistandan İrana, oradan da Ermənistan və Gürcüstan vasitəsilə Qara dənizlə Avropaya uzanan dəhliz yaratmaq Ermənistandan başqa adıçəkilən heç bir dövlət üçün əhəmiyyət kəsb etmir. İkincisi isə bunun üçün uzun illər və külli miqdarda maliyyə vəsaiti lazımdır. Mən hələ Qərbin İran üzərindən nəzərdə tutulan yola münasibətindən danışmıram. 30 il ərzində öz sərhədlərində olan İranla belə dəmir yolu çəkə bilməyən Ermənistanın isə təkbaşına belə bir layihəni maliyyələşdirmək və həyata keçirmək imkanları yoxdur. Odur ki, Zəngəzur və özü də Azərbaycanın şərtləri daxilində bu dəhlizin açılması Ermənistan üçün yeganə ümid yeridir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR