İnsanlara hürriyət, millətlərə istiqlal!

Narışkinin “Bakı Vaşinqtonu eşitmir” açıqlamasına reaksiyalar

Rusiya Xarici Kəşfiyyat Xidməti Malta zirvəsinə eyham vuraraq, Blinkenin vasitəçiliyi ilə görüşdən imtinanı belə dəyərləndirib və Aİ ilə ABŞ-ın postsovet məkanında uğursuzluğa düçar olduğunu açıqlayıb - deputatdan izah

“ABŞ bütün cəbhələrdə təşəbbüsü itirir”. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, bunu dekabrın 10-da Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin “Razvedçik” jurnalına müsahibəsində bildirib. 

Onun sözlərinə görə, Vaşinqton postsovet məkanında da uğursuzluğa düçar olmağa başlayıb. O, Ermənistan və Azərbaycanın bütün məsələləri müstəqil həll etməyə üstünlük verərək, ABŞ və Avropa İttifaqının sülh yolu ilə nizamlanmaya dair tövsiyələrinə həqiqətən qulaq asmadıqlarını söyləyib. Narışkinin bu açıqlaması təsadüfi deyil: rəsmi Bakı Maltada ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin görüşünün təşkilindən imtina edib. Ermənistan XİN bəyan edib ki, Azərbaycan bu formatda görüşə razı olmayıb. Ötən həftə yayılan məlumatlarda qeyd olunurdu ki, Azərbaycanın görüşdən imtina etməsi Bayden administrasiyasının ermənipərəst mövqeyindən qaynaqlanır. Ona görə də Blinkenin təşəbbüsü ilə baş diplomatlar - Ceyhun Bayramovla Ararat Mirzoyanın görüşü olmayıb. Bundan əlavə, Bakı ikitərəfli danışıqları üstün tutur. Necə ki, bu ilin oktyabrında Kazanda keçirilən BRİKS sammiti çərçivəsində baş tutan liderlərin görüşündə üçüncü şəxs iştirak etmirdi. Yəni Kreml lideri Prezident İlham Əliyevlə erməni baş nazir Nikol Paşinyan görüşündə iştirak etməmişdi. İndi isə Narışkinin açıqlamasında Malta səfərinə eyham vurularaq mesaj verilir ki, Vaşinqtonun vasitəçiliyindən imtina edilib və ABŞ regionda təşəbbüsü əldən verməkdədir. O, Qərbin Gürcüstanda və Moldovada da hədəflərinə çata bilmədiyini vurğulayıb və postsovet məkanında uğursuzluğa düçar olduğunu iddia edib.

“Ermənistanla Azərbaycan arasında sülh prosesi hazırda pozitiv mərhələdədir”. Bunu isə dekabrın 4-də Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. “Sülh müqaviləsi ətrafındakı proseslər yerində dayanmır. Sadəcə, fasilə Azərbaycanda COP29-un keçirilməsi ilə bağlı idi. Biz bu məsələyə pozitiv yanaşırıq. Müzakirələrdə müsbət dinamika müşahidə olunur”, - Simonyan bildirib. Bu açıqlamaya baxmayaraq, Ermənistan hələ də Qərbin çətiri altında sülh danışıqlarına can atır. İrəvan Malta görüşünə razılıq verməklə də vasitəçilik missiyasına meylli olduğunu nümayiş etdirmişdi. Çünki Paşinyan administrasiyası Qərbin sülh danışıqlarında iştirakını vasitəçilikdən daha çox himayəçilik kimi görməkdədir. Rusiya isə Ermənistanı ittiham edir ki, regiona kənar gücləri cəlb etməkdədir və Qərb Moskvanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa çalışır. Sonuncu belə açıqlamalar Rusiya XİN rəsmisi Mariya Zaxarovadan gəlib. İndi də Narışkin Malta görüşünə işarə etməklə ABŞ-a məhəl qoyulmadığını bildirir. Üstəgəl, buna qədər də Azərbaycan Avropa İttifaqının və ABŞ-ın qərəzli bəyanatları səbəbindən Qərb platformasında sülh danışıqlarından imtina edib. Bəs indi necə, sülh danışıqlarında təşəbbüsü Rusiya ələ alacaq, yoxsa Narışkinin dediyi kimi, Bakı və İrəvan müstəqil şəkildə nizamlama prosesini davam etdirəcəklər? Təxminən ilyarım əvvəl təşəbbüsü ələ alan Brüssel və Vaşinqton danışıqlar masasındakı mövqelərini tamamilə itirmiş oldularmı?

Azərbaycan Milli İstiqlal Partiyasının Sədri - Azərbaycan Milli İstiqlal  Partiyası

Arzuxan Əlizadə

Deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a qeyd etdi ki, Narışkinin çıxışında Azərbaycanla bağlı hissədə həqiqət payı var. Onun sözlərinə görə, Ermənistan isə Qərb masasından imtina etmir və daha çox bu platformaya can atır. Deputat vurğuladı ki, Azərbaycan haqlı olaraq vasitəçisiz danışıqlar modelini seçib: “Çünki təcrübə göstərir ki, ikitərəfli danışıqlarda nəticə əldə etmək olur. İndiyə qədər olan razılaşmalar məhz vasitəçisiz baş tutub. Bura Qazağın işğal altındakı kəndlərinin qaytarılması, sərhədin həmin istiqamətində delimitasiyanın və demarkasiyanın reallaşması, o cümlədən delimitasiya üzrə əsasnamənin reqlamentinin ratifikasiya edilməsi daxildir. Daha əvvəl isə ikitərəfli anlaşma əsasında hərbçilərin qarşılıqlı mübadiləsi olmuşdu. İndi də bəlli olur ki, sülh mətni üzrə bir çox bəndlər razılaşdırılıb və irəliləyiş əldə olunub. Bunların heç birində vasitəçi iştirak etməyib”.

A.Əlizadə bildirdi ki, vasitəçilərin öz maraqları var və bu da sülh prosesinə istər-istəməz əngəl olur: “Ona görə də Narışkinın fikirlərində həqiqət payı var. Amma həm də Rusiyanın vasitəçiliyinə üstünlük verilməsinə sanki işarə vurub. Azərbaycan sülhə töhfə vermək istəyən tərəflərin dəstəyindən heç vaxt imtina etmir, amma təcrübə sübut edir ki, vasitəçisiz danışıqlar daha uğurlu modeldir. Sadəcə, bir məsələ də var ki, hazırda vasitəçi, yaxud vasitəçisiz danışıqlarda yekun nəticə əldə edilməsi mümkün görünmür. Çünki Azərbaycanın Ermənistan Konstitusiyasında dəyişikliklə bağlı tələbləri var və qarşı tərəf referenduma gedərək ərazi iddiaları ilə bağlı müddəanı oradan çıxarmalıdır. Bunun alternativi yoxdur və olmadıqca sülh razılaşması reallaşa bilməz. Doğrudur, hazırda Bakı və İrəvan arasında kommunikasiya var, sülh mətnini razılaşdırmaq istiqamətində danışıqlar gedir, sadəcə, ərazi iddiaları qanunverici aktlardan çıxarılmalıdır. Bizə alayarımçıq bir sülh sənədi lazım deyil və gələcək nəsillərə belə bir problem saxlamaq istəmirik. Odur ki, Ermənistan yola gəlməli, inkişafını düşünməli, tələbləri yerinə yetirməlidir”.

Qeyd edək ki, Paşinyan Ermənistan Konstitusiyasına dəyişiklikləri, xüsusilə də Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən Müstəqillik Bəyannaməsinə istinadın əsas qanundan çıxarılmasını prinsipcə istisna etmir. Lakin baş nazir hələ ki yalnız yayındırıcı manevrlərlə məşğuldur. Bəyannamənin bəzi müddəalarının hüquqi qüvvəyə malik olmamasına dair Ermənistan Konstitusiya Məhkəməsinin qərarı buna misaldır. Halbuki Bakı İrəvandan bu mövzuda real addımlar gözləyir. Ən azından, indiyədək Paşinyan hökuməti parlament çoxluğundan istifadə edib Ermənistan Ali Sovetinin 1992-ci il qərarlarını ləğv edə bilərdi. Amma İrəvan nəinki öz qanunvericiliyini Azərbaycana qarşı ərazi iddialarından təmizləmir, hətta qarşı tərəfin konstitusiyasında da “gizli ərazi iddiaları” axtarır.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR