Onlayn ictimai-siyasi qəzet
NATO-nun Vaşinqtonda keçirilən sammitinin yekun bəyannaməsində Çinin Rusiyanın Ukraynada apardığı müharibənin əsas sponsoru adlandırılması qütblər arasında gərginliyi artırıb. Şimali Atlantika Bloku Çini Rusiyanın hərbi maşınına maddi və siyasi dəstəyi dayandırmağa çağırıb. NATO tarixində ilk dəfədir ki, Çinin ünvanına bu qədər sərt fikirlər səsləndirilib.
Bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, ekspertlər bəyanatda Çinin Rusiyaya artan dəstəyinin baha başa gələcəyi ilə bağlı Pekinin ünvanına gizli təhdid olduğu qənaətindədirlər:
"Bu cür bəyanatdan və çağırışdan sonra əksinə, Pekin Moskva ilə tərəfdaşlığını daha da gücləndirəcək. Pekin Vaşinqtonun və Brüsselin bu kimi təzyiqlərindən geri çəkilən deyil. Təsadüfi deyil ki, Pekindən NATO-nun ünvanına təxminən bu cür açıqlamalar göndərilib: "Gedin, işinizlə məşğul olun!" Bu o deməkdir ki, Rusiya ilə bacara bilməyən hərbi təşkilat Çinə dilə uzatmasın.
NATO Çinə qarşı nə edə bilər? Birincisi, təşkilat özünün məsuliyyət zonasına daxil olmayan Hind və Sakit okean bölgəsində fəallığını artıracaq, Çinə qarşı yeni bloklar formalaşdıracaq. Misal üçün NATO Yaponiya ilə sıx əlaqələr qurub, təşkilatın Tokioda ofisi fəaliyyətə başlamalıdır. İkincisi, NATO üzvləri Çinə qarşı iqtisadi alətləri işə salıblar, Çin məhsullarına gömrük rüsumları artırılıb. Bütün bunlar Pekini çəkindirmir. Küncə sıxılan Çin Rusiya ilə birgə antiqərb blokunu gücləndirməyə çalışacaq".
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ