İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO yeni baş katiblə “Ukraynada davam” dedi - Rutte nələri dəyişəcək...

Alyansın yeni rəhbəri Rusiyaya əvvəldən nifrət edir və Kiyevə dəstəyin artırılmasını prioritet sayır - “Ukraynanın layiqli yeri...”

Niderlandın baş naziri Mark Rutte artıq NATO-nun yeni baş katibi olaraq fəaliyyətə başlayıb. Norveçli Yens Stoltenberq oktyabrın 1-də bu vəzifəsini tərk edib. Stoltenberq rəsmi olaraq NATO Baş katibinin səlahiyyətlərini Mark Rutteyə təhvil verib. 

Rutte ilk çıxışında Ukraynaya dəstəyin, eləcə də müdafiə xərclərinin artırılmasını prioritet elan edib: “Ukraynanın layiqli yeri NATO-dadır. Mənim ikinci prioritetim Ukraynaya dəstəyimizi gücləndirmək və onu NATO-ya daha da yaxınlaşdırmaqdır. Çünki güclü, müstəqil Ukrayna olmadan Avropada davamlı təhlükəsizlik ola bilməz. Üzərimizə düşəni etməliyik”, - NATO Baş katibi qeyd edib. Buna qədər alyansın əvvəlki katibi də Kiyevə dəstəkdə prinspial idi. Stoltenberq Ukraynanın müdafiəsi üçün əlindən gələni əsirgəmədi. Onun dövründə blok kifayət qədər monolit və ardıcıl oldu. Son həftələrdə isə Şimali Atlantik Alyansın baş katibi Rusiyanın dərinliklərinə uzaqmənzilli silahlarla vurmağa çağırır, bunu işğala məruz qalan dövlətin özünümüdafiə hüququ adlandırırdı.

Yeni baş katib də Ukraynanın qorunmasında prinsipial siyasətçilərdən sayılır. Hətta onun ABŞ prezidentliyinə namizəd Donald Trampla yaxın dost olduğu, əgər respublikaçı namizəd seçkidə qalib gələrsə, Ruttenin ona Kiyevə dəstəyi artırmaq üçün təsir göstərəcəyi proqnozlaşdırılır. Onu da nəzərə almaq lazımdır ki, NATO-da baş katibin kimliyi əlahiddə məsələ deyil. Alyansın strategiyası var və biri də Şərqə doğru genişlənmə planıdır. Stoltenberqin dövründə Finlandiya və İsveç bloka qoşuldular, gələcəkdə Ukrayna, Moldova, Gürcüstan da istisna edilmir, amma uzaq gələcəkdir. Bununla yanaşı, Kiyevin müdafiəsində dəyişiklik gözlənilmir. Amma NATO-nun yeni baş katibi qurumun fəaliyyətində hansısa yeniliklər edə biləcəkmi?

“NATO Rusiyanın nüvə doktrinasında dəyişikliklərdən xəbərdardır, lakin nüvə silahından istifadə təhlükəsi görmür”. Alyansın yeni baş katibi Mark Rutte belə deyib. “Kremldən təhdidlər eşitdik. Ancaq eyni zamanda, nüvə silahından istifadə ilə bağlı heç bir təhlükə görmürük”, - o bildirib. “Çətin ki, bu seçim NATO-nun və Atlantik Alyansının üzvlərinin ümumi xəttində nəyisə dəyişsin. Alyans, Rusiya Federasiyasının strateji sıxışdırılması məqsədi güdür. Hazırda bu, bizim üçün düşmən ittifaqıdır”, - deyə Kremlin sözçüsü Peskov vurğulamışdı.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın isə NATO-nun yeni baş katibi Mark Rutte ilə telefon danışığı olub. Qeyd edək ki, yeni baş katibi olduqca məsuliyyətli dövr gözləməkdədir. Xüsusən də Ukraynanın masaya oturacağı haqda müzakirələrin getdiyi bir zamanda alyansın mövqeyi maraq doğurur. Əgər Tramp prezident seçilərsə, ABŞ-ın yardımlarını azaldarsa, Rutte müttəfiq ölkələri dəstəyi gücləndirməyə çağıracaq. Xatırladaq ki, NATO-ya üzv ölkələrin liderləri Vaşinqtonda keçirilən sammitdə 2025-ci ildə Ukraynaya 40 milyard avroluq hərbi yardım göstərmək barədə razılığa gəliblər. Orada qeyd olunub ki, NATO ölkələri bu gün Rusiyanı məğlub etməyə və gələcəkdə onu cilovlaya bilən qüvvə yaratmaqda Ukraynaya dəstək vermək əzmində olduqlarını bir daha təsdiqləyirlər.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədli NATO-nun fəaliyyətində xüsusi dəyişiklik gözləmir. Onun fikrincə, alyans hədəflərini əvvəldən açıqladığı üçün Rutte ilə qaldığı yerdən davam edəcək. “Rusiya bu blokla problemini gizlətmir. Moskva bəyan etmişdi ki, Ukraynanın alyansa üzvlüyünə qarşıdır. Bu halda Rusiyanın yaxınlığındakı ən böyük qonşusunda NATO bazası qurulacaqdı. Ukrayna Litva, ya da Finlandiya deyil. Rusiya buna razı ola bilməzdi. İkincisi, Putin bildirmişdi ki, alyans Şərqə doğru genişlənməmək barədə razılıq vermişdi, öhdəliyi yerinə yetirmədi. İndi də Kreml açıq şəkildə deyir ki, NATO bu münaqişədə tərəfdir və iştirak edir. Kursk əməliyyatında NATO silahları istifadə edilib. Ona görə də Moskva hər zaman qarşı tərəfi ittiham edir ki, bizə yaxın gəlməməli idiniz. Nəticəsi də Ukrayna şəhərlərinin vurulmasıdır ki, NATO üçün çəkindirici addım olsun”. Hərbi ekspert bununla belə NATO-nun genişlənmə planından əl çəkmədiyini və müharibənin gedişində iki ölkənin bloka üzv olduğunu xatırladır. Onun sözlərinə görə, ABŞ Ukraynanın bu təşkilata qoşulmasının əleyhinədir: “Çünki onlara yarımcan və belə böyük bir ölkə lazım deyil. Bəlkə gələcəkdə mövqe dəyişə bilər. Ancaq indi real görünmür. Üstəlik, NATO nizamnaməsi buna imkan verir. Sənədə əsasən, Ukrayna tam şəkildə, yəni ərazi bütövlüyü təmin olunmaqla alyansa qoşula bilər. O baxımdan Rutte dönəmi qarşıdakı illərdə də Kiyevi müdafiə etmək, silahlandırmaq olacaq. Yəni Ukrayna NATO-ya de-yure qoşulmasa da, de-fakto onunla birlikdədir”.

Qeyd edək ki, Mark Ruttenin 57 yaşı var. NATO-nun baş katibi təyin olunana qədər o, 14 ilə yaxın Niderlandın baş naziri vəzifəsində çalışıb. Yeni baş katib Avropa siyasətində praqmatizmi və ən çətin vəziyyətlərdə belə kompromis tapmaq bacarığı ilə tanınır. Rutte 2018-ci ildə Ağ Evdə keçirilən görüşdə Donald Trampa qarşı kəskin etirazı ilə də yadda qalıb və hətta onun sözünü belə kəsib. Mark Ruttenin Rusiyaya münasibəti 2014-cü ilin iyulunda Ukraynada “Boeing 777"nin qəzaya uğramasından sonra xeyli dəyişdi. O vaxtdan bəri Niderland Rusiya tərəfini Avropa İnsan Haqları Məhkəməsində məsuliyyətə cəlb etmək üçün əlindən gələni edir. Mark Ruttenin zamanında Haaqa məhkəməsində Rusiyaya bir sıra beynəlxalq cinayət işi qaldırılıb.

Emil SALAMOĞLU,
“Yeni Müsvaat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR