Onlayn ictimai-siyasi qəzet
Suriya prezidenti Əhməd əş-Şara oktyabrın 15-də Rusiyaya səfər etdi. Əslində həmin gün, yəni oktyabrın 15-də Moskvada Ərəb ölkələri və Rusiya sammiti keçirilməli idi. Ancaq bu sammit məlum səbəblərdən təxirə düşdü. Lakin Suriya prezidenti Moskva səfərini təxirə salmadı. Çünki Dəməşqin indi öz prioritetləri var.
Əhməd əş-Şara Moskva səfərində Rusiya prezidenti Vladimir Putin və Rusiyadakı Suriya diasporunun üzvləri ilə görüşdü. Suriya lideri səfərlə bağlı bildirib ki, ölkəsi Rusiya ilə münasibətləri yenidən qurmağa çalışacaq və bu, Suriya üçün həyati əhəmiyyət daşıyır.
Suriya mediasının yazdığına görə, Putinlə görüşdə Əhməd əş-Şara ölkəsinin yenidən qurulması üçün Rusiyadan dəstək istəyib, həmçinin keçmiş prezident Bəşər Əsədin geri verilməsi və Suriya ərazisindəki Rusiya bazalarının taleyini müzakirə edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin və Əş-Şara arasında keçirilən danışıqlarda Rusiyanın Suriyadakı hərbi bazaları məsələsi müzakirə olunub. Lakin Bəşər Əsədin təhvil verilməsi və ya onunla bağlı hüquqi proseslər barədə Kremlin “hazırda deyəcək heç nəyi yoxdur”.
Əlbəttə, hər kəsə aydın idi ki, Moskva Bəşər Əsədi bu səfər zamanı Əhməd əş-Şaraya təhvil verməyəcək və təbii ki, bunu Əhməd əş-Şara da bilirdi. Bəşər Əsədin Rusiyadan istənməsi daha çox siyasi-diplomatik danışıqların görünən fraqmenti kimi maraqlı ola bilərdi. Əslində isə Suriya liderinin daha ciddi gündəmi var idi.
Suriya prezidentini Rusiyaya aparan əsas səbəblər iqtisadi və təhlükəsizlik idi. Daha dəqiq ifadə ilə, Suriyanın indi yenidən qurulması və ayaqda durması üçün maliyyə dəstəyinə ehtiyacı var. İkincisi isə təhlükəsizlik mövzusudur.
Dekabrda Suriyada hakimiyyət dəyişikliyinin 1 ili tamam olacaq. Lakin Suriyanın çox ciddi problemləri hələ də həll olunmamış qalır. Qərb dövlətləri, o cümlədən ərəb qardaşları Suriyanın yeni hakimiyyətinə xoş vədlər versə də, əslində real vəziyyət acınacaqlıdır. Qərb sanksiyaları çox yavaş və hissə-hissə götürülür. Dəməşqə maliyyə dəstəyinin həcmi isə ehtiyac olandan xeyli azdır.
Hazırda Dəməşqin maliyyə yardımına və ölkənin yenidən qurulması üçün dəstəyə çox ehtiyacı var. Əhməd əş-Şara bir neçə gün əvvəl bildirdi ki, Suriyanı yenidən qurmaq üçün 600-900 milyard dollara ehtiyac var. Və aydındır ki, bunu heç bir ölkə ona verməyəcək. Buna görə də Qərbdən kənar mənbələrə də baş vurmaq lazımdır.
Əhməd əş-Şara ümid edir ki, Rusiya ilə anlaşa bilsə, Tartus və Xmeymim bazaları qarşılığında Moskvadan pul ala bilər. Həmçinin Rusiyanı da Suriyanın yenidən qurulmasında iştiraka cəlb etmək, ən azı bunda maraqlı olan şirkətlər tapmaq olar. Digər tərəfdən, Rusiyada, xüsusən də son illərdə böyük Suriya diasporu formalaşıb. Bunları yenidən ölkəyə qaytarmaq və yenidənqurmaya cəlb etmək olar.
Əhməd əş-Şaranı Moskvaya aparan ikinci mühüm səbəb isə Suriyadakı təhlükəsizlik məsələləridir. Hazırda Suriya faktiki olaraq bölünüb: ölkənin şimal-şərqində 25 faizə yaxın əraziyə ABŞ-ın dəstəyi ilə kürdlər nəzarət edir, şərqdə Tanaf rayonunda ABŞ hərbi bazası var və Şara hökuməti o hissəyə müdaxilə edə bilmir. Cənub-qərbdə druzların Suveydə vilayəti, cənubda isə İsrailin işğal etdiyi Suriya ərazilərinə nəzarət edir. Üstəlik, daxildə də mərkəzi hakimiyyətə tabe olmaqdan imtina edən qruplar var.
Suriya mediasının iddialarına görə, Əhməd əş-Şara Rusiyanı yenidən Suriyaya dəvət etmək və ölkədə hərbi iştirakına şərait yaratmaq istəyir. Bu iki tərəfdən lazımdır. Birincisi, Suriyada həm şimal-şərqdə ələvi (nusayri) bölgələrində, həm kürd rayonlarında, həm də cənubda Dəra rayonunda (Əhməd əl-Avdav və onun 8-ci briqadası kimi – K.R.) Rusiyanın təsirində olan silahlı güclər var. Ruslarla barışıq bu qrupları tabe etdirmək üçün lazımdır.
İkincisi isə Əhməd əş-Şara anlayır ki, ABŞ və Avropa həm kürd mövzusunda, həm də druz və İsrail mövzusunda Dəməşqin yanında birmənalı yer almır. Rusiyanın Suriyaya yenidən qayıtması, daha əvvəl olduğu qədər olmasa da, müəyyən səviyyədə güc balansı yaratmağa kömək edə bilər. Başqa sözlə, Əhməd əş-Şara hakimiyyəti kürd və druz separatizmi, İsrail işğalı qarşısında Rusiya və Qərb arasında manevr sahəsini genişləndirməyə çalışır.
Çox güman ki, Rusiyanın yenidən Suriyaya qayıtması həm də Ankara ilə razılaşdırılmış plandır. Çünki Türkiyə Suriyada Rusiya ilə daha dərin koordinasiya qura bilir. Həmçinin Rusiyanın Suriyadakı bazalara yenidən qayıtması İsrailin Suriya hava məkanında sərbəstliyinin qarşısını ala bilər.
Kənan Rövşənoğlu
Xüsusi olaraq Musavat.com üçün
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ