Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Ohayo ştatını təmsil edən respublikaçı konqresmen Deyv Teylorun (Dave Taylor) ofisində svastika təsvirli ABŞ bayrağı aşkar edilib. Hadisə ilə bağlı Kapitoliy polisinin iştirakı ilə araşdırma aparılır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə "Politico" saytı məlumat yayıb.
Saytın əldə etdiyi məlumata əsasən, bayrağın görüntüsü onlayn görüş zamanı çəkilmiş ekran şəklində (screenshot) ortaya çıxıb. Görüntüdə konqresmenin əməkdaşlarından biri – Anjelo Elia – iştirak edir və onun arxasındakı divarda asılmış kiçik bir ABŞ bayrağında qırmızı zolaqların dəyişdirilərək svastika formasını əmələ gətirdiyi görünür.
Konqresmen Teylor məsələ ilə bağlı "Politico"ya açıqlama verərək hadisəni kəskin şəkildə pisləyib:
“Mənə bu görüntü barədə məlumat verilib və orada açıq-aşkar iyrənc, tamamilə yolverilməz bir simvolun işçimin yanında ofisimdə əks olunduğu görünür. Bu təsvirin məzmunu nə mənim ofisimdə qəbul edilən dəyərləri, nə də mənim və əməkdaşlarımın prinsiplərini əks etdirir. Mən bu hərəkəti ən qəti şəkildə qınayıram".
Teylor əlavə edib ki, məsələ ilə bağlı daxili yoxlama başladılıb və araşdırma Kapitoliy polisi ilə birgə aparılır. O, əlavə şərhlərin yalnız yoxlamalar başa çatdıqdan sonra veriləcəyini bildirib.
Musavat.com
17 Oktyabr 2025
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ