İnsanlara hürriyət, millətlərə istiqlal!

Mehdiyevin radikal MÜXALİFƏTLƏ ƏLAQƏLƏRİ ÜZƏ ÇIXDI: "Ona ŞƏRƏFSİZ dedim" - Fəzail Ağamalı SİRLƏRİ AÇIR

İLK yayım tarixi: 16 oktyabr, 16:49

“Bir qrup ziyalıların təşəbbüsü ilə Elmlər Akademiyasının zalında yığıncaq keçirilirdi və Dağlıq Qarabağın o dövrdə ermənilər tərəfindən işğala məruz qalma ehtimalı, separatizmin başlanması mövzusu ətrafında müzakirə gedirdi. Həmin dövrdə mərkəzi komitənin katibi olan Ramiz Mehdiyev ora gələrək iştirakçıları çox sərt şəkildə tənqid etdi və dedi, durun, dağılışın. Mən də orada idim, mənim sualıma da sərt cavab verdi və bildirdi ki, bütün bunlardan Moskvanın xəbəri yoxdur, bu cür avantürist suallar verməyin, işlərlə Azərbaycan Kommunist Partiyasının rəhbərliyi məşğul olur. O, ermənilərin separatizminin başladığı andan Azərbaycan xalqının yanında olmadığını, Moskvanın tapşırıqlarını açıq şəkildə icra etdiyini göstərdi”.

Musavat.com xəbər verir ki, bu fikirləri Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı TV Musavatının efirində Sevinc Telmanqızının təqdimatında “Canlı debat” verilişində səsləndirib.

Onun sözlərinə görə, müstəqillik illərində uzun illər ciddi vəzifələr daşıyan Ramiz Mehdiyevin Azərbaycanın müstəqilliyinə, azadlığına, ziyalılara, Heydər Əliyevə, onu sevən insanlara, Prezident İlham Əliyevə qarşı dərin nifrəti olub:

“2003-cü ildə Ulu öndərin xəstəlik dövründə gözlənilən prezident seçkilərinə Ramiz Mehdiyev 200-ci ildən Moskvanın yardımı ilə fəal şəkildə qoşulmuşdu. Həmin dövrdə Moskvanın telekanallarında Ramiz Mehdiyev Azərbaycanda böyük reytinqi olan şəxs kimi təqdim olunurdu. Və onun Moskva tərəfindən imici formalaşdırılırdı. 2000-ci ildə mən politoloqlar qrupu adından bir yazı hazırladım və onu “Şərq” qəzetində dərc etdirdim. Rəhmətlik Murtuz Ələsgərovu da buna qoşdum. Ancaq Murtuz Ələsgərov belə deyildi. “Ramiz Mehdiyev və Murtuz Ələsgərov İlham Əliyevə qarşı” başlıqlı yazı dərc etdirdim. Bu yazı həmin dövrdə çox böyük rezonans doğurdu və mən həmin yazını Anarın vasitəsi ilə Moskvada atasının yanında olan cənab prezidentə göndərdim. Eyni zamanda onun köməkçisi Rauf Hüseynov vasitəsi ilə də göndərdim.

Sonra bəlli oldu ki, bu Rauf Hüseynov və Qaradağ rayonunda YAP-ın sədri olan və uzun müddət Prezident Administrasiyasında sektor müdiri işləyən Qafar Əliyev radikal müxalifətlə əlaqəyə girib. Bu məlumatı mənə Azadlıq qəzetində çalışan, çox gözəl münasibətlərimizin olduğu biri dedi. Bu məlumat eyni zamanda Qüdrət Həsənquliyevə də çatdırıldı. Hər ikimiz xəbərdar olduq. Mən bu məsələnin arxasınca getdim. Digər kanallarla həqiqətən bu insanların radikal müxalifətlə əlaqələrinin olub olmadığını yoxlatdım. Araşdırmalar öz təsdiqini tapdı və bəlli oldu ki, onların hər ikisi radikal müxalifətlə danışıqlar aparır, Ramiz Mehdiyev İran və Rusiya tərəfindən dəstəklənir, Türkiyə ilə də danışıqlar gedirdi.

Müxalifətin aparıcı qanadları ilə danışıqlarda onlara vədlər verilirdi. Müxalif qüvvələrə deputat mandatının verilməsi, yaxşı həyat şəraiti və s. vədlərlə şirnikləndirirdilər ki, Ramiz Mehdiyevə seçkilərdə mane olmasınlar. Mən 2001-ci ildə “Neytral” qəzetinə bununla bağlı müraciət etdim. Mən qəzetin redaktoruna açıb hər şeyi danışdım və Ramiz Mehdiyevin maskasını yırtdım. Onun xəyanətləri ifşa olundu.

Müxalifətin funksionerləri ilə Rauf Hüseynov və Qafar Əliyevlə görüşürdülər. Ramiz Mehdiyevin müxalifətə sifarişi belə idi: “Siz mənə mane olmayın, mən sizə bütün şəraiti yaradacağam”.

Bildirilirdi ki, Ramiz Mehdiyev hakimiyyətə gəlir və ölkədə ona alternativ yoxdur”.

Qeyd edək ki, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, Ramiz Mehdiyev barəsində cinayət işi açılıb. DTX-nin İstintaq Baş İdarəsinin təqdimatı əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsi Ramiz Ənvər oğlu Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR