İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının bir gündə iki fövqəladə ali qonağı - görüşlərin pərdəarxası

Türkiyənin milli və hərbi təhlükəsizliyinə cavabdeh mötəbər şəxslərin eyni gündə ölkəmizə gəlişi təsadüfdürmü? - təhlil

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev mayın 13-də  Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmişi qəbul edib. “Yeni Müsavat” xatırladır ki, söhbət zamanı ölkələrimiz arasında bütün sahələrdə qardaşlıq və müttəfiqlik əlaqələrinin dərinləşməsindən məmnunluq ifadə olunub. Görüşdə ölkələrimizin bütün istiqamətlər üzrə, o cümlədən təhlükəsizliklə bağlı məsələlərdə uğurlu qarşılıqlı fəaliyyəti qeyd edilib.

Eyni gündə Prezident qardaş ölkənin müdafiə naziri Yaşar Güləri də qəbul edib. Dövlət başçısı PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə bağlı təbriklərini çatdıraraq, bununla əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik etdiyini vurğulayıb. PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandıran və bizi də sevindirdiyini deyən Azərbaycan lideri bu məsələdə Türkiyə Prezidentinin siyasi iradəsinin ən başlıca rol oynadığını qeyd edib. Prezident deyib ki, bu, yalnız Türkiyə üçün deyil, ümumilikdə, bölgədəki xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması üçün önəmli məsələdir.

Türkiyənin müdafiə naziri qardaş Azərbaycanın Silahlı Qüvvələri ilə əlaqələri genişləndirmək üçün gələcəkdə də əllərindən gələni edəcəklərini deyib. Söhbət zamanı Azərbaycan və Türkiyə silahlı qüvvələri arasında qurulmuş səmərəli əməkdaşlığa toxunuldu, bu xüsusda birgə hərbi təlimlərin uğurla keçirildiyi vurğulanıb. İki qardaş ölkə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirilib, əlaqələrimizin daha da güclənməsində iki ölkənin dövlət başçıları arasında sıx münasibətlərin rolu vurğulanıb. Görüşdə habelə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov da ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmişlə görüşüb.

Bildirilib ki, türkiyəli qonağı salamlayan müdafiə naziri onu ölkəmizdə görməkdən məmnunluq ifadə edib. Dövlət başçılarının qardaşlıq və dostluq münasibətlərinin Azərbaycan və Türkiyə arasında əməkdaşlığa böyük töhfə verdiyini, məhz bunun sayəsində hərbi əlaqələrimizin bu gün yüksək inkişaf mərhələsində olduğunu bildirib.

Z.Həsənov hər iki qardaş ölkənin hərbi qulluqçularının cəlb edilməsi ilə keçirilən birgə təlimlərin sayının cari ildə ötən ilə nisbətən artmasını xüsusi vurğulayıb. Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən O.Məmiş müdafiə nazirinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırıb. Azərbaycan və Türkiyə arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin regionda sülhün və təhlükəsizliyin təmin olunmasına müsbət təsiri xüsusi vurğulanıb, habelə maraq doğuran digər məsələlər müzakirə olunub.

Türkiyənin milli və hərbi təhlükəsizliyinə cavabdeh iki ali şəxsin eyni gündə Bakıda olması təsadüfdürmü? Pərdə arxasında bilmədiyimiz nələr ola bilər?

Xəyal Bəşirova İMZA-da vəzifə verildi

Xəyal Bəşirov

Siyasi şərhçi Xəyal Bəşirovun “Yeni Müsavat”a bildirdiyinə görə, bu səfərlər təsadüfi deyil və daha çox regional hadisələrdən irəli gələn zərurətdir. Ekspertin fikrincə, bölgədə və Yaxın Şərqdə mürəkkəb proseslər gedir. X.Bəşirov hesab edir ki, bu strateji məsələlərdə Azərbaycan Türkiyə ilə birgə addımlayır: “Xüsusən də Bakı Ankaranın dəstəyi ilə Suriyadakı proseslərdə iştirak edir. Ona görə də belə təmaslar əhəmiyyətlidir. Çünki Yaxın Şərqdə baş verənlər ətrafında məsləhətləşmələr olur. Amma hər iki mötəbər şəxsin görüşləri haqda rəsmi informasiyalar var, nələrin müzakirə edildiyi barədə geniş məlumat verilmir. Ona görə konkret fikir bildirmək çətindir. Yalnız onu deyə bilərəm ki, həm Yaxın Şərq müzakirə mövzusudur, həm də ikitərəfli əlaqələrin inkişafı. Yəni Azərbaycanın yerləşdiyi coğrafiyada yeni bir dövr başlanır və Cənubi Qafqazda, eləcə də Yaxın Şərqdə olanlar Türkiyənin diqqət mərkəzindədir, onu narahat edir. Bu səbəbdən təmaslara, müzakirələrə ehtiyac var”.

X.Bəşirov əlaqələrin güclənməsini labüd hesab edir: “Bizi istəməyən qüvvələr var. Onlar da Bakıya gələn qonaqların görüşlərini izləyirlər ki, Türkiyənin addımlarını analiz etsinlər. Bu mənada Azərbaycanla Türkiyənin müttəfiqliyi nə qədər möhkəm olsa yaxşıdır. Odur ki, səfərlər də intensivləşməlidir, görüşlər də sıx olmalıdır, əlaqələr də güclənməlidir. Bundan narahat olan qüvvələr hər zaman regionu qarışdırmaq istəyir”.

Siyasi təhlilçinin sözlərinə görə, Trampın ilk prezidentliyi dövründə olduğu kimi, bu dəfə də rəsmi səfərini birinci Yaxın Şərqdən başlaması regionda vəziyyətin həssaslığından xəbər verir: “ABŞ lideri Səudiyyə Ərəbistanına, Birləşmiş Ərəb Əmirliyinə və Qətərə gedir. Onun ərəb ölkələrinə səfəri göstərir ki, Yaxın Şərq mövzusu Ukraynadan da prioritetdir. Halbuki ABŞ-ın bir nömrəli müttəfiqinin İsrail olduğunu düşünürdülər. Amma Yaxın Şərq mövzusunda ABŞ və İsrail arasında fikir ayrılıqları mövcuddur. Həmçinin ABŞ müttəfiqi Türkiyə ilə də Yaxın Şərqi müzakirə edir”.

Analitikin fikrincə, Ağ Ev rəhbərinin Türkiyəyə səfəri də istisna edilmir, amma getməsə belə, Vaşinqton-Ankara münasibətlərində mənfiyə doğru kəskin dönüş yaratmayacaq: “Çünki Tramp Ərdoğanın Suriya siyasətini dəstəkləyir. Məlumdur ki, Suriyada olan hazırkı keçid hökumətini Türkiyə müdafiə edir. Eyni zamanda Tramp Əhməd əş-Şaara ilə görüşüb. Bütün bu addımları İsrail müşahidə edir və Türkiyə ilə Suriya uğrunda olan gərginlik fonunda Netanyahu Trampın addımlarından nəticə çıxarır. Yəni İsrail Türkiyəyə qarşı gedir, amma Tramp Ərdoğanın dəstəklədiyi indiki Suriya hökumətinin başçısı ilə görüşür.

Belə bir vaxtda Bakıda həm Türkiyə-İsrail nümayəndələrinin görüşü təşkil edilir, həm də qardaş ölkədən iki mühüm şəxs ölkəmizə təşrif buyurur. Bu da əvvəldə dediyim kimi, daha çox regional proseslərdən qaynaqlanır. Düşünürəm ki, irəlidə daha maraqlı hadisələrin şahidi olacağıq və belə bir dönəmdə Azərbaycanla Türkiyənin qardaşlıq bağlarının getdikcə möhkəmlənməsi hava-su qədər vacibdir".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

BÜTÜN XƏBƏRLƏR