İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO-nun yeni rəhbəri ilk səfərini Kiyevə etdi - təfərrüat

“Zaman kimə işləyir” sualı gündəmə qayıdır

Dünyanın diqqəti Yaxın Şərqdə ikən, Rusiya ordusu Ukraynanın Donetsk vilayətindəki kiçik Uqledar şəhərini uzun müddətdən sonra və böyük itkilərlə də olsa işğal edə bilib. Bu, Ukrayna tərəfi üçün nə deməkdir? Bundan sonra cəbhədə döyüşlərin xarakteri necə dəyişə bilər? Ukrayna rəhbərliyinin taktiki planına ciddi düzəlişlər mümkünmü? Yaxın Şərqdəki dramatik hadisələr fonunda  danışıqlar uzaqlaşır, yoxsa yaxınlaşır? 

Britaniyanın sabiq müdafiə naziri Robert Ben Uollesə görə, reallıq ondan ibarətdir ki, Qərbin Ukraynaya mərhələli yardım siyasəti nəticə vermir: “Putin özünküləri ”ətçəkən"ə göndərirkən, Ukrayna məsələsində axsadığımızı, “kütlə” içində gizləndiyimizi, uzun-uzadı fikirləşdiyimizi görür. Putinin iki kozırı var. Birincisi, daxili üsyandan sığortalandığını bilib Rusiya vətəndaşlarını hissə-hissə ölümə göndərmək. İkincisi, biz “Putin uğursuzluğa düçar olmalı, Ukrayna qalib gəlməlidir” deyəndə buna inanmadığımıza inanır".

Uolles əmindir ki, Putinin səhvdə olduğunu sübut etməyin bircə yolu var və bu, “liderlik, qeyri-populyar qərarlar və risk” tələb edir: “Ukrayna qalib gələ bilər, lakin Putin uğursuzluğa düçar ola bilər və olmalıdır. Gələcəyimiz üçün”.

Onun sözlərinə görə, ilk növbədə Ukraynanın tam səfərbərliyi lazımdır və Qərb səfərbər olunanların hazırlığına kömək etməlidir. “Biz Ukrayna ordusuna təlim keçmək və ona kömək üçün qoşun göndərməliyik. Döyüşmək üçün yox, arxa eşelonlara hamımızın göndərdiyimiz texnikanın istismarına kömək etmək üçün. Qoşunlar həmçinin yaralıların müalicəsinə dəstək ola bilərdi”, - sabiq nazir vurğulayıb.

Rusiyanın “Komsomolskaya Pravda” radiostansiyasının aparıcısı İvan Pankin isə Ukraynada hərbi əməliyyatları tez bir zamanda dayandırmağa çağırıb. “Bu, mümkün qədər tez başa çatmalıdır. Geri çəkilmək mənasında yox, tez bitirmək anlamında. ”Hələ başlamamışıq" deməyin. Bitirmək vaxtıdır. Əks halda, bu, yaxşı heç nəyə gətirməyəcək. Sadəcə “Müharibəyə yox!” deyə qışqırmaq istəyirəm. Amma kimə yazmaq, kimə müraciət etmək (məlum deyil)", - Pankin əlavə edib.

Yəni ki, zaman Rusiyaya işləmir...

Bu da dıqqətçəkicidir ki, NATO-nun yeni Baş katibi Mark Rütte xaricə ilk səfərini  Kiyevə edib və prezident Vladimir Zelenski ilə görüşüb.

Heydər Oğuz 

Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, əslində Ukrayna-Rusiya və İsrail-İran müharibəsi bir-birinə bağlı iki qaba bənzəyir: “Necə ki, birləşmiş qablar sabit halda dayananda su hər iki tərəfdə eyni səviyyədə qalır, amma qablardan birini aşağı endirəndə su digər qabdan o birinə axır və beləcə, qablardan birində su azalır, digərində isə artır, ABŞ-ın diqqəti də bunun kimidir. İsrail-İran müharibəsinə nə qədər çox diqqət ayırarsa, istər-istəməz Ukraynaya diqqət bir o qədər azalır. Bu tendensiya HƏMAS-ın ötən il 7 oktyabrda həyata keçirdiyi ”Əqsa tufanı" əməliyyatından sonra da baş verdi, indi də eyni proseslərin yaşanacağı gözlənilir. Xatırladım ki, “Əqsa tufanı”ndan sonra ABŞ-ın İsrailə daha çox diqqət ayırması Ukraynaya hərbi yardımların bir neçə ay dayanmasına səbəb oldu. Çünki ABŞ-dakı yəhudi lobbisi dövriyyəyə girdi və super gücün hərbi yardım potensialından aslan payı istədi. Nəticədə ABŞ iki tərəfi də eyni səviyyədə silahlandıra bilmədiyindən İsrailə daha çox önəm verməyə başladı. Məhz həmin dövrdə Rusiyanın Ukraynaya hücumlarını artırması Kiyevi çətin vəziyyətə saldı. Ukraynanın müqavimət gücü zəiflədi və o, hərbi moral baxımından çökdü. Bütün müharibələrdə qələbənin əsas rəhninin psixoloji üstünlük olduğunu nəzərə alsaq, Ukraynanın yaşadığı bu sarsıntının ciddi mənfi nəticələrə aparacağına şübhə yox idi və bu da baş verdi. Həmin dövrdən indiyədək Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ və müttəfiqlərindən daha çox dəstək almaq səyləri də nəticə vermir. ABŞ və Qərb dövlətləri Ukraynaya ayırdıqları silah-sursatı belə vaxtında çatdırmır, Kiyevin həm psixoloji, həm də hərbi üstünlüyünü bərpa etməsinə çalışmırlar. Rəsmi Kiyevin gözləntiləri isə daha böyükdür. Zelenski açıq şəkildə Qərbdən İsrailə verdikləri təhlükəsizlik qarantiyası istəyir, ona edilən hava hücumlarının digər NATO ölkələrinin də köməkliyi ilə dəf etməyi planlaşdırır. NATO ölkələri isə ona nəinki bu dəstəyi, hətta Qərb silahlarından Rusiyanın dərinliyinə vurmaq icazəsi vermək istəmir".

Heydər Oğuz bildirib ki, NATO ölkələri bu mövqelərini rus təhlükəsi ilə izah edirlər: “Çünki Zelenskinin istədiyi yardımın göstərilməsi savaşı lokal səviyyədən çıxarıb NATO-Rusiya savaşına çevirilə bilər. Bu perspektiv Rusiyanın konvensional savaşda tamamilə məğlubiyyəti anlamına gəldiyindən Moskvanın nüvə silahlarından istifadəsini tətikləmiş olar. ABŞ və Qərb dövlətləri isə hər iki tərəfə həyati zərər vuracağı gözlənilən nüvə savaşını istəmirlər. Onlara sadəcə Rusiyanı tükəndirmə savaşı lazımdır və bunu Ukraynanın hansısa bölgələrinin tamamilə itirilməsi halında da aparmaq mümkündür”.

Heydər Oğuz öz fikrinə örnək olaraq Əfqanıstan müharibəsini misal göstərdi: “Bilirsiniz ki, SSRİ 1979-cu ildə Əfqanıstanın bütün ərazilərini almışdı. Amma bu, onun Əfqanıstanda məğlubiyyətdən qaçmasını təmin etmədi. Əksinə, ABŞ və Qərb dövlətlərinin dəstəyi ilə əfqanlar partizan müharibəsi aparıb SSRİ-ni tamamilə tükəndirdi. 10 ildən sonra SSRİ qoşunları oradan suyu süzülə-süzülə çıxdı. Əfqanıstan illər sonra ABŞ tərəfindən də işğal olundu. 20 il sürən bu işğaldan ABŞ qaçaraq canını qurtardı. Əfqanıstan örnəyi sübut edir ki, dünyanın ən güclü dövlətləri belə, asimmetrik müharibədə məğlubiyyətə məhkumdur. Fikrimcə, ABŞ və Qərb dövlətləri eyni ssenarini Ukrayna üzərində qurmağa çalışırlar. Düzdür, bu ssenaridə Ukrayna Əfqanıstan kimi tamamilə işğal olunmayacaq, amma Dnepr çayının sahillərinə qədər əraziləri Rusiyanın ixtiyarına buraxıb partizan müharibəsinə başlamaq NATO qüvvələrinə daha optimal variant kimi görünə bilər. Bunun bəzi əsasları da yox deyil. Sirr deyil ki, Ukrayna qüvvələri müharibənin ilk aylarında Rusiyaya qarşı daha effektiv mübarizə aparır və onları işğal etdikləri ərazilərin bir qismindən qova bilmişdilər. Əllərində isə indiki ilə müqayisə edilməyəcək dərəcədə zəif müdafiə silahları vardı. Ukrayna nə zaman əks-hücum strategiyasını mənimsədisə, uğursuzluqlar yaşamağa başladı. Bu da səbəbsiz deyildi. Silahlarının texniki özəllikləri baxımından Rusiyadan xeyli üstün olmasına baxmayaraq, Ukrayna canlı qüvvə və texnika sayı baxımından daha zəif vəziyyətdədir. Hücum taktikası isə daha çox canlı qüvvə fədakarlığı tələb edir və nə yazıq ki, Ukraynanın bu potensialı getdikcə tükənir”.

Bir tərəfdən Ukrayna əsgərlərinin hərbi əməliyyatlarda öldüyünü, digər tərəfdən isə Avropaya sığınanların sayı artdığını xatırladan siyasi şərhçinin fikrincə, rəsmi hesabatlar müharibədən əvvəl Ukraynada təxminən 40 milyon əhali yaşadığını göstərirdi: “Müharibənin başlanması ilə milyonlarla ukraynalı ölkədən qaçdı. Polşa sərhəd mühafizəsinin rəsmi iddiasına inansaq, 2023-cü ilin ortalarına qədər 12 milyon ukraynalı ölkəni tərk edib Polşaya keçmişdi. Onların 80%-i qadın və uşaq olsa da, əsgərlik yaşına çatanların da ölkədən qaçdığı və ya qaçmağa çalışdığı bilinir. O dövrdən indiyədək Ukraynadan qaçanları da hesaba qatsaq, belə anlaşılır ki, hazırda ölkədə 27 milyon, bəlkə də daha az insan yaşayır. Onlar arasında müharibəyə yararsız yaşlıların da sayı az deyil. Getdikcə əli silah tutan əhalinin sayının azalması Ukraynanın konvensional müharibə aparmasına imkan vermir. Vəziyyətdən çıxmaq üçün hansısa yeni taktikalar və silahlar lazımdır. Ukrayna prezidenti Zelenski bunun ən optimal həll yolunu ölkəsinə verilən uzaqmənzilli silahların Rusiyanın dərinliklərində istifadəsində görür. ABŞ isə bu fikrə müsbət yanaşmır. Bu isə o deməkdir ki, Vaşinqtonda Ukraynanın asimmetrik müharibə aparmasının daha effektiv olacağını düşünürlər”.

Heydər Oğuzun fikrincə, NATO-nun yeni Baş katibi Mark Rutte Ukrayna səfəri çərçivəsində Zelenski ilə bu məsələləri müzakirə edib: “Bəzi dostlarımızın acığına gəlsə də, mən arzularımı yox, həqiqəti söyləyəcəyəm. Zelenski ABŞ-a son səfərində hətta Ukraynanın ən ciddi dəstəkçisi olan Demokrat hökumətini də özünün ”Qələbə planı"na inandıra bilmədi. Üzünə açıq deməsələr də, onunla münasibətdə göstərilən tövrlər və planın açıq şəkildə geri çevrilməsi ABŞ və NATO ölkələrinin asimmetrik savaşa daha çox üstünlük verdiklərinə işarədir. Ruttenin NATO-nun Baş katibliyi vəzifəsinə gətirilməsi isə Zelenski hökuməti üçün başqa təhlükədən xəbər verir. Məlum olduğu kimi, Rutte ABŞ prezidentliyinə namizəd Trampa yaxınlığı ilə seçilən, onun nəbzini tutmağı bacaran şəxs kimi tanınır. Hətta Tramp hakimiyyətinin ilk illərində onu NATO-dan çıxmaq təşəbbüsündən yayındıran şəxsin də Rutte olduğu bildirilir. Trampa təsir gücü bu qədər yüksək olan şəxsin NATO-nun başına gətirilməsi ABŞ-da bir aydan sonra başa çatacaq prezident seçkilərinin qalibinin kim olacağı barədə ipucları verir. Trampın isə Ukrayna savaşı barədə fikirləri bəllidir. O, Ukraynanın ərazi güzəşti hesabına müharibəni bitirmək istəyəcəyini açıq şəkildə ifadə edir. Ruttenin Zelenski ilə görüşdə səsləndirdiyi bir fikir də ABŞ-da Trampın hakimiyyətə gələcəyi ehtimalını gücləndirir. Məlumata görə, o, Zelenskiyə deyib ki, “noyabrda kimin prezident seçilməsindən asılı olmayaraq, alyansın ən güclü üzvü olan ABŞ-la birlikdə işləyə biləcəyinə əmindir və seçkilərin nəticələri Ukraynanın öz mövqeyini qoruyub saxlamaq səylərində dönüş nöqtəsi kimi qiymətləndirilir”. Məlumdur ki, Zelenskinin əsas xofu Trampla bağlıdır və NATO katibi bu sözlərlə ona sanki “narahat olma, Trampla da dil taparıq” mesajını çatdırıb".

Heydər Oğuzun fikrincə, Trampın Ukrayna-Rusiya savaşı barədə təsəvvürləri də Kiyev üçün planlaşdırıldığını düşündüyü asimmetrik savaş strategiyasına zidd deyil, əksinə tamamilə bu təsəvvürlərlə üst-üstə düşür: “Qısası, mən gələn ildən etibarən Ukraynanın Əfqanıstanlaşdırılacağından ehtiyatlanıram. Amma bu strategiya belə, Rusiyanı məğlubiyyətdən xilas etməyəcək, sadəcə müharibənin xarakterini dəyişdirib daha da uzadacaq. Görünür, Rutte ”müharibədə dönüş" deyərkən bunu nəzərdə tutur". 

Heydər Oğuzun fikrincə, Trampın yəhudi lobbisi ilə yaxın əlaqələri və İsrailə münasibəti onun hakimiyyətə gələcəyi təqdirdə yəhudi dövlətinin qələbəsinə daha çox diqqət ayıracağını göstərir: “Bu isə nəticə etibarilə Ukraynaya hərbi dəstəyin yenidən azalacağına işarədir. Böyük ehtimalla, yaxın tarixdə Ukraynanın əlindəki silahlar asimmetrik mübarizə aparmağa çatacaq. Ukraynanın özünün istehsal etdiyi və edəcəyi dronlar bu asimmetrik savaşın əsas döyüş alətləri olacaq”.

Uqledara gəlincə, Heydər Oğuzun fikrincə, bu qəsəbə və rayon miqyasca balaca olsa da, böyük strateji əhəmiyyətə malik idi: “Çünki Ukraynanın şimali ilə cənubunu, həmçinin qərblə şərqini birləşdirən təchizat xətləri bu bölgədə birləşirdi. Sözsüz ki, Uqledarın rusların əlinə keçməsi Ukrayna üçün ciddi itkidir. Amma bu itki asimmetrik savaşı davam etdirməyə maneə yaratmır. Bir sözlə, bütün oxlar Ukraynanın yaxın zamanlarda Əfqanıstanlaşacağını göstərir”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR