İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkotik daşıyan motokuryerlər - nəzarət mexanizmi tətbiq olunmalıdırmı?

Deputat: “İldən-ilə böyük partiyada ağır narkotiklərin tutulması onu deməyə əsas verir ki...”

Son vaxtlar paytaxtda motokuryerlər artıb. Əlbəttə, gənclərin bu cür daşımaçılıqla, kuryerliklə məşğul olması yaxşıdır, bu, zəhmətlə yaşayışını təmin etməkdir. Xeyli gənc bu yolla özünü dolandırır. Ancaq təəssüflər olsun ki, Bakıda narkotiklərin motokuryerlər tərəfindən daşınması halları da artır. Son olaraq Nəsimi rayonunda narkotiklərin satışını təşkil edən daha bir motokuryer saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Rövşən Fətəliyev saxlanılıb. O, ifadəsində üzərindən aşkar edilən narkotikləri Nihad adlı tanışından aldığını bildirib. Tədbirlərin davamı olaraq həmin şəxs - 1995-ci il təvəllüdlü Nihad Eminli də saxlanılıb. Onun üzərindən və yaşadığı mənzildən 1 kiloqrama yaxın satış məqsədilə əldə etdiyi marixuana, çətənə kolları və 272 ədəd psixotrop tərkibli satışı qadağan olunan preqabalin həbi ələ keçirilib.

Nihad Eminli psixotrop tərkibli həbləri sosial şəbəkələrdə əsasən gənclər arasında satmağı planlaşdırıb və özünü kuryer şirkətlərindən birinin əməkdaşı kimi təqdim edərək idarə etdiyi motosikletlə narkotiklərin daşınmasını təşkil edib.

Necə bir mexanizm qurmaq olar ki, həm sağlam fəaliyyətlə məşğul olan motokuryerlər şübhə altında qalmasın, həm də narkokuryerlikə məşğul olmaq mümkünsüz olsun? Müşahidələr göstərir ki, narkotik daşıyan motokuryerlərin əksəri nömrə alınması tələbi olmayan mopedlərdən istifadə edir. Hərəkətdə olan bütün nəqliyyat vasitələrinə qeydiyyat nişanı tələbi olmalıdırmı?

Deputat, narkotiklərlə mübarizəyə “Qara kabus” adlı kitab həsr edən  Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, Azərbaycanda son illər narkotiklərlə mübarizə sahəsində çox ciddi tədbirlər görülür: “Fikir verirsinizsə, tədbirlərin miqyası genişləndikcə, keyfiyyətcə yeni mərhələyə adladıqca, narkomafiyalar da iş prinsiplərini yeniləyirlər. Motokuryerlərdən, mopedlərdən, dronlardan istifadə nisbətən yeni üsullardır. Amma bunlara qarşı da mübarizə aparılır və hər ötən gün daha da təkmilləşdirilir. Ümumilikdə isə yaxın 20-30 ildə dünyanı ağuşuna alan narkotik bəlasının kökünü kəsmək mümkün görünmür. Bu problem yalnız dünya dövlətlərinin birliyi sayəsində çözülə bilər. Bir dövlət təkbaşına narkotik bəlasının öhdəsindən tam olaraq gələ bilməz. Bunun obyektiv səbəbləri var”.

Arzu Nağıyev: “Silah gəzdirmək deputatın özündən asılıdır” Pravda.az

Arzu Nağıyev 

Arzu Nağıyev bildirib ki, Azərbaycanın hüquq-mühafizə orqanları illərdir ki,  ölkə ərazisinə narkotiklərin daşınması, yayılmasının önlənməsi üçün müvafiq tədbirlər görür: “Bilinən faktdır ki, Avropaya daşınan narkotiklər, əsasən də heroin kimi ağır narkotik vasitə əsasən Əfqanıstanda istehsal olunur. İran Əfqanıstanla qonşudur və narkomafiyaların Əfqanıstan-İran-Azərbaycan-Avropa dövlətləri marşrutundan istifadə etmələri illərdir ki, məlumdur. Bu axın Azərbaycanda istehsalın, istehlakın nə qədər olmasından asılı məsələ deyil. Marixuanaya gəldikdə isə bu narkotik tərkibli bitki əsasən ölkə daxilində becərilir. İldən-ilə böyük partiyada ağır narkotiklərin tutulması onu deməyə əsas verir ki, Azərbaycan hüquq-mühafizə orqanlarına əməliyyat məlumatları əvvəlki illərə nisbətən daha çox daxil olmağa başlayıb. Hiss olunur ki, tutulan mallar Azərbaycan üçün deyil, məhz Avropa üçün nəzərdə tutulub. Bu gün qara bazarda 1 qram kokainin qiyməti 400 dollar, eyni çəkidə heroinin qiyməti isə 170 manatdır, yəni 100 dollardır. Əvvəllər 1 qram heroini 5 nəfər istifadəçi alırdısa, hazırda 1 qram heroin 7 hissəyə bölünərək satılır. Ölkə ərazisində qanunsuz dövriyyədən çıxarılan narkotik və psixotrop maddələrin azalması da təsdiq edir ki, Azərbaycan İranla sərhədini möhkəmləndirib. Əvvəllər narkotiklər əsasən Balkanlar üzərindən daşınırdı. Balkanlarda müharibə qızışdığına görə marşrutu cənub və şimal istiqamətinə dəyişdilər. İran, Rusiya, Azərbaycan, Gürcüstan ərazilərindən istifadə edilərək Avropaya narkotik daşımaları həyata keçirilməyə başladı. Bu marşrutlar hansısa ölkənin razılığı və ya narazılığı ilə seçilmir. Bu marşrutları narkobaronlar, həmin trafikə nəzarət edənlər müəyyən edir. Onlar bir-iki dəfə marşrutu yoxlayırlar. Əfqanıstandan Avropaya narkotik daşıyanların yeni - ”Şimali Balkan yolu" adlandırdığı marşrut məhz Azərbaycandan keçirdi. Əfqanıstan, İran, Azərbaycan, Gürcüstan və Qara dəniz vasitəsilə Bolqarıstana daşınırdı. Hazırda sərhədlərin möhkəmləndirilməsi daşımaları xeyli çətinləşdirir. Köhnə Balkan marşrutu isə İrandan birbaşa Türkiyəyə yönəlirdi. İrandan Türkiyəyə toplanan heroin ya İstanbul vasitəsilə Bolqarıstana, ya Anadolu boyunca - Egey dənizi və Yunanıstana, ya da Hakkaridən şimala - Qara dəniz və Ukraynaya daşınır. Almaniya, İtaliya, Hollandiya, Britaniya bazarlarına heroin məhz bu marşrutlarla gedirdi. Azərbaycanın Qarabağ zonası işğal altında olarkən qanunsuz narkodəstələr həmin ərazilərdə müəyyən laboratoriyalar da saxlayırdı. BMT-nin hesabatlarında bu haqda məlumatlar keçmişdi. 44 günlük Vətən müharibəsinə qədər Dağlıq Qarabağ heroin trafikində önəmli yer tuturdu. BMT-nin Narkotiklər və Cinayətlə Mübarizə Təşkilatının hazırladığı “Dünya Narkotiklər hesabatı”nda bildirilirdi ki, Qafqazda və regionda separatçı rejimlərin nəzarətində olan ərazilər - xüsusən də Dağlıq Qarabağ və Abxaziya heroin trafikində önəmli yer tutur. BMT-nin narkotiklərlə bağlı hesabatına görə ümumilikdə Avropaya daşınan heroin satışından gələn illik gəlir 20 milyard dolları aşır. Bu rəqəm hər il artır. Çox təəssüf ki, xüsusilə gənc nəsil narkotik vasitələrin təhlükələri, onların istifadəsinin ciddi nəticələrini tam olaraq dərk etmirlər. Bu baxımdan müntəzəm maarifləndirmə mühüm əhəmiyyətə malikdir. Cəmiyyətdə “ağ ölüm” adlanan narkotiklə mübarizənin inkişafı və yayılması, insanların maarifləndirilməsi üçün narkotik vasitələrin tərkibi ilə birbaşa və ya dolayı yolla beyinin funksiyalarını dəyişdirən və buna bağlı olaraq fiziki və psixi sağlamlığı təhdid edən maddə olması təlqin edilməli, fəsadlarının ciddiliyi, həyat, birgəyaşayışa çox ciddi zərbələr vurduğunu dönə-dönə izah etmək vacibdir. Hər bir gənc bilməlidir ki, narkotiklər fiziki sağlamlığın pozulması və insanın sinir sisteminin alt-üst olması, müxtəlif nevroz hallarını şərtləndirir. Narkotik maddələr qan dövranına da təsir edərək qanda oksigen və digər maddələrin orqanlara normal çatdırılmasını məhdudlaşdırır. Xüsusi olaraq gənclər, həmin o mopedin, motoskletin sükanı arxasına keçib narkokuryerlik edənlər bilməlidirlər ki, cinayətə cəlb ediliblər və özləri kimi gəncləri zəhərləməklə məşğuldurlar. Və harada olmaqlarından asılı olmayaraq hüquq-mühafizə orqanlarının əməkdaşları gec-tez başlarının üstünü kəsdirəcəklər".

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR