Onlayn ictimai-siyasi qəzet
Hakim partiyanın deputatı Bakıya qarşı çərənləməkdən əl çəkmir, Kreml isə Duma üzvünün payını vermir - reaksiya
Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin növbəti dəfə qərəzli açıqlamaları ilə diqqət çəkib. O, ölkəmiz əleyhinə absurd ifadələr işlədib: “Azərbaycanda rusofobiya yaranıb, bizim "Rus evi"mizin fəaliyyəti də qadağan edilib”.
Zatulin sərsəm fikirlərini belə yekunlaşdırıb: “Bu cür epidemiyalar xarakterikdir. Azərbaycan bu gün Rusiya ilə münasibətlərdən əhəmiyyətli dərəcədə daha az asılıdır. Çünki bu gün Qarabağda öz məqsədlərinə çatmaq eyforiyasından istifadəyə davam edir. Qarabağdakı erməni əhalisini oranı tərk etməyə məcbur edən Azərbaycan haqqında başqa cür danışa bilmirəm”.
Göründüyü kimi, Zatulin yenə də öz ritorikasından əl çəkmir. O, hər fürsətdə cəfəng fikirlər səsləndirir. Lakin onun özünün də etiraf etdiyi kimi, Azərbaycan Rusiya ilə münasibətlərdən asılı dövlət deyil. Üstəlik, Azərbaycanın işğal faktına son qoymasının onu necə yandırdığı çıxışında hiss olunur.
Zatulin hakim “Vahid Rusiya” partiyasının deputatıdır. Yəni Kreml lideri Putinin rəhbəri olduğu partiyadan Dumaya deputat seçilib. Deməli, onu hər nə qədər ermənipərəst, Rusiyadakı anti-Azərbaycan dairələrinə bağlı adlandırsalar da, mahiyyət ondan ibarətdir ki, Zatulin başıpozuq bəyanatları Kremlin sifarişi ilə səsləndirir, yaxud icazə almadan belə danışa bilməz.
Bəs Rusiya rəhbərliyi niyə onun ağzını yummur? Bu çıxışlar Moskva bəyannaməsinin ruhuna zidd deyilmi? Hakim partiya Zatulinə nə üçün töhmət vermir ki, Azərbaycanla münasibətləri korlayan mövqedən çıxış edir?
Onu da deyək ki, növbəti dəfə Azərbaycana qarşı nifrətini gizlədə bilməyən Zatulin hələ 2010-cu ildən Azərbaycana gedə bilmədiyini və bunun Azərbaycan tərəfindən ona qoyulan qadağa ilə bağlı olduğunu deyib. O həmçinin, bir neçə gün əvvəl Rusiyaya buraxılmayan Azərbaycan parlamentinin üzvü Azər Badamova qarşı bu addımın guya onun Rusiya xalqını və Duma üzvünü təhqir etdiyi üçün atıldığını iddia edib. Hansı ki, Badamov yalnız deputat Valuyevin xalqımızı təhqir etməsinə cavab verib...
Zatulin Prezident İlham Əliyevin Moskvaya nədən getmədiyi barədə tam məlumata malik olmadığını desə də, bunu, sadəcə, Azərbaycanın “Rusiyanın Cənubi Qafqazda ən yaxşı dostu olmaması” ilə izah edib: “Sadəcə, arzu olunanı reallıq kimi göstərmək lazım deyil. Azərbaycan Cənubi Qafqazda Rusiyanın müttəfiqi deyil. Azərbaycan Türkiyənin müttəfiqidir, özü də təkcə Cənubi Qafqazda yox... Azərbaycanın Qafqazda Rusiyanın ən yaxşı dostu olduğunu bizə deməyə ehtiyac yoxdur. Azərbaycan Türkiyənin Qafqazdakı ən yaxşı dostudur. Bax bu, daha dəqiq olar. Qalan şeylərisə Rusiya-Azərbaycan münasibətlərində ola da bilər, olmaya da bilər”.
Qabil Hüseynli
Professor Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında təklif etdi ki, Rusiyanın hakim partiyasına etiraz məktubu göndərmək lazımdır. Onun sözlərinə görə, azərbaycanlı deputatı deportasiya edən dövlətin iqtidarda olan partiyasının deputatları isə Azərbaycana böhtan atmaqdan əl çəkmirlər. Q. Hüseynli qeyd etdi ki, Zatulinin çıxışlarının özfəaliyyət olduğuna inanmır: “Rusiya bir əldən idarə olunur. Demokratik ölkə olsaydı, bunu bir deputatın çərənləməsi kimi qəbul etmək olardı. Amma biz sadəlövh deyilik və rusiyalı siyasətçilərin Kremlin tapşırıqları ilə danışdığını yaxşı bilirik. Ona görə də Zatulini danışdıranlar var. Əgər belə olmasaydı, ona bir dəfə hakim partiya, yaxud Duma sədri Volodin irad tutardı ki, Azərbaycanla müttəfiqlik əlaqələrinə zərbə vurursan. Amma onun ağzından vuran olmayıbsa, deməli, təlimatlandırılır”.
Professor əlavə etdi ki, Zatulin zatıqırıq adamdır və həmişə olduğu kimi yenə ağzına gələni danışıb: “Əvvəla, Azərbaycanda rusofobiya yoxdur, Rusiyanın imperalist, qaba, təcavüzkar siyasətinə nifrət var. İkincisi, bu ölkədə 300-dən çox məktəbdə rus bölmələrində dərs keçirilir. Rus millətindən olan vətəndaşlarımız azad həyat yaşayır. Ona görə Zatulin boşboğazlıq etməməlidir. O ki qaldı Qarabağ məsələsinə, Paşinyanın tutduğu mövqe Moskvanı yandırıb-töküb. Bu səbəbdən belə qəzəblidirlər. Zatulinin yiyələri istəmirdi ki, bu problem tam həll olsun. Putin özü də çıxışlarında açıq deyib”.
Asif Şəkərli
Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurasının üzvü Asif Şəkərlinin fikrincə, Rusiya hakimiyyəti Zatulinin Azərbaycana qarşı müntəzəm olaraq çıxış etməsində maraqlıdır. Onun sözlərinə görə, Moskva bununla həm ermənilərin könlünü alır, həm də Bakıya qarşı təzyiq kimi istifadə etdiyini düşünür: “Ancaq Zatulin kimi yaramaz siyasətçilərin nə deməsindən narahat olmağa dəyməz. Bu, Rusiyanın ənənəvi siyasətidir. Azərbaycan belə deputatların sözlərinə baxaraq siyasət yürütmür. Bizim çoxşaxəli əməkdaşlığa dayanan xarici siyasət kursumuz var, regional proseslərdə bir oyunçu olaraq iştiraka başlamışıq.
Yəni Azərbaycan bu gün geosiyasi hadisələrdə barışdırıcı mövqedən çıxış edən dövlətdir, sayılan-seçilən, hörməti olan ölkədir. Təsadüfi deyil ki, İsrail və Türkiyə arasında barış üçün vasitəçilik edirik. Yəni biz daha qlobal məsələlərdə iştirak edirik, Zatulin haranın deputatıdır ki, onun sözlərindən narahat olaq?"
A.Şəkərli hesab edir ki, Zatulin kimilərin atdığı böhtanlara baxmayaraq, Azərbaycan Rusiya ilə münasibətlərdə səmimi siyasət aparır: “Qoy, Rusiya bizimlə əməkdaşlıqda həqiqi səmimiyyət nümayiş etdirsin. Fakt budur ki, Azərbaycan Rusiyadan qeyri-dost hərəkətlər görməkdədir. Bura həm Zatulin, Valuyev kimi deputatların açıqlamaları, həm kiberhücum, həm də təyyarəmizin vurulması ilə bağlı məsələ daxildir. Əgər Rusiya müttəfiqlikdən danışırsa, bu addımların heç biri onun ruhuna uyğun deyil. Təbii ki, Rusiyadan müttəfiq olmaz. Sadəcə, Azərbaycan şimal qonşusu ilə əlaqələrində kifayət qədər praqmatikdir və bu səbəbdən məlum bəyannamə imzalanıb”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
15 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ