Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda iqtisadi artım sürətindəki azalma davam edir. Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2025-ci ilin yanvar-aprel aylarında ölkədə 39 milyard 305,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz çox ümumi daxili məhsul istehsal olunub. Bu zaman iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,5 faiz azalıb (ötən ilin eyni dövründə 0,1 faiz azalma olmuşdu), qeyri neft-qaz sektorunda isə 3,3 faiz artıb (7,7 faiz artım olmuşdu).
Dörd ayda iqtisadiyyatın aparıcı sahəsi olan sənaye sektorunda məhsul istehsalında azalma qeydə alınıb. Bu dövrdə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 21,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz az sənaye məhsulu istehsal edilib. Bu zaman neft-qaz sektorunda məhsul istehsalı 3,4 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 5,3 faiz artıb.
İqtisadi artım sürətinin zəifləməsində neft-qaz sektoru aparıcı rola malikdir. Bu sektorda neft qiymətlərinin kəskin azalması ilə yanaşı, hasilatın da düşməsi prosesi gedir. Eyni zamanda qeyri-neft sektorunda artım sürəti də iki dəfəyə yaxın azalıb.
2025-ci ilin yanvar-aprel aylarında ölkədə neft hasilatı 9,1 milyon ton neft (kondensatla birlikdə) təşkil edib. Energetika Nazirliyinin məlumatına əsasən, hasilatın 5,3 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,3 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,2 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 2,3 milyon ton təşkil edib.
Bu dövr ərzində 7,8 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 6,6 milyon tonu konsorsiumların, 1 milyon tonu SOCAR-ın, 0,2 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.
Xatırladaq ki, 2024-cü ilin yanvar - aprel aylarında ölkədə 9,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilmişdi. Neft hasilatının 5,5 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,4 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,2 mln tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 2,5 milyon ton təşkil edib.
Ötən ilin 4 ayında xaricə 7,9 milyon ton neft (kondensatla birlikdə) satılıb. Beləliklə, aydın olur ki, bu ilin dörd ayında Azərbaycanda neft hasilatı 500 min ton, ixrac isə 100 min ton azalıb.
Dörd ayda mədən hasilatının ikinci böyük paya malik məhsulu olan qaz hasilatı 16,7 milyard kubmetr təbii təşkil edib. Bunun 4,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 9 milyard kubmetri “Şahdəniz”in, 0,5 milyard kubmetri “Abşeron” yatağının, 2,7 milyard kubmetrə yaxını isə SOCAR-ın payına düşüb.
Hesabat dövründə xaricə qaz satışı 8 milyard kubmetr olub. Bundan 4 milyard kubmetr Avropaya, 3,1 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 1,9 milyard kubmetr), 0,9 milyard kubmetr Gürcüstana satılıb.
2024-cü ilin eyni dövründə ölkədə 16,7 milyard kubmetr təbii qaz hasil edildiyini nəzərə alsaq, hasilat həcminin dəyişmədiyini görərik. Ötən il qazın 4,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 9,2 milyard kubmetri “Şahdəniz”, 0,5 milyard kubmetri “Abşeron”, 2,6 milyard kubmetri SOCAR üzrə hasil olunmüşdü. Bu isə o deməkdir ki, “AÇG”dən hasilat 100 milyon kubmetr, SOCAR üzrə 100 milyon kubmetrə yaxın artıb, “Şahdəniz”də isə 200 milyon kubmetr azalıb.
Ötən ilin statistikası ilə müqayisə etdikdə, bu ilin yanvar-aprelində Azərbaycanın qaz ixracının 500 milyon kubmetr azaldığını görmək olar: ötən ilin eyni dövründə ixrac 8,5 milyard kubmetr təşkil etmişdi. Qeyd edək ki, qaz ixracında azalmanın əsas səbəbi yanvar ayında “Şahdəniz”dən sahilə gedən sualtı boru xəttində yaranan problemlə bağlı hasilatın məhdudlaşdırılmasıdır.
İqtisadi artım sürətinin zəifləməsində iqtisadiyyata yatırılan investisiyaların azalması da mühüm rol oynayır. Rəsmi statistikaya əsasən 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala 5 milyard 69,3 milyon manat məbləğində investisiya yatırılıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz azalma deməkdir. Ötən ilin 4 ayında investisiya yatırımlarlarında 11,8 faiz artım qeydə alınımışdı. Bu il neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 22,7 faiz azalıb, halbuki ötən ilin eyni dövründə 6,2 faizlik artım olmuşdu. Dörd ayda qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 5,3 faiz artıb - ötən ilin eyni dövründə 15,2 faiz artım olmuşdu.
Dörd ayda əldə olunan nəticələr bir sıra beynəlxalq qurumların Azərbaycanla bağlı proqnozlarına dəyişiklik etməsinə səbəb olur. Belə qurumlardan biri olan Niderlandın ən böyük maliyyə qrupu olan “ING Group” Azərbaycanın 2025-ci il üzrə iqtisati artım proqnozunu 0,5 faiz bəndi azaldıb. Qrup 2025-ci il üzrə artım proqnozunu 3 faizdən 2,5 faizə endirib. Qeyd edilib ki, proqnozun azaldılması əsasən ilin birinci rübündəki zəif iqtisadi göstəriciləri əks etdirir.
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın iqtisadi artımını 2025-ci ildə 3 faiz, 2026-cı ildə isə 2,5 faiz səviyyəsində proqnozlaşdırır. AYİB-in “Regional İqtisadi Perspektivlər” adlı hesabatının may sayında qeyd olunur ki, bu il əsas artım amilləri qeyri-neft sektorunun inkişafı və davamlı dövlət investisiyaları olacaq.
Bununla belə, bank iqtisadiyyatın neft və qaz qiymətlərindəki dalğalanmalara, xarici tələbin azalmasına, ticarət siyasətindəki qeyri-müəyyənliyə və regional normallaşma proseslərində mümkün pozulmalara qarşı yüksək həssaslığı da vurğulayır. Hesabata görə, 2024-cü ildə qeyri-neft sektorlarının fəal inkişafı və irimiqyaslı dövlət investisiyaları sayəsində Azərbaycanın iqtisadi artımı sürətlənib. Real ÜDM 2023-cü ildəki 1,4 faizlə müqayisədə 4,1 faiz artıb. İqtisadiyyatın qeyri-neft hissəsində artım bir il əvvəlki 3,7 faizə qarşı 6,2 faiz təşkil edib ki, bu da tikinti, İKT, nəqliyyat və turizm sahələrində canlanma ilə bağlı olub.
AYİB-in məlumatına görə, iqtisadi fəallıq əhalinin real gəlirlərinin artımı və infrastruktura irimiqyaslı investisiyalar hesabına dəstəklənib. 2024-cü ilin mart ayından etibarən Avropaya tədarük üçün qaz hasilatının artması fonunda neft-qaz sektoru da artımı bərpa edib: “Lakin 2025-ci ilin birinci rübündə real ÜDM-in artım tempi illik ifadədə 0,3 faizə qədər azalıb (bir il əvvəl 4 faiz idi). Bu da qeyri-neft sektorunun davamlı artımına baxmayaraq, neft və qaz hasilatının azalması ilə əlaqədardır. Bu dövrdə inflyasiya Azərbaycan Mərkəzi Bankının (AMB) hədəf dəhlizi daxilində (4% ±2%) qalıb. 2024-cü ilin aprelində illik inflyasiya son 9 ilin ən aşağı səviyyəsinə - 0 %-ə düşüb. 2025-ci ilin mart ayında o, əsasən ərzaq məhsullarının və xidmətlərin bahalaşması səbəbindən 5,9 faizə qədər sürətlənib”.
Hələlik digər analitik mərkəzlərin Azərbaycanda gözlənilən iqtisadi artıma dair proqnozları dəyişməyib. Beynəlxalq Valyuta Fondu iqtisadi artımın 2025 və 2026-cı illərdə müvafiq olaraq 3,5 faiz və 2,5 faiz olacağını proqnozlaşdırır. Dünya Bankı isə iqtisadi artımın 2025-ci ildə 2,6 faiz və 2026-cı ildə isə 2,4 faiz olacağını gözləyir.
“S&P Global” reytinq agentliyi illik 2 faiz, “Fitch Ratings” 2025-ci ildə 3 faiz, 2026-cı ildə 2,4 faiz, “Moody’s” isə illik 2,5 faiz artım gözləyir.
Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozuna əsasən, 2025-ci ildə ölkədə ÜDM-in artımı 3,7 faiz, 2026-cı ildə isə 3,2 faiz səviyyəsində gözlənilir.
Azərbaycan Mərkəzi Bankı isə bu il üzrə ölkədə 3,3 faiz iqtisadi artım proqnozlaşdırıb. Tənzimləyici 2026-cı ildə 2,4 faiz iqtisadi artım proqnozlaşdırıb. Qeyri neft-qaz sektoru üzrə bu göstərici müvafiq olaraq 4,7 faiz və 4,6 faizdir.
Onu da qeyd edək ki, Azərbaycan kimi neft-qaz sektorunun iqtisadiyyatda aparıcı rola malik olduğu Rusiya, Qazaxıstan hökumətləri proqnozlarına, həmçinin büdcələrinə dəyişiklik etməyə başlayıblar. Azərbaycanda belə dəyişiklik adətən may ayında başlanır. Maliyyə Nazirliyinin açıqladığı birinci rüb büdcə göstəricilərindən aydın olur ki, dövlət büdcəsinə neft-qaz sektorundan vergi daxilolmalarında ciddi azalma var. Belə ki, rüb ərzində bu mənbədən büdcəyə 1 milyard 155,7 milyon manat vergi gəliri daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 211,6 milyon manat azdır.
Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 49,6 faizi və ya 572,9 milyon manatı (95 milyon manat azalma) Şahdəniz yatağı üzrə mənfəət vergisi, 40,7 faizi və ya 471,1 milyon manatı (6.3 milyon manat artım) Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 9,7 faizi və ya 111,7 milyon manatı (122.6 milyon manat azalma) ABƏŞ-in mənfəət vergisi hesabına təmin edilib.
Neftin dünya bazar qiymətlərinin hazırkı 60-65 dollar ətrafında uzun müddət qalacağı gözlənilir. Azərbaycan neftinin qiyməti artıq 1 aydan çoxdur ki, dövlət büdcəsinin hesablandığı 70 dollardan aşağıdır. Bu isə büdcəyə yenidən baxılması ehtimalını artırır.
Dünya SAKİT,
“Yeni Müsavat”
15 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ